Roland Kobia İlqar Məmmədovla görüşdü

Aprelin 4-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Kürdəxanı İstintaq Təcridxanasında ReAL hərəkatının sədri İlqar Məmmədovla görüşüb. Bu barədə “Azadlıq”a məlumatı hərakatın icra katibi Natiq Cəfərli verib. Onun sözlərinə görə, görüşdə səfir İlqar Məmmədovun saxlanma şəraiti, sağlamlığı ilə maraqlanıb. Görüş təqribən saat yarım çəkib, müxtəlif məsələlər müzakirə olunub. Natiq Cəfərli deyir ki, Roland Kobia bir neçə dəfə rəsmi dövlət qurumlarına müraciət etdikdən sonra İlqar Məmmədovla görüşə icazə verilib.
Qeyd edək ki, İlqar Məmmədov bu ilin fevralında həbs ediliblər. Barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilsə də, sonradan bu müddət daha 2 ay uzadılıb.
O, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
Hüquq-mühafizə orqanları bildirir ki, İlqar yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. İlqar Məmmədov isə bu ittihamları rədd edir və bildirir ki, onun həbsi siyasi sifarişdir.

Ramin DEKO