Ailəsinin üzünə necə baxacaq?

Bütün dünya bu faktdan danışır, yüksək vəzifədə olan, dövlət yönətən insanların Virciniyadakı offşor şirkətlərlə bağlılığı və korrupsiyadan əldə etdiyi trilyonlar müzakirə mövzusudur. Əlbəttə ki, belə siyahılarda Azərbaycan ənənəvi olaraq öncül yeri bölüşür.
Xatırlayırsızsa, bir neçə ay əvvəl Ilham Əliyevin “Ilin korrupsioneri” adına layiq görülməsinin ardınca Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinin redaktoru Drev Sullivan mətbuata açıqlama vermiş və korrupsionerlər arasında “qızğın rəqabətdən” danışmışdı: “Ilham Əliyev o qədər müxtəlif sahələrdə – tikinti, rabitə, banklar, qızılın çıxarılması… – fəaliyyət göstərib ki, bu il göz önünə gəlib”. Ona görə də Monteneqronun baş naziri Milo Cukanoviç, Islam Kərimov və Ilham Əliyev arasındakı qalib olmaq uğrunda “qızğın rəqabəti” bizim əlahəzrət udmuşdu.
Cənabımızın çoxşaxəli fəaliyyəti gözə girdiyindəndir ki, indi – “Virciniya qalmaqalı” gündəmə gəlir. Məlum olur ki, Əliyevlərin təkcə “Azərsun Holdinq”lə əməliyyatının həcmi 4,5 milyarddır. Bəs, digər fəaliyyətlər?
Bu fakta Gürcüstanın baş naziri Ivanişvili və ya Monqolustanın vitse-spikeri Sanqacavın verdiyi reaksiyaları təkrarlamaq istəmirəm – baxmayaraq ki, Sanqacavın nəinki günahını etiraf etməsi, hətta “ailəmin üzünə necə baxacağam” sözü böyük əxlaq göstəricisi və nümunə gətiriləsi cavabdır.
Azərbaycan da cavab verməliydi və verdi də: adəti üzrə, Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun cavabını oxumağa köklənmişdim. Dubay villaları ortaya çıxanda olduğu kimi, Əli müəllim irəli durmalı və “bilirsiniz ki, cənab prezidentin qudası Araz Ağalarov böyük biznesmendir” kimi dolaşıq açıqlama ilə alibi axtarmalıydı. Olmadı və deyəsən, Əli Həsənov da bezib – adamı nə qədər düzəlməz işlərə göndərib, məntiqini istismar edərlər? Nə vaxta qədər dünyanın aparıcı qurumlarının araşdırmaları ilə aşkar olunan yekə-yekə korrupsiya faktları qarşısında Əli Həsənov girinc-giriftar qalmalıdır?
Bu dəfə PA-nın mətbuat katibi Azər Qasımov tam səmimi şəkildə etiraf etdi ki, “onlar (prezidentin qızları) da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər”. Gerisi – deklorasiyada göstərilməməsi, gəlir bəyannaməsi, prezident ailəsinin biznes strukturunun daha başqa sahələri… – Həsən Gözəlin direktor olub-olmaması qədər “heç bir əhəmiyyət kəsb etmir”.
Başqa sözlə desək, indi də Azər Qasımov bəlaya düşüb – Əli Həsənov kimi ağıl sahibinin əsaslandıra bilmədiyi faktlara gənc Azər Qasımov necə bəraət qazandırsın?
Bu vurçatlasında ən gözəgəlimli reverans isə Ilham Əliyevin Böyük Britaniyanın nüfuzlu dərgisində (“Buisness Year”) “Ilin adamı” elan edilməsidir. Azərbaycan mətbuatını başına götürən bu təltif və cənabımızın dərgiyə verdiyi müsahibə bir çox cəhətlərinə görə önəmlidir.
Əvvəla, ona görə ki, möhtərəmimizin “Buisness Year”da “Ilin adamı” elan olunması ilə “Virciniya qalmaqalı”nın eyni vaxta təsadüf etməsi arasında əhəmiyyətli əlaqə var. “Çoxşaxəli fəaliyyət” göstərən bir prezident “Buisness Year”, yəni “Biznes ili” adlı dərgidə “Ilin adamı” seçilməyib, bəs, harada fərqlənməlidir?
Ikincisi, “Biznes ili”nə verdiyi müsahibəsində cənabımız deyir ki, “Azərbaycan ifadə, söz, mətbuat azadlığı tam təmin olunmuş ölkədir”.
Ilham Əliyevin “Ilin korrupsioneri” adına layiq görülməsini Azərbaycanda neçə qəzet yazıb, “Ilin adamı” mükafatını neçəsi işıqlandırıb? Bu müqayisənin özü Azərbaycan mətbuatındakı azadlığın səviyyəsini bilmək üçün kifayətdir.
Digər tərəfdən, “Ilin adamı” seçilən çox hörmətli prezidentimizin dilindən “ifadə və söz azadlığı” kəlmələri çıxarkən “ifadə və sözə” görə AXCP üzvü, astma xəstəsi Daşqın Məlikovun “narkotik istifadəçisi” adı ilə damlanmasının 7-si tamam olmamışdı, hələ 94 min manata ölkəni alt-üst eləyəsi “bomba düzəldən” 7 NIDA-çının həbsini, ölkədən perik salınan və adları heç yerdə çəkilməyən, qayıdacaqları halda, NIDA-çılara yoldaş olası Cavid Mehrəliyevi, Əliağa Ağayevi, Zöhrab Hüseynovu, Tural Əliyevi, Daşqın Rzayevi və yüzlərlə, minlərlə başqa gənci demirəm.
Cənabımızın ağzından dürr kimi tökülən “ifadə azadlığının tam təmini” sözü qulaqlara çatmamış EL hərəkatının üzvü, dəyərli ziyalı Eldəniz Quliyevin Lənkərana buraxılmamasını oxuduq, ofisindən dünən qovulan EL-in şəhərdən kənarda, Novxanıda götürdüyü yeni iqamətgahına basqının şahidi olduq…
Indi mən bu Monqolustan vitse-spikerinə əsəbiləşməyim, bəs, nə edim? Ay monqol oğlu monqol, bu faktları götür, get evinə, ailənin üzünə dim-dik bax də!