AXCP üzvü Dəyanət Babayev haqqında Nəsimi rayon polis şöbəsinin müstəntiqi Rövşən Kələntərov tərəfindən aparılan istintaq yekunlaşıb. Bu barədə Avropa.info-ya Dəyanət Babayevin özü məlumat verib. AXCP üzvünün dediyinə görə, bu gün keçrilən üzləşmə prosesində Nəsimi rayonu, Rəsul Rza küçəsi 31-də yerləşən “Ucuz Market”in sahibi və həmin marketin kassiri ilə üzləşdirilib. “Hər iki şəxs mənim üzümə durdular ki, guya mən vətəndaş Tofiq Səlimovu döymüşəm. Bundan sonra müstəntiq elan etdi ki, artıq iş yekunlaşdı və məhkəməyə təqdim olunacaq. Haqqımda açılan cinayət işi başdan-ayağa qondarmadır”. İttiham aktına görə,Babayev Dəyanət Səxavət oğlu alkoqol sərxoşluğu vəziyyətində 07 noyabr 2012-ci il tarixdə saat 23:00 radələrində Nəsimi rayonu, Rəsul Rza küçəsi 31 ünvanda yerləşən “Ucuz Market” mağazasının qarşısında Musa Rahim Mənəf oğlu ilə birlikdə bir qrup şəxs tərkibində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan ,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,vətəndaş üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər etməklə Səlimov Tofiq Fuad oğlunu nalayiq ifadələrlə təhqir edib bir neçə dəfə əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq Səlimova fiziki və maddi ziyan vurmuşlar. Bununla da Babayev Dəyanət Səxavət oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edək ki, Dəyanət Babayev qeyd olunan ittihamlarla razılaşmır və bunu siyasi fəaliyyətinə olan təzyiq hesab edir.
Cəbhəçi gəncin istintaqı yekunlaşdı
•


