Tikdikləri indidən başımıza uçur

20 Yanvar dairəsindəki körpünün necə çökdüyünü və dağıldığını əks etdirən şəkli dünən sosial şəbəkədə paylaşmışdılar. Acınacaqlı mənzərəydi: körpünün bir hissəsi çökür, üstünə vurulan daş örtüklər partlayır və hələ ki, heç bir tədbir görülmür…
Tikdiklərinin böyük əksəriyyəti bu gündədir: Babək prospektində şəhəri iki yerə bölən yekə, yekə olduğu qədər də eybəcər körpü bir neçə yerdən çökdü; “Qış bulvarı”nın salındığı məkanda tarixi abidəni guya, qorumaq məqsədilə 15 metr “sürüşdürmə” prosesinə başlamamış, artıq binanın partladığı ortaya çıxdı, – həmin ətrafda necə dağıntılar olduğunu Şeyx Əbdül Mahmudbəyovun evinin timsalında görə bilərsiniz; 30 il ömür qoyduqları və “dəhşətli dərəcədə” davamlı beton yol aradan 3 il keçməmiş sınıb-töküldü və təmirə dayandı; yol keçidlərində “xalqın rifahı üçün” quraşdırdıqları və Avropa istehsalı adına geydirdikləri Çin eskolatorlarının üstündə hər gün usta işləyir; səhər obaşdan “əsaslı” təmir etdikləri yollar günün sonunda batır; səkilərə düzdükləri mərmərlər elə düzülə-düzülə bölünür, suvaqla yamayıb yola verirlər; yeni yeraltı keçidlər, metro stansiyalarının minnət-sünnətlə xalqa təqdim edilməsi mərasimi yekunlaşmamış, ilk yağışdaca damdığı, sızdığı bəlli olur…
Sanki tikib-qurduqlarına öz hakimiyyət ömürləri qədər vaxt qoyurlar; sanki getdikləri andaca tikdiklərinin başımıza uçması və “dağıntılar altında” qalmağımızı hədəfləyiblər… Üç ay gözləyirlər, yenə səlahiyyət sahibi olaraq qaldıqlarını, xalqın hələ də daxili gərginliyinin püskürməsi ilə tarixin arxivinə gömülmədiklərini görüb, özləri heyrətlənir və bu heyrət içində daha üç aylıq “cari təmir” işləri görürlər.
Bir-birinin bəhsinə, başı göylərə dirənən yeni binalar inşa olunur, amma dövlət komissiyası qəbul eləmir; harda və necə gəldi, torpaq satır və yeni yaşayış evləri tikilir – sənədləşdirilmir… Düşünülmüş surətdə öz xələflərinə bacardıqca daha böyük problemlər qoyub getmək istəmirlərsə, bəs, “Azərbaycanı yüz faiz qazlaşdırmaq” sosial siyasətini yürüdən bir hakimiyyət niyə Bakının göbəyindəki minlərlə yeni binanın qazlaşdırılmasının qeydinə qalmır? O binaların böyük əksəriyyəti artıq illərdir ki, istifadəyə verilib, insanlar yaşayır… Bəs, dövlət komissiyası yeni binaları niyə qəbul etmir? Keyfiyyətsizmi tikilib? Yüngül yeraltı təkanlara dözməyəcəklərmi?
“Ya xan ölər, ya eşşək” məntiqi ilə illərdir yaşamaqda davam edirik: hər hansı çökmə, dağılma olarsa, dövlət komissiyası məsuliyyəti öz üstündən atacaq ki, texniki şərtlərə cavab vermədiyinə görə qəbul etməmişik – “Mütəfəkkir” MTK-nın başımıza uçan binası kimi; ya növbəti hakimiyyətin vaxtında faciə baş verərsə… – bəh-bəh, lap yaxşı, siyasi məqsədlər üçün istifadə olunacaq!
Belə plansız tikinti olarmı ki, bir tərəfdən ölkə başçısı 450 min sənədsiz evin qeydiyyat məsələsinin həllinə göstəriş verə, digər tərəfdən yenə də qanunsuz torpaq satışı davam edə? Belə biabırçılıq olarmı ki, prezident göstərişindən sonra da evlərin sənədləşməsi aparılmaya, əksinə, ayrı-ayrı qurumlar – o cümlədən ARDNŞ – “qanunsuz tikili” adıyla əhalinin illərdir məskunlaşdığı evləri başına uçura?
Bəs, Dubay mülkləri?
Vircin adalarındakı offşor şirkətlər və onların imtiyazlı sahibləri barədə dünya mətbuatını başına alan məlumatlardan sonra Azərbaycanda ABŞ-ın suçlanması və yaxud bu faktlarda heç bir qanun pozuntusu olmadığı barədə hakimiyyətin sifarişi ilə pırıl-pırıl təbliğat aparılır. Dünənə qədər ağlagəlməz ittiham, hətta utanıb-çəkinmədən “Lütsifer” adıyla lənətlədiyi kimsəni indi eyni şəkildə utanmadan Hörmüz misalı təqdim edənlərin nəzərinə çatdıraq ki: Ilham Əliyevin 44 milyonluq Dubay mülklərinin hələ həddi-buluğa çatmamış övladının adına olduğu yazılır. Bu mülklərin də “Azərbaycan iqtisadiyyatına yüz milyonlar yatıran” qudalar tərəfindən hədiyyə edildiyini əsaslandırın, – necə ki Əli Həsənov buna ilkin cəhd etmişdi – mövzu həmişəlik qapansın!
Amma düşünün ki, bu təşəbbüsləriniz əlahəzrətin xoşuna gəlməyə bilər. Yəni, ağ eləməyin: hamı onun əlinə baxdığı halda, sizlərin Prezident oğlu Prezidentimizi qohumların umuduna yaşayan kimi göstərməyiniz şana kəsirlik gətirir!
Yeri gəlmişkən, Dubaydakı mülklərin bir hissəsinin çökməsi haqda da xəbər yayılmışdı. Düşündürücü faktdır: niyə cənabımızın adına bağlı olan “tikinti-quruculuq işlərinin” həmişə bir tərəfi çökür?