Qəbələdə fəhlələr yenidən etiraza qalxdı (FOTO)

Polis aksiyaya imkan vermədi; həbs edilənlər var

Bir neçə gün qabaq Qəbələdə işçi hüquqları tələbilə etiraz aksiyası keçirən “Aztrans” şirkətinin fəhlələri aprelin 5-də yenidən ayağa qalxıb. Fəhlələr tələblərinin nəzərə alınmadığını əsas götürərək səhər saatlarında şirkətin ərazisində növbəti etiraz aksiyasına toplaşıblar. Lakin aksiya başlar-başlamaz əraziyə bir neçə maşın polis qüvvələri gəlib. Polislər fəhlələri zorakılıqla ərazidən uzaqlaşdırıb, bir neçə nəfəri isə saxlayaraq rayon polis şöbəsinə aparıblar.

“Azadlıq”ın bölgə müxbiri Elçin İsmayıllı məlumat verir ki, saat 11:00 təyin olunmuş aksiyanın qarşısını almaq üçün rayonun mərkəzindən və ətraf kəndlərdən aksiya keçirilən əraziyə (hərbi şəhərciyin yaxınlığına) gedən yollara polis və icra nümayəndələri nəzarət edirdilər. Əraziyə gedən insanların qarşısı alınırdı.
Məlumatlara görə, rayon rəhbərliyinə yaxın şəxslər neçə gündür ki, aksiyaya çıxmamaqla bağlı təbliğat aparırlar. Hətta sosial şəbəkələrdə də bunun indiki məqamda lazım olmadığını və rayona ciddi zərər vuracağı haqda statuslar yayıblar. Rayon rəhbərliyi aksiyaçıları Sadval təşkilatına işlədikləri adı ilə şantaj edir və bildirir ki, onların bütün tələbləri yerinə yetirilib, etirazçıların fikri iqtisadi tələblər altında rayonda ictimai asayişi pozmaqdır.

Etirazçılardan əməkdaşımıza açıqlama verən Sabir Əzizov və Hakim Əhmədov isə deyilənlərin yalan və iftira olduğunu bildiriblər. Onların sözlərinə görə, son aksiyadakı tələblər yerinə yetirilməyib. Sadəcə fəhlələrin şirkətdə qalan pulları verilib, qalan tələblər isə yerinə yetirilməmiş qalır: “Qiymətlər yenə ən aşağı səviyyədə, iş şəraiti dözülməz vəziyyətdədir. Yenə əvvəlkitək 12 saat iş tələb olunur, heç kəslə müqavilə bağlanmayıb. Deyirlər ki, bizim iş prinsipimiz belədir xoşunuz gəlmirsə xoş getdiniz. Rayonda başqa yerlərdə də vəziyyət eynilə acınacaqlıdır. Bəs biz iş üçün hara müraciət edək? Rayon rəhbərləri kabinetlərindən bayıra çıxıb camaatı dinləmək istəmirlər. Yetim çörəyini, haram yeməkdən harınlayıblar. Həbs olunan yaldaşlarımıza qarşı həm polis, həm də məhkəmə ədalətsizlik etdi. Budurmu bunların demokratik qurluşları? Haqqını övladlarının çörəyini tələb edənləri həbs edirlər. Bu, belə getməyəcək. Tələblərimiz yerinə yetməyincə əl çəkən deyilik”.

Fəhlələr açıqlamalarını axıra qədər verə bilməyiblər. Polis müsahibəyə müdaxilə edərək hər iki həfləni həbs edib.
Saxlanılanlar polis şöbəsində xəbərdarlıq edilərək sərbəst buraxılıb.

azadliq.info