Sədərək Gömrük Məntəqəsində baş verənlərlə bağlı Naxçıvan prokurorluğunun yaydığı açıqlamanı oxudum və doğrusu, bu absurd və qəşş ediləsi “açıqlamaya” gülə bilmədim, əksinə, heyrətləndim və hələ də heyrət içindəyəm. Prokurorluq rəsmi olaraq bildirir ki, Türkiyədən ərzaq məhsulları gətirən Nadir Məmmədov Sədərək Gömrük Idarəsinin buraxılış məntəqəsindən keçərkən müvafiq sənədləri yoxlamaya verməyib və dövlət rüsumunu ödəməkdən imtina edib. Bununla da kifayətlənməyib, N.Məmmədov fağır, yazıq, üz-gözündən sevgi tökülən, qanunların keşiyində şərəflə duran gömrük işçilərini nalayiq sözlərlə söyüb və… cibindən çıxardığı bıçaqla hüquqpozmalara qarşı mübarizə bölməsinin rəisi Vüsal Həsənovu öldürməyə qalxıb.
Prokurorluq bu qəbildən açıqlamalarını davam etdirir və yazır ki, həmin vaxt hadisə yerinə Nadirin qayınatası Məmməd Qurbanov gəlib; hüquq müdafiəçiləri və jurnalistlə Gömrük məntəqəsinə yaxınlaşan Qurbanov çatar-çatmaz qolunu çirmələyib, girişib davaya, yük şöbəsinin müdirini yumruqlamağa başlayıb…
Bu açıqlamanın yalan olduğunu isbatlamağa girişməyəcəm; bu açıqlamanı yazanları ələ salmayacam, gülüş hədəfinə çevirməyəcəm: zatən prokurorluq özü-özünü o qədər açıq şəkildə rüsvay edib ki, onu incələməyə girişmək ayıbdır. Hər şey göz önündə, açıqlama – yəni “quyruqlu-buynuzlu keçi” – ortada ikən, oxuculara səslənib, “bu keçidir” demək Naxçıvan prokurorluğu səviyyəsinə düşməkdən başqa bir şey deyil.
Heyrətim başqa məsələyə, işarəm başqa məqamadır. Baxın, bu, Naxçıvan Prokurorluğudur: savadsız, məntiqsiz, başdan-başa yalanla dolu, yalnız düşüncə və təfəkkür şikəstinin yaza biləcəyi səviyyədə açıqlama ilə öz səviyyəsini bu gün bütünlüklə ortaya qoydu.
Ötən gün Naxçıvan MTN-nin hansı səviyyədə olduğunu göstərən açıqlaması ilə tanış olduq: Turac Zeynalovun qətli və canını götürüb, Azərbaycandan qaçan gənc Ibrahim Musayevin ifşaedici faktlarına MTN elə bir “araşdırma cavabı” hazırlamışdı ki, bu boyda qurumun başında dayananların düşüncə məhdudluğu adamı şoka salırdı.
Naxçıvan xanı Vasif Talıbovun intellektinin hansı ucalıqda durduğunu isə bu ölkədə illərdir ki, hamı bilir: adam “XXI əsr” sözünü “iks-iks birinci əsr” kimi oxumaq səviyyəsinə sahib olduğunu hələ 14 il bundan əvvəl Azərbaycan xalqına canlı efir vasitəsilə göstərib.
Görürsünüzmü? Görürürsünüzmü ki, Naxçıvan kimi müqəddəs torpağı, naxçıvanlılar kimi zəkalı, savadlı, ayıq, fəal camaatı kimlər idarə edirlər?!
Məsələ təkcə onda deyil ki, savadlı və məntiqli sadə naxçıvanlıları savadsızlar və məntiqsizlər idarə edirlər; dəhşət həm də ondadır ki, bu məntiqsiz və savadsızlar öz ağ yalanları ilə naxçıvanlıları illərdir aldatdıqlarını zənn edirlərmiş və beyinləri o qədər piylənib ki, indi də bu cür sapma-sapan, gözgörəti iftiralarını bütövlükdə Azərbaycana sırımaq səviyyəsində bir ayıba imza atırlar.
Bu yalanları danışmaq üçün insanın hansı səviyyədə aşınmaya, mənəvi və idraki baxımdan necə bir korroziyaya məruz qalması haqqında uzun-uzadı danışmaq niyyətindən də çəkinirəm; çünki bu yalanı xalqa yedirtmək təfəkkürünün özü məni dəhşətə gətirib!
Yəni belə təfəkkürlü insanlar varmı? Bu rüsvayçılıqda savadsızlıq… olarmı?
Yox, vallahi ki yox; bu, savadsızlıq, ağılsızlıq deyil, bunun adı yoxdur, insanlıq buna ad tapmayıb: çünki bəşəriyyət milyon illik tarixi ərzində belə şeylərlə qarşılaşmayıb ki, ona hələ ad da qosun!
Yəni ölkəyə mal gətirən xırda sahibkarın gömrükdə rüsum ödəməkdən imtina etməsini və bıçağa əl atıb dövlət rəsmilərinin üstünə hücum çəkməsini hansı insan ağlı uydura bilər? Yəni ağıllarına gəlmir ki, bu yalan açıqlama ayıbdır, rüsvayçılıqdır? Yəni bunlar utanmaq, abır etmək kimi hissləri doğrudanmı itiriblər? Bu ki savadla, təhsillə, ağılla, məntiqlə deyil; heç ailə tərbiyəsi ilə də bağlı deyil… Bu, sırf insana xas olan təbii hissdir.
Insan olaraq toplumda yaşamağın əsas şərtidir utanc hissi. Bu hissdən məhrum olanlar Naxçıvan kimi mədəniyyət və sivilizasiya ocağını kimsəsiz cəngəllikmi sanırlar?
Bəs, naxçıvanlılar necə dözür bunlara?

Naxçıvana kimlər rəhbərlik edir, ilahi!
•


