AXCP İbrahim İbrahimliyə görə bəyanat verdi

“Əliyev-Talıbov idarəçiliyi ən ağlasığmaz hərəkətlərə rəvac verməkdədir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası İP Koordinasiya Şurasının üzvü İbrahim İbrahimlinin Naxçıvanda vəhçiliklə qarşılaşması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycanın tanınmış siyasət adamlarından biri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli aprelin 6-da Naxçıvanda misli görünməmiş vəhşiliklə qarşılaşıb. Yaxın qohumunun – bacısı oğlunun yas mərasimində iştirak edən İbrahim bəyi oradan özünü polis və MTN əməkdaşları kimi təqdim edən bir dəstə mülki geyimli faktiki oğurlayaraq kimsəsiz düzəngahlığa aparıblar, orada onu təhqir ediblər və fiziki zorakılığa məruz qoyublar.
AXCP İbrahim İbrahimliyə qarşı bu zorakı və mənəviyyatsız hərəkəti qətiyyətlə pisləyir və bu cinayətə yol verənlərin cəzalandırılmasını tələb edir.
AXCP bəyan edir ki, bu hadisə Azərbaycan hakimiyyətinin ölkədə yaratdığı qanunsuzluq və cəzasılıq mühitinin, opponentlərinə qarşı düşmənçilik siyasəti yürütməsinin nəticəsidir. Azərbaycanda Əliyevlər hakimiyyəti ilk vaxtlardan müxalifətə, özünün tənqidçilərinə qarşı zorakı, repressiv metodlardan istifadə edib. Lakin indiyədək heç bir ictimai-siyasi xadimə qarşı belə mənəviyyatsız hərəkət – doğmasının yasında iştirakına mane olmaq, faktiki hüzr yerindən oğurlamaq olmayıb. Təəssüf ki, İlham Əliyev-Vasif Talıbov idarəçiliyi artıq ölkədə bütün mənəvi dəyərləri, əxlaq sistemini dağıdaraq ən ağlasığmaz hərəkətlərə rəvac verməkdədir.
Bu orta əsrlərə xas qaba, heç bir hüquqi, mənəvi çərçivə tanımayan idarəçilik metodu ölkəni çox ağır nəticələri olacaq qarşıdurmalara sürükləyir. AXCP iqtidarı tutduğu bu təhlükəli yoldan çəkinməyə, daşıdığı məsuliyyəti dərk etməyə çağırır.
AXCP bəyan edir ki, baş verənlərin birbaşa məsuliyyəti ölkə başçısı İlham Əliyevin üzərindədir. O, ölkə vətəndaşlarına qarşı artıq ən iyrənc formalar almaqda olan düşməncəsinə siyasəti durdurmalı, Azərbaycanın süni qarşıdurmaya sürüklənməsinə imkan verməməlidir.