Paşayevlər qurumun rəhbərliyinə öz adamlarını gətirmək istəyirlər
Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident aprelin 24-də seçiləcək. Bunu “Media forum” saytına AMEA-nın akademik katibi Vaqif Fərzəliyev deyib. O bildirib ki, aprelin 24-də AMEA-nın ümumi yığıncağı keçiriləcək: “Hələlik gündəlikdə əsas üç məsələ var: illik hesabatın dinlənməsi, prezidentin seçilməsi, Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi”.
Vaqif Fərzəliyevin sözlərinə görə, hələlik prezidentliyə namizədliyini irəli sürən yoxdur.
Fevralın 9-da AMEA prezidenti akademik Mahmud Kərimov vəfat edib. Hazırda prezidentin səlahiyyətlərini vitse-prezident, Geologiya Institutunun direktoru akademik Akif Əlizadə icra edir.
“Azadlıq”a daxil olan məlumata görə, AMEA-nın növbəti prezidenti elə Akif Əlizadə ola bilər. Məlumatlarda bildirilir ki, Ali Attestasiyası Komissiyasının sədri Arif Mehdiyevlə və Ilham Əliyevin qayınatası Arif Paşayevlə dostluq münasibətləri olan Akif Əlizadə yaşına görə əvvəlcə bu təkliflə razılaşmayıb. Məlumat üçün deyək ki, fevral ayında Akif Əlizadənin 80 yaşı olub. Lakin Akif Əlizadəyə bildirilib ki, onun bu təklifi qəbul etməsi daha məqsədəuyğundur. Məlumatda bildirilir ki, Akif Əlizadənin AMEA-nın prezidenti olması planı qurumu Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin nəzarətində çıxarmaq üçün düşünülüb. Xatırladaq ki, Heydər Əliyevin dönəmində AMEA eks-dövlət başçısının qardaşı Cəlal Əliyevin nəzarətində idi. Lakin Ilham Əliyevin dönəmində Cəlal Əliyevi Ramiz Mehdiyev əvəzlədi. Indisə Paşayevlər AMEA-nı nəzarətə götürmək istəyir. Bu baxımdan da özlərinə yaxın şəxsi qurumun prezidenti olmasına çalışırlar.
Azad


