Əliyevlərin gizli biznesi dünya mediasında

ICIJ təşkilatının son araşdırmasını «Euronews», BBC, «The Guardian», «Der Spiegel» kimi nəhənglər dünyaya yaydı

Azərbaycanın dövlət başçısı İlham Əliyev və ailəsinə məxsus, offşor zonalarda qeyddiyatdan keçmiş şirkətlər barədə ICIJ (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının son araşdırması dünya mediasının diqqət mərkəzindədir.

Təşkilatın araşdırmasını dərc edən Britaniyanın “The Guardian” qəzetilə yanaşı, dünyanın bir sıra nüfuzlu media orqanları da bu materialı tirajlayıb.

Məsələn, 13 ən populyar dillərdə yayımlanan “Euronews” təşkilatın üzə çıxardığı faktlarla bağlı süjeti gün ərzində bir neçə dəfə efirə verib. Telekanalın hazırladığı süjetdə deyilir: “Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu offşor zonalardakı bank hesabları və şirkət sahiblərinin adlarını açıqlayıb. Bu araşdırmanı artıq ”Guardian” dərc edib. Adları siyahıya düşmüş nüfuzlu şəxslər sırasında Fransanın hazırkı prezidentinin təşviqat kampaniyasının xəzinədarı Jan-Jak Ojyenin də adı var. “Guardian”ın yazdığına görə, offşor şirkətlərə Azərbaycan prezidenti Ilham Əliyevin ailəsinin bir sıra üzvləri də sahibdir. Iddia olunur ki, tikinti maqnatı Həsən Gözəl dövlət başçısının iki qızının adına qeydiyyatda olan şirkətə rəhbərlik edir”.

Bundan başqa, BBC, Almaniyanın “Der Spiegel” jurnalı kimi nəhəng media orqanlarıyla yanaşı, yüzlərlə xəbər portalı, informasiya agentlikləri də təşkilatın aşkarladığı faktları yayımlayıb.

Əliyevin mətbuat katibi onun milyardlara sahib olmasında qeyri-adilik görmür

İlham Əliyevin mətbuat xidmətinin rəhbəri Azər Qasımov dövlət başçısının ailə üzvlərinin şirkətlərinin aşkarlanmasında qeyri-adi heç nə görmür.
“Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burada belə bir qeyri-adi heç bir şey görmürəm.
Onun xırdalıqları, kim orada direktordur, o birisilərdir, bu heç bir əhəmiyyət kəsb etmir”, – deyə Azər Qasımov “BBC Azərbaycanca”ya açıqlamasında bildirib.

“Azersun Holding”dən absurd açıqlama

Qeyd edək ki, sözügedən araşdırmada konkret sənədlərlə Ilham Əliyev və ailə üzvlərinin azı dörd offşor şirkətdə (Arbor Investments, LaBelleza Holdings, Harvard Management, Rosamund International) pay sahibi olduğu bildirilir. Virciniya adalarında yaradılmış bu şirkətlərdən üçünün prezidentin qızları Arzu və Leylanın adına yaradıldığı, bu şirkətlərin direktorunun isə “Azersun Holding”in rəhbəri Həsən Gözəl olduğu iddia edilir.
“Azersun Holdinq”dən isə bu məlumatın “qərəzli” olduğunu deyiblər.
“Bu tamamilə qərəzli, qeyri-dəqiq araşdırmalara əsaslanmış materialdır, informasiya yığınıdır. Qeyri-dəqiq informasiya yığınlarına açıqlama vermək niyyətində deyilik”, – deyə “Azersun Holding”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov “BBC Azərbaycanca”ya açıqlamasında bildirib.
“Azersun Holdinq”in sözçüsü xarici ölkələrdə Azərbaycandakı Mətbuat Şurasından olmadığına təəssüflənir: “Mən təəssüf edirəm ki, Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə aparmağına baxmayaraq, onların səlahiyyətləri Azərbaycandan kənarda tanınmır. Kaş ki, dünyada buna oxşar belə bir qurum olardı və beynəlxalq reket jurnalistlərin fəaliyyətinə qiymət verərdi”.

Informasiya şöbəsi