inkoqnito

Azərbaycandan qaçan MTN-çinin səs yazısı yayıldı

inkoqnitoNaxçıvandakı iyrənc əməliyyatın icraçısı İbrahim Musayevin danışığının stenoqramı

Türkiyənin “Medya TV” kanalında efirə çıxan “Azərbaycan saatı” verilişində Naxçıvan MTN-ində işgəncələr nəticəsində dünyasını dəyişən Turac Zeynalovun xanımı Gülnar Ağayevaya qarşı təxribatın icraçısı olan Ibrahim Musayevin səs yazısı yayılıb.
Xatırladaq ki, Ibrahim Musayev Azərbaycandan qaçıb. Özünü Naçıvan MTN-nin əməkdaşı kimi təqdim edən bu şəxs qəzetimizə verdiyi məlumatlarda bildirir ki, Naxçıvan MTN-nin rəhbərliyi tərəfindən Gülnar Ağayevaya qarşı şərəfsiz əməliyyatın icraçısı olub. Məqsəd Gülnar Ağayevanı susdurmaq olub. Ibrahim Musayev Gülnar Ağayeva ilə tanış olaraq onunla münasibət qurub. MTN əməkdaşı Turac Zeynalovun xanımı aldadıb ki, onunla ailə quracaq. Beləliklə də Gülnar Ağayevanın etibarını qazanaraq MTN-nin iyrənc planlarını icra edib. Özünü Gülnar Ağayevaya narkobaron kimi təqdim edən Ibrahim Musayev qadının narkotik vasitə ilə həbs olunmasına nail olub. Bundan sonra Gülnar Ağayevanın sosial şəbəkələrdə “etirafları” yayılıb. O, ərinin xəstəlikdən öldüyünü, Naxçıvan MTN-nin bu məsələdə heç bir təqsiri olmadığını bildirib. Gülnar Ağayeva ona qarşı tələ qurduğunu anlayandan sonra isə Ibrahim Musayevə onu aradan götürmək tapşırılıb. Ibrahim Musayev bu əməliyyatı yerinə yetirməyərək ölkədən qaçıb.

MTN İbrahim Musayevin dediklərilə bağlı yaydığı açıqlamada qurumun belə bir əməkdaşının olmadığını iddia edib. “Azərbaycan saatı”nın yaydığı materialda isə Ibrahim Musayev MTN-dən ona vəsiqə verildiyini deyir. O, həmçinin Turac Zeynalovun necə öldürüldüyünü diqqətə çatdırır. Səs yazısının stenoqramını təqdim edirik: “Hazırda Naxçıvanda qalmıram. Anam, qardaşım, nənəm, babam orada qalır. Məni elə bir vəziyyətə saldılar ki, toy mərasimimdə anam da iştirak eləmədi… Beynəlxalq təşkilatlardan kömək gözləyirəm. Azərbaycana heç vaxt qayıtmayacağam, ta ki, hakimiyyət dəyişməyənə qədər. Kim nə vəd verir, kim nə söz verir versin ailəmin, övladımın həyatını təhlükəyə atmaq istəmirəm.
Ilk vaxtlarda mənə də özləri vəsiqə hazırlayıb vermişdilər. Birinci dəfə 2010-cu ilin noyabrında Naxçıvandan gizli yolla aparılan qədimi əşyalar, sonra Bakıda qiymətli bir daş məsələsi vardı. 5 milyon manat qiymət qoymuşdular. “Hacı” ləqəbində bir insan idi. Onun işinə baxdım. Turacın işində məxfi sənədləri gördüyüm üçün tutub məhkəmə prosesində bunları deyə biləcəyim üçün tutmaq əlverişli deyildi… Asılmağında orda olmamışam(Turac Zeynalovu nəzərdə tutur). Mobil telefonda videosunu görmüşəm. Nazirliyin əməkdaşı çəkmişdi, onun telefonunda baxmışam. Döyülməyi – dubinkayla, taxtayla, küt alətlərlə başından vurmaq, bədəninə iki nəfər nazirliyin əməkdaşları.
Nazirliyin xüsusi təyinatlı əməkdaşları maskalı vəziyyətdə təzyiq göstərmişdilər. Turacın ölümünə qərar veriləndən sonra orada olmadım, ancaq onların ora maskasız getdiyini bilirəm. Çox az işıqlandırılan bir otaqdır. Işıq kənarlarda yoxdur, Turacın üstünə salınır. Deyə bilmərəm işıq ora niyə salınıb, niyə Turacın üstünə düşüb. Ancaq telefondan çəkildiyini bilirdim. Videoya iki-üç dəfə baxmışam”.