“Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi müstəqilliyi hədəf götürüb”
Əhməd Obalı: «Baş verən hadisələrin fonunda Güney Azərbaycan məsələsinin ABŞ-ın gündəminə gəlməsi müstəqillik üçün tarixi fürsət yaradır»
Son iki gün ərzində Irandan Azərbaycana yönəlik iki sərt bəyanat səsləndirilib. Ilk bəyanat Iranın dini lideri Ayətullah Əli Xamneyininin “Keyhan” media holdinqindəki nümayəndəsi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədaridən gəlib. O, məqaləsində Azərbaycanın Irana birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib. O hətta vurğulayıb ki, Azərbaycan Respublikasının əhalisi belə birləşmənin olmasında maraqlıdır.
Daha bir oxşar bəyanatı Iran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi Bakıda keçirilmiş Güney Azərbaycanla bağlı beynəlxaq konfransa kəskin reaksiya verərkən səsləndirib: “Belə addımlar Bakının zərərinə olacaq və yalnız Azərbaycan Irana birləşə bilər”.ÿGünaz TV-nin qurucusu, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ÿsözçüsü Əhməd Obalıya ilk sualımız məhz bu bəyanatlarla bağlı oldu.
– Hüseyn Şəriətmədari iddia edir ki, Quzey Azərbaycanda referedum olarsa, əhali Irana birləşməyə üstünlük verər. Onun daha bir fikri isə bundan ibarətdir ki, Quzey Azərbaycanda Islam dövləti qurulsun. Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq bir neçə təşkilatla birlikdə təxminən altı ay əvvəl BMT-yə müraciət etmişik ki, Güney Azərbaycanda müstəqillik referendumu keçirilsin. Amma bu səsvermə BMT-nin nəzarəti altında baş tutmalıdır. Bu baxımdan Hüseyn Şəriətmədari referendum məsələsində gecikib və həm də yerini səhv salıb. Qoy hər iki tərəfdə referendum keçirilsin. Görək hansı nəticələr ortada olacaq. Biz müstəqillik referendumunun keçirilməsinə razıyıq. Çünki əminik ki, hər iki tərəf referendumda bir-birinə qovuşmaq istəyəcək. Bu referendumda udan yalnız Azərbaycan xalqı, uduzan isə Əli Xameyninin tərəfdarı olacaq. Quzey Azərbaycanda Islam dövlətinin qurulmasına gəlincə, mən hər bir dövlətin demokratik prinsiplərə söykənməklə özünə başçı seçməsinin tərəfdarıyam. Hüseyn Şəriətmədariyə tövsiyəm o olardı ki, öncə belə bir refendum Iranda keçirsin. Görsün xalq onları qəbul edir, yoxsa yox. Istəyirlərsə, belə bir səsverməni Güney Azərbaycanda keçirə bilərik. Mən əminəm ki, millət Iran Islam idarəçiliyini bir sistem olaraq qəbul etməyəcək.
Lobbiçiliyə ciddi diqqət edirik
– Bir müddət əvvəl Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Bakıda keçirdiyi konfrans ciddi rezonansa səbəb oldu. Tədbirdən dərhal sonra rəsmi Tehran sərt bəyanatlarla çıxış etmişdi. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin digər təşkilatlardan fərqli edən cəhət nədir?
– Bu təşkilat 2009-cu ildə Amsterdamda 300-ə yaxın təşkilatın nümayəndəsi ilə təşkil edilən toplantıda təsis edilib. Təşkilatımız o zaman milli dövlətçilik uğrunda mübarizəni əsas hədəf tutdu. Bir müddət sonra isə Brüsseldəki toplantıda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi rəsmən quruldu. Təşkilatın qarşısında duran məqsədlərdən biri təşkilatlanmadır. Eyni zamanda Iran rejiminin basqısını nəzərə alaraq bu basqı gizli formada aparılmalıdır. Başqa bir fəaliyyət istiqaməti xarici ölkələrdə lobbiçiliklə məşğul olaraq Güney Azərbaycanın səsini dünyaya yaymaqdır. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq ilkin mərhələdə Güney Azərbaycanın müstəqilliyini hədəf götürmüşük. Sonrakı mərhələdə məqsəd Geneylə Quzeyin birləşməsidir.
– Hazırda Güney Azərbaycanda durum necədir? Geneydə gedən proseslərlə bağlı müxtəlif məlumatlar yayılır. Onların hansı doğru, hansı yanlışdır?
– Güney Azərbaycanda proseslər bizim istədiyimizdən də yaxşı gedir. Insanların hər hansı bir hərəkatı onların fikrindən başlamalıdır. Fikir formalaşmayınca hərəkat güclü ola bilməz. Hazırda Güney Azərbaycanda ciddi hərəkat gedir. Mübarizəmiz insanların böyük əksəriyyətinin fikirlərini formalaşdırmağa nail olub. Fikrin aşılanması hətta müstəqillikdən sonra da lazımdır.
– Iranda qarşıdan prezident seçkiləri gəlir. Bir qayda olaraq Iranda seçkilər ərəfəsində proseslər sürətlənir. Seçki dönəmi Güneydəki hadisələrə necə təsir edəcək?
– Iranda seçki deyə bir şey yoxdur. Millət seçki adı altında gedir səs verir. Görüntü xatirinə bir müddət əvvəl milləti seçkilərə cəlb etdilər. Bu dəfə isə seçkilər çox soyuq gedir. Onun üçün deyə bilərəm ki, Güney Azərbaycanda bilirlər ki, bu seçkidən də heç nə olmayacaq. Iranda hazırda çox ciddi iqtisadi böhranlar baş verir. Iranın milli valyutası hazırda dəyərini itirib. Digər valyutalara nisbətən yerli valyuta üç qat azalıb. Rejim böhran içərisindədir. Dünaynı öz qarşısında görür.
“Traxtor”un oyunları futbol yox, milli məsələdir
– Təbrizin “Traxtor” futbol komandasının keçirdiyi hər oyunda, demək olar, insanlar siyasi şüar səsləndirirlər. Artıq bu futbol oyunları sadə oyun məcrasından çıxıb və əslində Güneydəki soydaşlarımızın hüquqları uğrunda oyanış prosesinin bir təzahürü sayılır?
– Oyunlarda tez-tez belə bir şüar səslənir. “Nə qoldur, nə topdur, ”Traxtor” Milli Yoldur”. “Traxtor”un keçirdiyi oyunlar insanların öz sözlərini deməsi üçün bir şansdır. Komanda udsa da, uduzsa da gənclərimiz “Traxtor”u qalib adlandırırlar. Çünki artıq burada futbol yox, milli məsələ gedir. Bu da hərəkatın güclənməsinin bir nümunəsidir. Hər həftə insanlar oyuna gedir. Istər bu oyunlar Təbrizdə, istərsə də Tehranda keçirilsin.
– Hazırda ABŞ-ın Cənubi Azərbaycan məsələsinə baxışını necə dəyərləndirirsiniz? Çünki son zamanlar bir neçə dəfə Cənubi Azərbaycan problemi ABŞ rəsmilərinin dilinə gətirilib?
– Əslində Güney Azərbaycanın bu formada gündəmə gəlməsi Güney Azərbaycan Milli Azadlıq Hərəkatının gücünü göstərir. Əgər Güney Azərbaycandan hər hansı bir səs çıxmasa, bunlar da onu danışmazlar. Deməli, proseslər cərəyan edir ki, onlar da düşünürlər ki, geri qalmamalıdırlar. Əslində Güney Azərbaycanın azadlığı və oyanması ABŞ-ın əleyhinə olan proses deyil. Hər hansı bir dövlət öz əleyhinə olmayan prosesi gündəmə gətirməz. Məntiq deyir ki, ABŞ Güneydəki prosesi dəstəkləməlidir. Qərb dövlətləri regionda belə bir dəyişiklikdən narahatlıq duymurlar. Baş verə biləcək dəyişikliyi özünə təhlükə sayanlar bundan narahatlıq keçirə bilər.
– Azərbaycanın birləşməsi üçün tarix boyu bir neçə dəfə imkan yaranıb, inqilablar olub. Hazırda Geneydə baş verənlərin fonunda ABŞ-ın bu məsələni gündəmə gətirməsini bir tarixi şans sayanlar da var. Siz necə düşünürsünüz?
– Güney Azərbaycanda baş verən inqilablarda bəzən hədəfin düzgün götürülməməsi nəticəsində uduzan tərəf azərbaycanlılar olub. Təbriz camaatı elə olub ki, bir il yonca yeyib, amma rejimi dəyişməyə nail olub. Ancaq sonradan Pişəvəri və Xiyabani hərəkatında müəyyən səhvlər oldu. Onların etdikləri səhvləri artıq bu dəfə millət etmək istəmir. Indiyə qədər “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarı səsləndirilməyib. Bu və başqa şüarlar hazırkı hərəkatın məqsədlərini ortaya qoyur. Pişəvəri hərəkatında bəyan olunurdu ki, biz Iranın içərisində qalacağıq və Iran daxilində muxtariyyət istəyirik. Indisə hərəkat öz sözünü indidən deyir. Bəyan olunur ki, Cənubi Azərbaycan müstəqil olmaq istəyir. Çünki səksən il ərzində bizə verilən vədlərin hamısı kağız üzərində qalıb. Ona görə keçmiş səhvlərdən çıxış edərək düzgün mövqe tutmalıyıq. Hazırda tarixi fürsət yaranıb.
Türkiyədən daha çox dəstək gözləyirik
– Bəs Türkiyənin Güney Azərbaycan probleminə yanaşmasını necə dəyərləndirirsiniz. Biz bir qayda olaraq Türkiyə dövlət xadimlərinin Təbrizdə necə coşqu ilə qarşılandığının şahidi olmuşuq?
– Anadolu türkləri ilə Azərbaycan türkləri qardaşdır. Hər hansı bir siyasi partiya və ya şəxs bu qardaşlığı poza bilməz. Amma sırf Türkiyə hakimiyyətinin siyasətinə diqqət yetirsək, təəssüflə qeyd etməliyik ki, Güney Azərbaycana qarşı müsbət addım atılmır. Bu, əlbəttə, bizi narahat edir. Çünki Türkiyə Fələstinə görə Israil ilə savaşmağa qədər gedir. Güney Azərbaycana gəldikdə isə heç bir addım atmır. Əksinə, bəzi hallarda əngəl də yaratmağa çalışır. Quzey Azərbaycanla Türkiyəni müqayisə edəndə görürsən ki, Türkiyə həm silahlı qüvvələrinin gücünə, həm iqtisadiyyatına, həm də beynəlxalq nüfuzuna görə Irandan daha güclüdür. Biz sözdə “qardaşıq” kəlamlarını yox, praktik nəticələri görmək istəyirik.
– Ümumiyyətlə, son zamanlar Türkiyənin regionda rolu dəyişməkdədir. Çünki Israilin Türkiyədən üzr istəməsi bölgədə Ankaranın nüfuzunu artırıb…
– Biz hər bir hadisəyə Azərbaycanın milli mənafeyləri pəncərəsindən yanaşmalıyıq. Istər Türkiyə, istər ABŞ, istərsə də Rusiyanın siyasətini öz mənafeyimizlə ölçəndə görürük ki, Türkiyənin güclənməsi bizim xeyrimizədir. Arzumuz da budur ki, Türkiyənin bu güclənməsinin bir xeyri də Güney Azərbaycana dəysin. Necə ki, Azərbaycan Cumhuriyyəti Elçibəyin zamanından Türkiyənin yanında olub. Biz bunun qarşılığını görmək istəyirik. Həm Quzey, özəliklə də Güneyə münasibətdə Türkiyənin müsbət addımları görünməlidir. Biz bunu qardaş olaraq tələb edirik. Təəssüf ki, istədiyimiz arzularımızın böyük hissəsi reallaşmayıb. Istərdik ki, reallaşsın.
– Güney Azərbaycanda baş verənlərin mətbuatımızda işıqlandırılmasının necə dəyərləndirirsiniz?
– Iranın şimalında kiçik bir kürd muxtariyyəti yaradılıb. Həmin o muxtariyyət həm Suriya kürdlərinin, həm Türkiyədəki kürdlərin səsini dünyaya yayır, onlara büdcə ayırır. Indi bizim də dünyada bir ölkəmiz var və həmin ölkənin mediasından da müəyyən gözləntilərimiz var. Bizim səsimiz Quzey Azərbaycanın qəzetləri ola bilir. Biz oxşar münasibəti Rusiya mediasından gözləyə bilmərik. Güney haqqında hazırda mediada verilən məlumatlar yaxşıdır. Amma yaxşı bizə bəs deyil. Bu qiymətləndirmə əla olmalıdır. Hazırda elə dünyada yaşayırıq, burada informasiya böyük önəm daşıyır. Ona görə biz ummaları canımızdan başlamağa qərara gəldik. Bizim təşkilat Güneylə bağlı yazılan yazılarla bağlı jurnalistlər arasında bir müsabiqə keçirməyi də planlaşdırır. Bu barədə yaxın zamanda məlumat veriləcək.
Xəyal


