Misirdə qarşıdurma səngimir

Mursinin müraciəti aranı yenidən qatdı; ordu ilk dəfə açıqlama yaydı

Qahirə küçələrində Misir prezidenti Məhəmməd Mursinin əleyhdarları və tərəfdarları yenidən toplaşmağa başlayıb. Bundan əvvəl ordu nümayişçiləri dağıtmışdı. Dövlət başçısının iqamətgahı ətrafında yenə barikkadalar qurulur. Prezident Mursi xalqa müraciət edib. O, müxalifəti şənbə günü dialoqa başlamağa çağırıb. Müxalifət isə onun təklifi üzərində düşündüklərini bəyan edib.

Müxalifət prezidentin çıxışından məyus olub. Belə ki, dövlət başçısı mahiyyətcə heç bir güzəştə getməyib, müxalifətin tələblərindən heç birini yerinə yetirməyib. Məhəmməd Mursi yalnız dialoqa başlamağa hazır olduğunu bildirib.

“Mənim iqamətgahımın yaxınlığında insan tələfatına görə üzr istəyirəm”, – deyən Məhəmməd Mursinin sözlərinə görə, belə hadisələr siyasi fikir ayrılıqları üzündən baş verir: “Siyasi böhranı yalnız dialoq yolu ilə həll etmək olar. Biz ifadə azadlığına hörmətlə yanaşırıq. Amma vandalizm və qətllərlə barışa bilmərəm”.

“Söz verirəm ki, əvvəlki rejimin dəhşətləri Misirə qayıtmayacaq. Amma israr edirəm: çoxluğun iradəsi var və onu ölkənin bütün sakinləri qəbul etməlidirlər. O ki qaldı Konstitusiya bəyannaməsinə, mən onu hakimlərin hüquqlarını məhdudlaşdırmaq üçün yox, yeni Konstitusiyanı müdafiə etmək və ölkənin suverenliyini müdafiə etmək üçün qəbul etmişəm”, – Məhəmməd Mursi bəyan edib.

Bu gwn Misir ordusu da qarşıdurmanın başladığı vaxtdan bəri ilk dəfə olaraq müraciət yayıb. Ordu dialoq vasitəsi ilə siyasi böhranın öz həllini tapmayacağı təqdirdə ölkə üçün “fəlakətli nəticələr“in ortaya çıxa biləcəyini bəyan edib. Müraciətdə deyilir  ki, ciddi dialoq siyasi mübahisələrə milli maraqlar naminə üstün gəlmək üçün “ən yaxşı və yeganə“ yoldur.