İstiqlalçı deputatlar İbrahimlinin müdafiəsinə qalxdı

İstiqlalçı Deputatlar Məclisi istiqlalçı deputat İbrahim İbrahimliyə qarşı Naxçıvanda törədilmiş vandalizm aktı ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

Istiqlalçı Deputatlar Məclisi xatırladır ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində istiqlalçı millət vəkillərinin müstəsna rolu olmuşdur. Xarakterik bir haldır ki, dünyada, eləcə də postsovet respublikalarında dövlət müstəqilliyini gerçəkləşdirən deputatlara-siqnatorlara dövlət səviyyəsində ən yüksək hörmət və qaygı göstərilir. Lakin dünyada anoloqu olmayan bir haldır ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində dəyərli xidmətləri olan istiqlalçı deputatlar uzun illərdir ki, mövcud hakimiyyət tərəfindən mütəmadi olaraq müxtəlif təqib və repressiyalara, “məxməri terrora” məruz qoyulmuşlar. 2013-cü il aprelin 6-da Naxçıvanda bir qrup mülki geyimli şəxslər tərəfindən istiqlalçı deputat İbrahim İbrahimliyə qarşı vandalizm hərəkətlərinə yol verilməsi də məhz belə bir “məxməri terror” hadisəsidir. Belə ki, İ.İbrahimli Naxçıvanda baçısı oğlunun yas mərasimində iştirak etdiyi zaman bir qrup mülki geyimli şəxsin fiziki hücumuna məruz qalmış, sonra o, oğurlanaraq və başına torba keçirilərək şəhərdən kənarda yaşayış olmayan bir sahəyə aparılmış və orada döyülmüş, təhqir edilmişdir.

Istiqlalçı Deputatlar Məclisi belə hesab edir ki, İ.İbrahimliyə qarşı bu anti-insani hərəkətlər onun ölkədə baş verən özbaşınalıqlara, insan hüquqları və azadlıqlarının pozulmasına qarşı fəal mübarizə aparmasının qarşısını almaq, onu susdurmaq məqsədi daşıyır və hakimiyyətin irticaçı siyasətinin təzahürlərindən biridir. Milli dövlətçiliyimiz üçün çox təhlükəli haldır ki, hakimiyyətin mənfur siyasətini ifşa edən ziyalılara qarşı bu və digər repressiv basqılarda muxtar respublikadakı dövlət strukturlarında kök salmış və PKK ilə sıx əlaqələr qurmuş antimilli ünsürlər fəal şəkildə iştirak edirlər.

Istiqlalçı Deputatlar Məclisi yuxarıda göstərilənləri əsas tutaraq ölkə rəhbərliyindən və aidiyyəti üzrə dövlət orqanlarından tələb edir ki, Naxçıvan Muxtar Respublikasında hakimiyyət strukturlarında yer alan cinayətkar antimilli ünsürlərin zərərsizləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülsün və İ.İbrahimliyə qarşı qeyri-insani işgəncə hərəkətlərinə yol vermiş günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər.