İbrahim İbrahimli Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etdi

Müxalif İctmai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili İbrahim İbrahimli aprelin 8-də “Media forum” saytına açıqlama verib. O, Naxçıvanda təzyiqlərə məruz qalmasını hakimiyyətin repressiv siyasətinin tərkib hissəsi kimi qiymətləndirdiyini vurğulayıb.

İbrahim İbrahimli deyib ki, bu tip hadisələr bir çox tanınmışın başına gəlib: “İctimai-siyasi fəaliyyətlə məşğul olan naxçıvanlılar bölgəyə səfər edəndə bu tipli hadisələrlə rastlaşıblar, siyasi təqiblərə məruz qalıblar. O cümlədən mən. Belə hallar siyasətçilərdən Sərdar Cəlaloğlunun, Sülhəddin Əkbərin, hüquq müdafiəçisi Novella Cəfəroğlunun, yazar Səxavət Əlisoyun başına gəlib. Naxçıvan siyasi labarotoriyaya çevrilib. Bölgədə sınaqdan çıxarılan hadisələr sonradan Azərbaycanın başqa yerlərində tətbiq olunur.

Amma aprelin 6-da mənim başıma gələn hadisə, siyasi və hüquqi tərəfini bir qırağa qoysaq, mənəvi prinsiplərə, dəyərlərə yad olan bir hərəkətdir. Mən 35 yaşında dünyasını dəyişmiş bacıoğlumun yasına getmişəm. Yasdan başıma torba keçirilərək uzaq, insan yaşamayan çölə aparılmağım, təhqir olunmağım, fiziki zorakılığa məruz qalmağım, məsələyə mənəvi tərəfdən yanaşdıqda, Azərbaycanda baş verən ilk insidentdir. Yas yerinə gedən adam bu cür vəhşiliklərlə üzləşir, zorakılığa məruz qalır”.

İbrahim İbrahimli bildirib ki, Azərbaycanda siyasi dəyişiklik istəyən bütün kəsimlər repressiyalara məruz qalır: “Son zamanlar xüsusən gəncliyə, gənclər hərəkatının yetişməsində xüsusi xidməti olan “Nida”çı gənclərə qarşı klassik repressiv metodlardan istifadə olunur. Həmçinin dindar kəsimə qarşı repressiyalara başlanılması bunlara əyanı sübutdur. Mənim başıma gələnlər bu prosesin tərkib hissəsidir”.

İbrahim İbrahimli məsələ ilə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət göndərdiyini vurğulayıb: “Bu məsələ ilə hüquq müdafiəçi İntiqam Əliyev məşğuldur. Məsələnin siyasi-hüquqi tərəfinin araşdırılması ilə bağlı qəti tələblər irəli sürmüşük. Məni əsasən məsələnin siyasi tərəfi maraqlandırır. Çünki məsələnin hüquqi tərəfi bu tip proseslərdə heç vaxt həllini tapmır. Azərbaycanda məhkəmələr, hüquq mühafizə orqanları müstəqil deyil”.