KXCP-dəki fraksiyaya dəstək davam edir

KXCP-nin “Demokratik Birlik” Fraksiyası bəyanat yayaraq, qurumun Siyəzəndə də yerli təşkilatının yaradıldığını açıqlayıb. Bəyanatda bildirilir:
“Son zamanlar dünyada, o cümlədən Azərbaycanda cərəyan edən siyasi proseslər və baş verənlərin ölkəmizə mümkün mənfi təsirləri vətəndaşlar tərəfindən narahatlıqla qarşılanmaqdadır. Iqtidarın siyasi hadisələrə anormal münasibəti, siyasi partiyaların və demokratik müxalifətin pərakəndə fəaliyyəti vətəndaş, ziyalı və cəbhəçi olaraq, biz siyəzənliləri də çox narahat edir. Torpaqlarının 20 faizindən çoxu işğal edilmiş, qonşu düşmən dövlətlər və böyük güclər tərəfindən varlığı təhdid altında olan bir millət kimi, birləşməyimizə çox ciddi ehtiyac yaranıb. Bu birliyin təmin olunmasında əsas rol və məsuliyyətin milli demokratik qüvvələrin, o cümlədən Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttində dayanan partiyaların üzərinə düşdüyü qənaətindəyik.
Biz – bu bəyanata imza atmış Siyəzən sakinləri arzu edilən birliyin təmin edilməsi istiqamətində KXCP-nin “Demokratik Birlik” Fraksiyasının fəaliyyətini yüksək dəyərləndirir və onun sıralarına qoşulduğumuzu bildirməklə yanaşı, KXCP Siyəzən rayon şöbəsinin təsis konfransını keçirməyə hazır olduğumuzu bəyan edirik”.
Bəyanatı 22 nəfər imzalayıb.