Qəbələ RLS-i Kəmaləddin Heydərov sökəcək

Bununla bağlı artıq komissiyanın yaradıldığı və quruma «fövqəlnazir»in rəhbərlik etdiyi bildirilir

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qəbələ RLS-lə bağlı gələncək planlardan danışarkən bildirib ki, oranın söküləgəyinə işarə vurub. Novruz Məmmədov Trend-ə açıqlamasında bildirib: “Biz artıq demişdik – o zona əslində çox böyük bir turizm zonasıdır.
Orada çox böyük ərazi var və o ərazi kənd təsərrüfatı, turizm üçün çox cəlbedici bir yerdir. Bu günün özündə Qəbələ nə qədər insanları cəlb edir, orada böyük beynəlxalq tədbirlər, festivallar keçirilir, diplomatik korpusun üzvlərinin əksəriyyəti hər istirahət günündə oraya gedirlər. Bu istiqamətdə də işlər getdiyi üçün düşünürəm ki, Qəbələ bundan sonra çox gözəl istirahət, turizm və eyni zamanda cəlbedici yer olacaq. Indi də belədir və orada bunun üçün bütün imkanlar var. Bütün bunlara baxmayaraq, Rusiya ilə münasibətimizdə və danışıqlarımızda əlimizdən gələni etdik ki, bütün bunların hamısı baş tutsun”.
Xatırladaq ki, Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə bağlı dekabrın 10-da Azərbaycan tərəfinə Nota təqdim edib.
“Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyətdə Qəbələ RLS-in söküləcəyi ilə bağlı qəti qərar var. Hətta artıq bununla bağlı komissiyanın tərkibinin müəyyənləşdirildiyi də iddia edilir. Məlumata görə, komissiyaya rəhbərlik fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırılıb. Bir müddət sonra RLS-in söküləcəyinə start veriləcəyi bildirilir.