Indi də keçiblər “vətən, dövlət” adını hallandırmağa, Milyarderlər Ittifaqını gözdən salmaq üçün bu qurumda cəmləşən şəxslərdən bəzilərinin dələduz olduğunu, ətraflarında ermənilərin birləşdiyini iddia etməyə, milyarderlərin Azərbaycanın adına “xələl gətirmələri” barədə nağıllar danışmağa…
Bu məmləkəti idarə edənlərdən bəzilərinin ermənilərlə “oturub-durması” yox, arvadlarının, qayınlarının erməni olması; Ermənistandakı, Göyçə gölünün ətrafındakı turizm obyektlərini azərbaycanlı məmurların tikməsi, Azərbaycan dövlətinin Ermənistana Gürcüstan üzərindən neft məhsulları satması barədə faktlar ortada ikən, Rusiyada hansısa azərbaycanlının “böyür-başında” ermənilərin “dolaşdığını” söyləmək və insanların “vətənpərvərlik duyğusuna” toxunmaqla nəsə əldə etməyə çalışmaq istəyindən əbləh bir siyasi cəhdi ağlıma gətirə bilmirəm. Azərbaycanda 30 min erməni ailəsinin yaşaması ilə fəxr edən, ölkənin rəsmi simvollarından olan “Müstəqillik ulduzu” abidəsinin layihəçiləri sırasında erməni memarının adının yazılmasına normal yanaşan bir hakimiyyətin nümayəndəsi kimisə “erməni ətrafı” ilə suçlaya bilərmi?
Rusiyadakı azərbaycanlı milyarderlərin biri ona-buna pul “atırmış”, “dələduz” imiş… Hakimiyyətin şanlı deputatı Gülər Əhmədovanın pul qalmaqalı bu boyda millətə gün kimi aydın olandan sonra YAP rəsmilərinin də etiraf etdikləri bu xanıma qarşı 3 aya yaxındır heç bir əməli addım atmayan, əksinə, bircə kəlmə “ağzımı açdırmayın” sözü ilə qısılıb, danışmayan insanların kimisə dələduz adlandırması artıq insan ağlının gücü yetməyən və buna görə də ad qoya, tərifini verə bilmədiyi haldır.
Son 20 ildə ölkə elmini dünyanın reytinq siyahısında sondan 7-ci yerə aparıb çıxaranlar, korrupsiya və rüşvət siyahısında Azərbaycanın adını Ermənistandan daha bərbad yerdə hallandıranlar, Avropaya 48 milyard dollar çirkli pul çıxarmaqla özlərinin əsl mahiyyətlərini ortaya qoyanlar, Dubayda villalar alıb, məmləkətin yeraltı-yerüstü sərvətlərini ailələrinin adına rəsmiləşdirənlər “vətən”i düşünürmüş, “dövlət”in qeydinə qalırmış.
Azərbaycanda baş verən quldurluqlar, adam oğurluqları, hakimiyyətin öz vətəndaşlarına qarşı həyata keçirdiyi “uğurlu” əməliyyatlar artıq Avropada dillərdən düşmür; MTN işçisi Ramin Nağıyevin dəhşətli faktları sırasına Ibrahim Musayevin tükürpədici əməliyyat etirafları da əlavə olunub. Bu hakimiyyətin öz vətəndaşına qarşı hansı eybəcər üsullardan istifadə etdiyi, qətl və qarətlər törətdiyi üzə çıxdığı məqamda hakimiyyət buna aydınlıq gətirmək əvəzinə, hansısa “xarici qüvvələrin əlinə işləyən” yad ölkə vətəndaşını hədəfə alır.
MTN-nin keçirdiyi əməliyyatlara baxanda adam xəcalət çəkir: bu yekəlikdə qurum müxalif söz adamlarını şantaj etməklə, onların videolarını yaymaqla məşğulmuş; öldürdüyü kimsəsiz, sadə, avam Azərbaycan vətəndaşının arvadını yoldan çıxarırmış, sonra da işi ört-basdır etməkdən ötrü onu aradan götürməyi planlayırmış… DIN-in “tarixi xidmətlərini” göz önünə gətirəndə bu ölkədə doğulduğun üçün taleyinə lənətlər yağdırırsan: bu qurum adam oğrularına və qatillərinə – Hacı Məmmədovun timsalında – qucağında yer açmaq, sahibkarları türməyə soxub, sərvətlərinin alindən alınması prosesinə töhfə vermək, insanları şərləməklə işini bitmiş sayırmış.
“Vətən” və “dövlət” anlayışlarını dilə gətirən və “terrordan əziyyət çəkdiyini” bəyan edən hakimiyyətin PKK terror təşkilatına yardımları bütün dünyanı dolaşmaqdadır; vətəndaşı acından öldüyü halda, bir heykəlin xarici ölkədə qoyulmasına 5 milyon xərcləyib, heykəlin yerindən tərpənməməsinə 4 milyard yatırım sərf etməyə hazır olduğunu beynəlxalq aləm yazmaqdadır. Və bütün bunlardan sonra iqtidar nümayəndəsi danışmağa söz tapırmış!
Rayonların sosial-iqtisadi inkişafına ayrılan milyonlar bir yana, ölkənin şimal-qərbində baş verən zəlzələdən zərər çəkənlərə ayrılan 300 milyon manat vəsaitin, əslində, ayrılmadığı, bütövlükdə mənimsənildiyi və görülən işləri Kəmaləddin Heydərovun öz şəxsi “Gilan”ı vasitəsilə öz “şəxsi” imkanları hesabına aparması barədə söz-söhbət yayılırsa, mafiozlar əlində can verdiyinə heç bir şübhə olmayan bu ölkənin hansı “vətən və dövlət maraqlarından” söhbət gedə bilər?
Hələ kimisə şərləməyə söz də tapırlar… Bir partiyanın qurucularından olan şəxs ki onu “Simasız Quldurlar Partiyası” adlandıra, o qurum təmsilçilərindən başqa nə gözləmək olar?!

“Simasız quldurların” vətən-dövlət anlayışı
•


