«İlham Əliyev atasının yaratdığı mifi saxlaya bilmir»
Asəf Quliyev: «Dövlətin onurğa sütunu olan MTN-də belə hadisələrin baş verməsi rüsvayçılıqdır»
“Naxçıvanda istənilən vaxt partlayış baş verə bilər”
Bugünkü müsahibimiz AXCP sədrinin müavini Asəf Quliyevdir. Onunla söhbətə Naxçıvandakı son durumu müzakirə etməklə başladıq. Çünki tətbiq olunan qeyri-rəsmi qadağaya əsasən Türkiyədən Naxçıvan ərazisinə hətta bir ailə üçün yetəcək qədər ərzaq məhsulunun gətirilməsinə yol verilmir.
– Asəf bəy, bu qadağanı kim tətbiq edib?
– Azərbaycanın başqa bölgələrinə baxanda Naxçıvanda vəziyyət daha ağırdır. Naxçıvanın blokada vəziyyətində olması buradakı iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Buna görə də camaatın əsas dolanışıq yeri ərzaq məhsullarını Iran və Türkiyədən gətirərək satmaqdır. Bu da kütləvi şəkildə deyildi. Hər adam bu ölkələrdən maksimum 5 kiloqram ərzaq məhsulları gətirirdi. Son vaxtlar buna da qadağa qoyurlar. Hətta iki kiloqram ərzaq məhsulunun gətirilməsi qadağandır. Mən bunun şəxsən şahidi olmuşam. Amma qadağanın hansı qanuna istinadla həyata keçirildiyi əsaslandırılmır. Çünki hətta yük artıqdırsa belə bunun dövlət rüsumu ödənilərək keçirilə bilər. Bunun da bir neçə səbəbi var. Bilindiyi kimi, Naxçıvanda əkin sahələri müəyyən nazirliklərin, dövlət strukturlarında işləyənlərin arasında bölünüb. Bu idarələrdə işləyənlər əkib-becərdikləri məhsulların satışı üçün Iran və Türkiyədən kartof və digər kənd təsərrüfatı məhsullarının Naxçıvana gətirilməsinə qadağan qoyurlar. Bu inhisarçılıq yerli hakimiyyətdən qaynaqlanır. Hazırda da qadağa qalır. Bu məhdudiyyət ölkədə siyasi gərginlik artan kimi müəyyən müddətə götürülsə də sonradan yenidən qüvvəyə minir.
Naxçıvanda böyük narazılıq var
– Naxçıvanda Ictimai Palatanın toplantısında vurğulanan maraqlı məqamlardan biri gecə saat on birdən sonra mülki geyimlilərin küçədəki əhalini sorğu-sual etməsidir. Bu nəyi göstərir. Yerli hakimiyyət sosial partlayışın baş verməsindənmi narahatdır?
– Bu proses Naxçıvanda məlum vərəqələrin paylanmasından sonra başladı. Biz nə qədər cəhd etsək də, həmin vərəqələrdən əldə edə bilmədik ki, həmin vərəqələrdə nəyin və necə yazıldığını konkret bilək. Naxçıvanda gecə vaxtı məhlələrin hamısında mülki geyimlilər, polislər gəzirlər və axşam vaxtı çölə çıxanları saxlayıb, kimliyini öyrənirlər, nə məqsədlə və hara getdiyini dəqiqləşdirirlər. Ictimai Palatanın da tədbirdə iştirak edən üzvləri bu cür rəftarla üzləşib. Hazırda Naxçıvanda böyük narazılıq var. Hüquqlarının hər addımbaşı pozulması insanları bezdirib. Bakıda olduğu kimi Naxçıvanda da hakimiyyətdən böyük narızılıq var. Paytaxtda aksiyaların keçirilməsi, hakimiyyət daxilində baş verənləri Naxçıvanda da diqqətlə izləyirlər. Bütün bunların fonunda Naxçıvanda da kütləvi narazılığın baş verəcəyindən ciddi narahatdırlar. Ona görə bunun qarşısını almaq üçün bu cür təzyiq vasitələrindən istifadə edirlər.
– Bu vərəqələri kim yaymışdı və məqsəd nə idi?
– Bu vərəqələri kimin yaydığı tapılmayıb. Bir şəxsdən şübhələnirlər və kurtkalı bir şəxsi axtarırlar. Bu vərəqələrlə yanaşı şəhərin müxtəlif yerlərində pis söyüşlər də yazılıb. Biz bunu qəbul etmirik. Bu yazılar, vərəqələr cəmiyyətə böyük təsir edir. Naxçıvanda hamı gözləyir ki, nəsə ola bilər. Əhalidə böyük narazılıq var. Bunu da hakimiyyət orqanları yaxşı bilir. Naxçıvanda bir gərginlik var. Naxçıvanda istənilən vaxt partlayış baş verə bilər. Hakimiyyət orqanları bu partlayışın qarşısını almağa çalışırlar. Eyni zamanda əhali Bakıda proseslərin hansı formada gedəcəyini gözləyir.
Müavinlərdən biri Ramiz Mehdiyevin yerinə hazırlana bilər
– Naxçıvan MTN ilə bağlı tükürpədici xəbər yayıldı. MTN-in keçmiş əməkdaşlarından Ibrahim Musayev Turac Zeynalovun qətlindən sonra onun həyat yoldaşının hansı iyrənc yollarla ərinin haqqını tələb etməkdən yayındırıldığını ifşa edir. Baş verəni necə dəyərləndirirsiniz?
– Naxçıvanda vətəndaşlara təzyiq edilməsi, onların işgəncələrə məruz qalması çoxdanın məlumatıdır. Naxçıvanda haqqını tələb edənlər dəlixanaya salınır, rüşvət təklif olunur, ailə üzvlərinə qarşı təzyiqlər edilir. Bu çox ciddi məsələdir. MTN-in bir əməkdaşının yoxa çıxması, digərinin ölkədən qaçaraq belə məlumat verməsi onu göstərir ki, Milli Təhlükəsizlik Nazirliyi dövlətin təhlükəsizliyi ilə yox, tamamilə başqa işlə məşğuldur. Dövlətin onurğa sütunu olan MTN-də belə hadisələrin baş verməsi rüsvayçılıqdır.
– Gündəmin daha bir mövzusu Ramiz Mehdiyevə 4 müavinin təyin olunması ilə bağlıdır. Burada müxtəlif versiyalar səslənir. Versiyalardan birinə görə bu addım R.Mehdiyevin zəiflədilməsi, digər versiya isə “boz kardinal”dan sonrakı dövrə hazırlıqdır. Mehdiyev isə bunu rəhbərlik etdiyi strukturda işin çoxluğu ilə əlaqələndirir. Sizcə, nə baş verir?
– Iyirmi ildir Ramiz Mehdiyev struktura rəhbərlik edir və birdən-birə aparatda iş çoxalır. Bu işin çoxalmasının nədən ibarət olduğu açıqlanmır. Ramiz Mehdiyevə təyin olunan məmurların dördünün də Naxçıvandan olması təsadüfi deyil. Ola bilsin ki, onlardan biri Ramiz Mehdiyevin yerinə hazırlana bilər. Amma düşünmürəm ki, Ramiz Mehdiyevin dəyişdirilməsi seçki ərəfəsində baş verəcək. Çünki bu, hakimiyyət daxilində proseslərin qəlizləşməsinə, parçalanmaya gətirib çıxara bilər. Amma baş verənlər naxçıvanlıların arasında böyük bir narahatçılığın olduğunu göstərir. Artıq naxçıvanlıların da özlərinin daxilində qruplaşmalar var. Bu, narahatçılığı yatırmaq üçün atılan bir addımdır. Amma bu dörd nəfərin hakimiyyətə gətirilməsi Naxçıvan üçün dəyişiklik demək deyil. Çünki bu şəxslər indiyə qədər Naxçıvan üçün nə etdilər ki, bundan sonra da etsinlər. Düşünmürəm ki, bu addımın atılmasında məqsəd hakimiyyət daxilindəki parçalanmanın qarşısını almaqdır.
Naxçıvan klanının özündə birlik yoxdur
– Heydər Əliyevin dövründə Naxçıvan əsilli məmurlar ayrıca bir qrup idi. Amma hazırda Naxçıvan qruplaşması bir neçə hissəyə parçalanıb. Bu hissələrə Bəylər Əyyubov-Rövnəq Abdullayev, Ramiz Mehdiyev-Ramil Usubov və sonuncuya Kəmallədin Heydərov rəhbərlik edir. Bu parçalanma nəyi göstərir?
– Naxçıvan, Ermənistan klanı Heydər Əliyevin vaxtında görüntü yaratmaq məqsədilə yaradılmışdı. Heydər Əliyev hakimiyyəti idarə etmək üçün bu vasitələrdən istifadə etmişdi. Amma görünür, Ilham Əliyevin iradəsi imkan vermir ki, o həmin mifi saxlaya bilsin. Artıq o üzə çıxdı ki, bu gün naxçıvanlıların öz arasında belə birlik yoxdur. Bütün təzyiqlərə baxmayaraq Ictimai Palata Naxçıvanda tədbir keçirə bildi. Bu tədbir kifayət qədər ağır şərtlər altında keçirilsə də ona böyük maraq var idi. Indi siz təsəvvür edin, Naxçıvanda normal demokratik şərait yaradılarsa, müxalifət partiyalarının ətrafında nə qədər əhali toplanacaq.
– Adlarını çəkdiyimiz şəxslərin Bakıda kifayət qədər malları, mülkləri var. Bu şəxslər Naxçıvanda da eyni sərbəstliyi nümayiş etdirə bilirlərmi?
– Istər vəzifədə olan şəxslərin, istərsə də sahibkarların son illərə qədər Naxçıvanda evləri belə yox idi. Son vaxtlar yalnız Kəmaləddin Heydərov, Əli Nağıyev, Rövnəq Abdullayev bir neçə vəzifəli Naxçıvanda ev tikdirə bilib. Məndə olan məlumata görə, bir neçə iş adamı Naxçıvanda ev tikməyə, biznes qurmağa cəhd etsələr də onlara bu imkan verilməyib.
Usubov artıq Əliyevə təsir göstərmək gücündə deyil
– Məhərrəm Əliyevin təyinatı da maraq doğurur. Bir sıra ekspertlər hesab edir ki, bu, Ramil Usubovun dəyişdirilməsinə bir hazırlıqdır. Sizcə, Əliyev hakimiyyətin gizlinləri barədə kifayət qədər məlumatı olan Usubovu istefaya göndərə bilərmi?
– Ramil Usubovun mövqeləri Heydər Əliyevdən sonra həddindən artıq zəifləyib. Ramil Usubov, Cəlal Əliyev, Vasif Talıbov, Bəylər Əyyubov bir yerdə işləyirdi. Artıq Cəlal Əliyev sıradan çıxıb, Vasif Talıbov əvvəlki rolu oynaya bilmir. Hakimiyyət üçün artıq Vasif Talıbov elə bir kadr deyil və onun da məsələsinə istənilən vaxt baxıla bilər. Hazırda Elşad Abdullayevin açıqladığı görüntülər Ramil Usubovun mövqelərinə təsir edib. Hakimiyyət bilir ki, növbədə olan görüntülər Ramil Usubovla birbaşa bağlı olacaq. Ona görə bütün bunların fonunda Ramil Usubovu hakimiyyətdə saxlamaq çətin olacaq. Artıq Ramil Usubovun da o gücü, dayağı yoxdur ki, Ilham Əliyevə təsir göstərə bilsin. Ona görə Ramil Usubovun vurulma ehtimalı daha güclüdür. Ramil Usubovun Məhərrəm Əliyevlə əvəzlənməsi tam mümkündür. Amma düşünmürəm ki, atılan addımlar hakimiyyətin cəmiyyətdəki mövqeyini möhkəmlədəcək. Əksinə, atılan addımlar hakimiyyətdaxili parçalanmanı daha da artıracaq.
– Ramiz Mehdiyev hakimiyyətin qarşıdan gələn seçkidə namizədinin kim olacağı ilə bağlı suala ad çəkmədən cavab verib. Bu açıqlama təsadüfi qiymətləndirilmir və hesab olunur ki, bununla İlham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə hakimiyyət içindəki münasibət ifadə olunub. Eyni zamanda Qərb də İlham Əliyevin namizədliyinin əleyhinədir. Baş verənləri necə dəyərləndirirsiniz?
– Bu yalnız Ramiz Mehdiyevin mövqeyi deyil. Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi geniş bir dairədə müzakirə olunur. Amma düşünmürəm ki, Ramiz Mehdiyev Ilham Əliyevin prezident olmasını istəməsin. Ilham Əliyev Ramiz Mehdiyev üçün idarə etmək baxımından gözəl kadrdır. Amma istər dünyada, istərsə də Azərbaycanda baş verənlər göstərir ki, Ilham Əliyev namizədliyini 3-cü dəfə versə, çöküş prosesi daha da sürətlənəcək. Bu, Konstitusiya qanunlarının pozuntusu deməkdir. Başqa bir şəxsin namizədliyini isə qruplaşmalar qəbul etmir. Əgər hakimiyyətin namizədi Mehriban Əliyeva olarsa, o zaman Naxçıvan, Ermənistan klanı buna kəskin etiraz edəcək. Hakimiyyət özü də görür ki, Ilham Əliyevin namizədliyini irəli sürməsi iqtidardaxili ziddiyyətlərdən irəli gəlir. Amma bununla belə Azərbaycanda demokratikləşmənin qarşısını heç nə almayacaq. Bütün dünyada baş verən demokratik dəyişiklik Azərbaycanda da gerçəkləşəcək.
Xəyal

