Şamil Hacıbəyli: “Guya, mən evimdəki yığıncaqda dövlətçilik əleyhinə fikirlər səsləndirmişəm”
AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli polis idarəsində dindirilib.
Bu barədə məlumat verən Şamil Hacıbəyli əvvəlcə polis dəvət olunmasının səbəbini danışıb. O bildirib ki, fevral ayından bəri partiyanın rayon şöbəsinin geniş müşavirəsini keçirmək istəyiblər. Bu məqsədlə yer ayrılması üçün yerli icra hakimiyyətinə yazılı müraciət etsələr də, müsbət cavab almayıblar. Bu səbəbdən də yığıncağı aprelin 7-də Saatlı rayonunun Azadkənd kəndində onun evimdə keçirməyə məcbur olublar.
Bundan xəbər tutandan sonra zəng edərək Şamil Hacıbəylini polis şöbəsinə çağırıblar. Polisə çağırılmanın yığıncaqla bağlı olduğunu gizlətməyiblər. Aprelin 11-də isə ona rəsmi qaydada çağırış vərəqi göndəriblər. Qeyd olunub ki, guya, ondan polisə şikayət var və cavabdeh qismində izahat verməlidir.
Şamil Hacıbəyli dünən Saatlı Rayon Polis Şöbəsində izah verdikdən sonra sərbəst buraxılıb. Polis şöbəsində ona məlum olub ki, Nuhəli Kərimovun İcra Hakimiyyətinə, rayon prokurorluğuna və polis şöbəsinə yazılı şikayəti var. Guya, aprelin 7-də keçirilən müşavirədə Şamil Hacıbəyli dövlətçilik əleyhinə çıxış edərək, hakimiyyəti zorla dəyişdirməyə çağırış edib: “Nuhəli ərizəsində yazıb ki, guya o başqa kənd sakinləri ilə birgə tədbir iştirakçılarını kənddən qovub”.
Şamil Hacıbəyli deyir ki, barəsində belə şikayətin olacağı gözlənilən idi: “Amma çox primitiv üsullardan istifadə edirlər. Mənim öz evimdə yığıncaq keçirməyim başqa şəxslərin hüquqlarını pozmayıb. İkincisi, mən dövlət, dövlətçilik əleyhinə deyil, hakimiyyət əleyhinə danışmışam. Üçüncüsü, bizi kənddən heç kəs qovmayıb. Hətta bu, olsaydı belə, tədbir iştirakçıları deyil, onlara qarşı zor tətbiq etmiş insanlar məsuliyyət daşımalıdır”.
Saatlı Rayon Polis Şöbəsinin ibtidai təhqiqat bölməsinin rəisi Əlizadə Əliyev “Azadlıq” radiosuna açıqlamasında məsələ ilə bağlı geniş şərh verə bilməyəcəyini deyib: “Bizdə hələlik bir şəxsdən edilmiş şikayət əsasında araşdırma aparılır, toplanılan materiallar əsasında müvafiq qərar qəbul ediləcək”.


