Suyun qiyməti bahalaşa bilər

Rövşən Ağayev: «Azərbaycanda qərarlar əsaslandırılmadan qəbul və elan edilir»

“Azərsu” ASC-nin mütəxəssisləri içməli suyun və tullantı sularının idarə olunması ilə bağlı xərcləri yenidən hesablamaqla məşğuldurlar”. “APA-Economics”in xəbərinə görə, bunu cəmiyyətin prezidenti Qorxmaz Hüseynov bildirib.
Qorxmaz Hüseynovun sözlərinə görə, hələlik bu hesablamalar nəticəsində suyun qiymətinin artıb-artmayacağını demək mümkün deyil: “Hələlik biz sadəcə bunun təhlilini aparırıq, çünki hazırda iqtisadi vəziyyətimiz bizi o qədər də qane etmir. Biz itkilərimizi aşağı salandan sonraÿreal xərclərimizi müəyyənləşdirməliyik. Əgər tariflərin qalxması realdırsa və bu tələb olunursa, biz bunun üçün Tarif Şurasına müraciət edəcəyik. Əgər buna ehtiyac olmasa, ”Azərsu” öz işini daha səmərəli təşkil edəcək ki, xərclərimiz aşağı düşsün”.

Məsələ ilə bağlı “Media forum” saytına açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, qiymət artımı əsaslandırılmalıdır: “Tənzimlənən qiymətlər haqqında” qanuna görə, mütləq iqtisadi cəhətdən əsaslanma olmalıdır. Bu zaman mövcud qiymətin göstərilən xidmətin maya dəyərini ödəyə bilməməsi kimi faktorlar öz təsdiqini tapmalıdır”.
Ekspert hesab edir ki, Azərbaycan reallığında narahatlıq doğuran məqam şəffaflıq prosedurunun pozulmasıdır: “Azərsu” bütün xərclərini açıq saxlasa, yəni istehlakçılar əmin olsalar ki, mövcud tarif xərci ödəmir, o zaman qiymət artımı cəmiyyətdə ciddi təpki ilə qarşılanmaz. Amma ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanda qərarlar əsaslandırılmadan qəbul və elan edilir”.
Rövşən Ağayevin sözlərinə görə, “Azərsu” ASC-nin xərclərini şişirtmədiyinə əmin olmaq lazımdır: “Hesablama Palatasının son hesabatında ”Azərsu”nun maliyyə fəaliyyəti ilə bağlı şübhələr var. Belə bir vəziyyətdə suyun qiymətinin xərcini ödəmədiyini demək əsaslı olmayacaq. Onda sual ortaya cıxır ki, xərclərin şişirdilmədiyinə hansı təminat var?”.
Rövşən Ağayev çıxış yolunu “Azərsu”nu idarəetməyə verməkdə görür: “Bu zaman hökumətin də, idarəetməni həyata keçirən şirkətin də qarşılıqlı öhdəlikləri olacaq. Su mənbələri, magistral kəmərlərdən supaylayıcıya qədər olan borular ”Azərsu”nun öhdəliyində olacaq. Suyun istehlakçılara çatdırılması isə paylayıcı şirkətin səlahiyyətində olacaq. Yəni hökumət öz üzərinə götürür ki, qiymətləri paylayıcı şirkətə zərər vurmadan tənzimləyəcək. Paylayıcı şirkət isə keyfiyyətli xidmət göstərəcəyinə, infrastrukturu həmişə yaxşı vəziyyətdə saxlayacağına təminat verməlidir”.
Qeyd edək ki, sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrəÿ1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib.