Heç nə başa düşə bilmirəm: axı, bu fikir hardan yaranıb ki, ölkədə baş verən qanunsuzluqlardan, oğurluq və talanlardan prezidentin xəbəri yoxdur? Bunu kim çıxarıb, harda deyilib?
Əlahəzrətin 12 fevral tarixində – Ismayıllı olaylarından sonra – keçirdiyi müşavirədə bir daha təsdiqləndi ki, Ilham Əliyevin hər şeydən xəbəri var; hətta hansı rayonda, hansı sahibkara qarşı necə ədalətsizlik edildiyini, iş icraçısının cəmi bir neçə min pulunun hansı başçı tərəfindən verilmədiyini də, vəzifəli məmur balalarının min hoqqadan çıxdığını, əhalini təhqir etdiyini də cənabi-möhtərəm çox gözəl bilir. Ancaq deyəsən, 2005-ci ildə türməyə soxulan və 4 ay qeyri-qanuni olaraq həbsdə saxlanıldıqdan, min bir psixoloji-mənəvi təzyiqlərdən sonra yep-yekə müəssisələri əlindən alınan və ölkədən getməyə məcbur olan Nurəddin Zülfüqarlı prezidentin bunu bildiyini bilmir və ya özünü bilməz kimi göstərir.
N.Zülfüqarlının dünən Ilham Əliyevə müraciətlə bütün faktları bir daha gündəmə gətirməsi və yardım üçün prezidentə xahişinə görə düşünmürəm bunu – zatən, o, mübarizəsini aparır, tapdanmış hüquqlarını bərpa etməyə, oğurlanmış halal sərvətini qaytarmağa çalışır. Belə məqamda prezidentə müraciət qayət normaldır. Amma ritorika, müraciət forması, hədəf necə, düzgünmü seçilib?
Türkiyəyə sığınan sahibkarın Ilham Əliyevə müraciətindən sitata baxın: “Mən tam olaraq əminəm ki, ünvanlanan müraciətlər sizə məruzə edilməmiş və ya təhrif olunmuş şəkildə çatdırılmışdır”.
Hardandır bu “tam əminlik”? Imişlidəki hansısa iş icraçısına yerli məmurun 25 min borclu qalmasını Ilham Əliyev bilir, ancaq Prezident yanında Sahibkarlar Şurasının üzvü olan, ölkənin ən yekə iş adamlarından biri sayılan Nurəddin Zülfüqarlı və qardaşlarının Bakının göbəyində, qiyməti yüz milyonlarla ölçülən zavod-fabriklərinin əlindən alınmasını bilmir? Avropa Məhkəməsinə qədər gedən, ölkənin əsas qəzetlərinin günlərlə deyil, aylarla, illərlə gündəmindən düşməyən, müxalif siyasi liderlərin dəfələrlə bəyanatlar verdiyi bir olayı Ilham Əliyevin bilməməsi iddiasını “tam əminliklə” yazmaq olarmı?
Bir neçə zavodun yiyəsini 4 ay Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində ölkə başçısının xəbəri olmadan saxlaya bilərlərmi? Yüz milyonlarla ölçülən sərvəti Lerikin dağ kəndindəki kasıb, lüt-üryan bir kişinin adına ölkə başçısından xəbərsiz keçirmək olarmı?
N.Zülfüqarlı şəstlə bəyan edir ki, onda olan faktlar araşdırılsa, 15-dən artıq yüksək vəzifəli şəxsin quldurluq və korrupsiya əməlləri üzə çıxacaq. Gizli himayə olunan quldur bir nəfər olar – Hacı Məmmədov kimi; ən uzağı, olar iki nəfər… Yoxsa 15 vəzifə sahibinin quldurluğundan söhbət gedirsə, Ilham Əliyevin xəbərsizliyi müzakirə mövzusudurmu? Dərəbəylikdir ki, nazirlər, məmurlar ölkəni çapıb-talasın, prezidentin heç nədən xəbəri olmasın?
Məmurlarının quldurluğunu, iş adamlarının Bakıdakı var-yoxunun silah gücünə talanmasını, ölkədəki korrupsiyanı görüb-eşitmədiyinə “tam əmin olduğu” əlahəzrət haqqında elə Türkiyə qəzetlərinin dünən verdikləri manşetdən xəbəri yoxdurmu? Azərbaycanın necə “hortumlandığını” oxumurmu Nurəddin bəy? Bütün bunlardan sonra da Ilham Əliyevin xəbərsizliyini “tam əminliklə” yaza bilirsə, bu nədir: prezidentə yarınma, yoxsa “siyasi-diplomatik” gedişlə möhtərəmi ələ alma və onun bu cinayətlərdən ucada olduğunu göstərməklə, nəyisə əldə etmə istəyi?
Yəni başa düşmürsünüz ki, bu “ağıllı siyasi tryuklar” daha keçmir? Yəni qarşılaşdığınız bəlaların həqiqəti çılpaqlığı ilə demək və mübarizə hədəfini düzgün müəyyənləşdirməməkdən qaynaqlandığını anlamaq o qədərmi çətindir? Yəni siz bilmirsiniz ki, “çox dərinə getsəniz, sizi məhv edərlər” sözünü “heç kimdən çəkinmədən hər yerdə dilə gətirən” Rasim Məmmədov həddən artıq haqlıdır? Rasim Məmmədov “özbaşına”, “xuliqanlıqla” bu sözü nəinki dilə gətirsə, hətta ağlından keçirsə belə… – dərisinə saman təpərlər, külünü göyə sovurarlar!
Hələ onu demirəm ki, “prezidentin heç nədən xəbəri yoxdur” şüarı ilə möhtərəmin müdafiəsinə girişənlər və ya özünü sığortalamağa cəhd göstərənlər anlamalıdılar ki, bu söz Ilham Əliyev üçün təhqirdir! Necə yəni xəbəri yoxdur? Bəs, bu ölkəni kim idarə edir?

Yağmalanan Zülfüqarlının Ilham Əliyevə sonsuz inamı
•


