Xalid Ağəliyev: «Qəzetlərə qarşı mülki iddialarda tələb olunan cərimələrin məbləği 4 milyon manatı ötür»
Azərbaycanda ifadə azadlığının sərhəddi getdikcə daralır və yalnız vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası sayəsində bunun qarşısını almaq olar. Dünən Beynəlxalq Insan Hüquqları Günü münasibətilə Media Mərkəzdə keçirilən “Azərbaycanda ifadə azadlığını vəziyyəti” mövzusunda “dəyirmi masa”nın əsas leytmotivi belə olub.
Media Hüququ Institutunun direktoru Rəşid Hacılı qeyd edib ki, Azərbaycan həbsxanalarında 9 jurnalistin və vətəndaş cəmiyyəti fəallarının saxlanması ifadə azadlığının vəziyyətinin göstəricisidir.
O, digər indikator kimi “Azadlıq” qəzeti ilə bağlı durumu göstərib. Belə ki, qəzet məhkəmə cərimələri və nəşriyyata olan borcuna görə maliyyə təzyiqləri məngənəsindədir.

RATI-nin direktoru Emin Hüseynov qeyd edib ki, bu il Bakıda iki böyük beynəlxalq tədbirin- Eurovision və Internet Idarəçiliyi üzrə Qlobal Forum keçirilməsi ilə əlaqədar dünya birliyinin diqqətini insan hüquqları ilə bağlı problemə yönəltmək mümkün olub. Lakin, vəziyyət yaxşılaşmayıb.
Ifadə azadlığı problemi 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçiriləcəyini şübhə altına alır. Odur ki, vətəndaş cəmiyyəti diqqəti bu problemə yönəltməlidir.
O, Bakıda yaşayış evlərinin damlarından peyk antenalarının söküldüyünü qeyd edib ki, bu da hakimiyyətin “Azadlıq radiosu” televiziyasının və “Azadlıq” qəzetinin teleproqramlarına baxılmasına imkan verməmək cəhdi ilə bağlıdır.
MHI-nin nümayəndəsi Xalid Ağəliyev qəzetlərə qarşı mülki iddiaların verilməsi tendensiyasının artdığını qeyd edib. Hazırda qəzetlərdən tələb olunan cərimələrin məbləği 4 mln. manatı ötür. Ən çox cərimə edilən qəzetlər “Azadlıq” və “Yeni Müsavat”dır. Belə ki, onların gələcək fəaliyyəti də sual altındadır. Digər problem isə mətbəələrin müxalifət qəzetlərinin nəşrindən imtina etməsidir. Görüş iştirakçıları qeyd ediblər ki, bu təzyiqlərin qarşısını almaq üçün vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası lazımdır.


