Ictimai Televiziya və Radio Yayımları Şirkətinin (ITRYŞ) baş direktorunun seçilməsinə başlanılıb – direktor Ismayıl Ömərovun səlahiyyət müddəti bitdiyi üçün. Buna görə də Milli Teleradio Yayımları Şurası, yəni Nuşirəvan Məhərrəmli ITV baş direktorluğuna namizədlərin irəli sürülməsi ilə bağlı müsabiqəyə start verib.
Formal-texniki prosedurların icrasına başlanıldığı haqda təəssürat yaradan bu “adi” məlumatın arxasında elə ciddi mətləblər dayanıb ki, mövzunu araşdıranda Nuşirəvan Məhərrəmlinin əməllicə bir proses başladığı, Anadolu türkləri demiş, ITV-ni “hortumlama”q üçün qolunu çirmələdiyi aydın olur. Niyə?
Məhərrəmli hansı səlahiyyətlə sənəd yığır?
MTYŞ son bir ay ərzində Ictimai TV ilə bağlı iki müsabiqə elan edib: Ictimai yayım şurasının səlahiyyət müddəti tamamlanan 3 üzvünün və ITV baş direktorunun seçilməsi.
Birinci müsabiqə – Ictimai yayım şurası üzvlüyünə namizədlərin irəli sürülməsi – 5 mart tarixində elan edilib. Bu elanda Milli Teleradio Şurası müsabiqə keçirmə səlahiyyətini əsaslandırmaq üçün nə az-nə çox, düz 3 maddəni sitat gətirib: “Ictimai yayım haqqında” qanunun 17.4, Milli Teleradio Şurası əsasnaməsinin 7.4, Ictimai yayımla bağlı Prezident fərmanının 3.1-ci maddəsini.
Prezident fərmanı və MTRŞ əsasnaməsinin 7.4-cü bəndi ilə “Ictimai yayım şurası üzvlüyünə namizədlərin irəli sürülməsi işinin təşkili” Nuşirəvan Məhərrəmlinin səlahiyyətindədir. N.Məhərrəmli işi “təşkil edir”, qanuna uyğun olaraq təşkilatların namizədlərinin sənədlərini toplayır və Milli Məclisə göndərir.
Bu proses qayət normal davam etməkdədir.
Ikinci müsabiqə – ITV baş direktorluğu seçkilərinə namizədliyin irəli sürülməsi ilə bağlı aprelin 5-də elan olunan müsabiqədə isə Nuşirəvan Məhərrəmli heç bir qanun, bənd, maddə göstərməyib. Müsabiqə elanı belədir: “Milli Teleradio Şurası Ictimai Teleradio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinin başa çatması ilə əlaqədar… müsabiqə elan edir”.
Hansı qanunla, hansı əsasnamə, nizamnamə, sərəncam ilə? Nuşirəvan Məhərrəmli hansı səlahiyyətlə ITV-nin baş direktor seçkisini əlinə almalıdır?
İctimai yayım şurasının səlahiyyəti
“Ictimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsi Yayım şurasının səlahiyyətlərini əhatə eləyir; 20.1.3-cü maddəyə görə, Ictimai yayım şurası “baş direktorun seçilməsi və ya vəzifəsinə vaxtından əvvəl xitam verilməsi üçün azı altı üzvünün razılığı ilə qərar qəbul edir”.
Başqa sözlə desək, ITV direktorunun seçkisi birbaşa Ictimai yayım şurasının – yəni Cahangir Məmmədlinin sədri olduğu qurumun səlahiyyətindədir, Nuşirəvan Məhərrəmlinin yox. Zatən bu vaxta qədər ITV baş direktorluğuna keçirilən 2005 və 2009 seçkilərinin hər ikisinin elanını və sənəd qəbulunu Ictimai yayım şurası həyata keçirib.
Bəs, hansı səbəbdən bu il müsabiqə elanını və sənədlərin toplanması prosesini Nuşirəvan Məhərrəmli aparır?
N.Məhərrəmli vaxtilə deputatları “öz yazdıqları qanunu başa düşməməkdə” ittihamlamış və müxalif millət vəkillərini təhqir etmişdi. Fövqəlağıllı N.Məhərrəmli izah edə bilərmi ki, hansı “yazılanları” necə “başa düşüb” ki, Ictimai yayım şurasının səlahiyyətlərini mənimsəyib?
Buna aydınlıq gətirməyə çalışarıq, yalnız bir məsələdən sonra…
Müsabiqə şərtləri niyə dəyişib?
2005 və 2009-cu illərdə namizəd irəli sürmək üçün tələb olunan şərtlər sırasında telejurnalistikadakı təcrübə, yeni texniki avadanlıqlara bələdlik və ölkənin tarixini, mədəniyyətini və s. bilmək tələb olunurdu.
N.Məhərrəmli isə namizəd olmaq üçün cəmi iki şərt irəli sürüb: Azərbaycan vətəndaşı və ali təhsilli olmaq!
Yəni Azərbaycan vətəndaşı olan istənilən peşə sahibi – hətta həkim, hüquqşünas, yol inşaatçısı… – ITV baş direktorluğuna namizədliyini irəli sürə bilər?
Hazırkı şərtlərə görə, bəli. Görünür, “Azərbaycanda milli məsələyə dair partiyalararası mübarizə (1917-18)” mövzusunda namizədlik müdafiə edən tarixçi-alim Nuşirəvan Məhərrəmli PA-nın sektor müdirliyindən birbaşa MTRŞ sədrliyini adlayıb, “televiziyaların dil problemini” rus dilində aldığı təhsilinə uyğun necə “peşəkarlıqla” həll edirsə, ITV-dəki siyasi plüralizm sorununu da qeyri-ixtisas sahibləri – məsələn, bu, “baytar həkim” də ola bilər – eləcə aradan qaldırmaq niyyətindədir.
İsmayıl Ömərova vida?
N.Məhərrəmlinin Ictimai yayım şurasının səlahiyyətlərini ələ alması və müsabiqə elan etməsi, şərtləri dəyişdirməsi Ismayıl Ömərovun bu dəfə seçilməyəcəyinə işarədirmi?
Hesab etmirəm – çünki Əliyevlərin siyasi rəqiblərinə müstəntiq kimi cinayət işi qaldıran, prokuror kimi ittiham elan edən, hakim kimi qərar çıxardan və bununla da ürəyi soyumayıb, “düşmənləri” ekranda çərçivəli hədəfə salıb, “ölüm hökmü”nü yerinə yetirmək üçün şəxsən “atəş açan” müstəntiq-jurnalist imicli Ismayıl Ömərov ITV direktoru olaraq da kanalı siyasi baxımdan (! – ədəbi-mədəni verilişlərini istisna edirəm) hakimiyyətin təbliğat aparatına çevirməyi bacarıb. Ona görə də Ismayıl Ömərovun seçdirilməyəcəyi müzakirə mövzusu deyil. Bəs, onda bu oyunlar nədən xəbər verir?
N.Məhərrəmli PA-nın şöbə müdiri Əli Həsənovun tələbəlik yoldaşıdır və Prezident Administrasiyasında da Əli Həsənovun işçisi olub.
Siz elə bilirsiniz ki, N.Məhərrəmlinin Ictimai yayım şurasının səlahiyyətlərini mənimsəməsi və müsabiqəni bu cür ovsanatsız keçirməsi öz təşəbbüsüdür?


