Heydər Əliyevi anım tədbirində yumurta “atәşi”

Ankarada Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar keçirilən bir tədbirdə qəribə olay baş verib.

Belə ki, Hacettepe universitetində təşkil edilən konsertə qatılan Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay (şəkildə soldan birinci) yumurta atəşinə məruz qalıb. Konsert zamanı iştirakçı tələbələrdən bir neçəsi nazirə yumurta atıb. Nazirin mühafizəçiləri çətirləri açaraq, onu yumurta “atəşindən” qorumağa çalışıblar.

Az sonra tələbələri təhlükəsizlik xidməti salondan uzaqlaşdırıb.

Məsələnin maraqlı məqamlarından biri də olayın Azərbaycan yetkililərinin necə deyərlər, gözləri qarşısında baş verməsidir. Belə ki, konsertdə Azərbaycandan baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, təhsil naziri Misir Mərdanov və Türkiyədəki səfirimiz Faiq Bağırov da iştirak edib.

Aydın Taş