Təşkilatçılar Bakı şəhər Baş Polis Idarəsinə çağırılıb
“Ictimai Palata dekabrın 10-na təyin etdiyi aksiyanı keçirməkdə israrlıdır, bununla bağlı qurumda hər hansı fikir ayrılığı yoxdur”. Bunu APA-ya açıqlamasında Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı deyib.
O bildirib ki,ÿ Bakı şəhər Icra Hakimiyyətinin aksiya ilə bağlı cavabını əvvəlcədən təxmin ediblər: “Bilirdik ki, Bakı şəhər Icra Hakimiyyəti bu dəfə də aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyəcək”.
R.Manaflı qeyd edib ki, Ictimai Palatanın dəstəklədiyi aksiya dekabrın 10-da Milli Məclisin binası qarşısında keçiriləcək: “Polisin bunun qarşısını almaq niyyətindən də xəbərdarıq. Istənilən halda aksiyanın keçirilməsinə səy göstəriləcək”.
Müsavat Partiyası isə Bakı şəhər Icra Hakimiyyətini məhkəməyə verəcəyini bəyan edib. Buna səbəb dekabrın 10-da Milli Məclisin binası qarşısında aksiya keçirilməsi ilə bağlı müraciətə mənfi cavab verilməsidir. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı BŞIH-nin cavabının hüquqi tərəflərinin araşdırılaraq məhkəməyə müraciət ediləcəyini bildirib. G.Aslanlı meriyanın cavabına baxmayaraq aksiya qərarının qüvvədə qaldığını, hazırlıqların davam etdiyini deyir: “Dekabrın 8-də Müsavatın qərargahında partiyamızın rayon təşkilatlarının sədrlərinin genişləndirilmiş toplantısı olacaq. Həmin gün saat 5-də aksiyanın təşkilatçılarından biri kimi məni Bakı şəhər Baş Polis Idarəsinə çağırıblar”.
Bakı şəhəri Icra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında deyib ki, piketin keçirilməsi ilə bağlı müraciətə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun əsasında baxılıb və cavab verilib: “Cavab məktubunda aksiyanın keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Səbəb isə qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndində göstərilən tələblər olub. Qanunun həmin müddəasında bir sıra dövlət qurumlarının qarşısında yaxınlığında aksiyaların keçirilməsində məhdudiyyətin olması qeyd olunur. Aksiyanın təhlükəsizliyinin təmini və ya qarşısının alınması isə hüquq mühafizə orqanlarının səlahiyyətindədir”.


