BP-nin prezidenti Bakıya gəlir

“Dadlinin izahat üçün tutarlı əsasları var; Azərbaycan hökuməti büdcə kəsirini doldurmaq üçün Neft Fondundan 12 milyard dollar götürüb”

BP prezidenti Robert Dadli başçılıq etdiyi şirkətlə Azərbaycan hökuməti arasında gərginliyin yeni mərhələyə daxil olduğu bir vaxtda Bakıya gəlir. Bu barədə məlumat “Oligram News” saytında yayılıb. Bildirilir ki, R.Dadlinin Bakıda müzakirə edəcəyi başlıca məsələ bp-nin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın aşağı düşməsi ilə bağlı yaranmış vəziyyətdir. Sayta məlumat verən mənbə deyib ki, Dadli Azərbaycan hakimiyyətinin bp ilə bağlı verəcəyi “bəzi bəd xəbərləri” dinləməli olacaq. Səfərin yaxın günlərdə gerçəkləşəcəyi bildirilir, ancaq konkret tarix açıqlanmır.

Enerji məsələləri üzrə Londonda yerləşən ekspert Con Roberts R.Dadlinin Bakıya gözlənilən səfərini şərh edərkən bildirib ki, bp prezidenti Azərbaycan hakimiyyətinə “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın niyə aşağı düşdüyü, vəd edilən həcmdə neftin nədən hasil olunmadığı və bu problemi aradan qaldırmaq üçün nə etmək fikrində olduğu barədə izahat verməli olacaq. Ekspert qeyd edir ki, R.Dadlinin prezident İlham Əliyevlə görüşəcək. Həmçinin onun ARDNŞ rəhbərliyi ilə danışıqları gözlənilir.

Ekspertə görə, R.Dadlinin hasilatın niyə aşağı düşdüyünü izah etmək üçün tutarlı əsasları var. Baxmayaraq ki, prezident İ.Əliyev sentyabrda bp-nin ünvanına sərt tənqidlərlə çıxış edərək şirkəti vədlərini yerinə yetirməməkdə, Azərbaycana 8 milyard dollar ziyan vurmaqda günahlandırıb. Bununla belə, ARDNŞ rəhbərliyi bp ilə bağlı “daha balanslı” danışmağa çalışır. Sayt qeyd edir ki, rəqəmlər doğrudan da Azərbaycan üçün yaxşı deyil. Azərbaycanda neft hasilatı 2010-cu ildə rekord 50.8 milyon tona çatdıqdan sonra ötən il kəskin azalıb və 40.6 milyon tona düşüb. 2012-ci ildə də hasilat aşağı düşməkdə davam edir. Hasilatın azalması yanvar-aprel aylarında davam edib, sonra vəziyyət bir qədər stabilləşib, lakin avqust-sentyabr aylarında yenidən aşağı düşməyə başlayıb. Hazırda azalma tempi davam edir.

Sayt qeyd edir ki, bp, ARDNŞ və “Azəri-Çıraq-Günəşli” yataqları üzrə digər ortaqlardakı mənbələr son bir həftə ərzində iki mühüm elementi ön plana çıxarıblar. Birincisi, hasilatın bu cür kəskin aşağı düşməsi gözlənilən deyildi. İkincisi hasilatın bu cür kəskin azalmasının “Macondo”ya (bp-nin Meksika körfəzindəki əməliyyatı) birbaşa aidiyyəti var. Birinci problem əsasən onunla bağlıdır ki, bp yeni quyuların qazılmasına həvəs göstərməyib. “Biz doğrudan da daha çox quyu qazmalı idik”-deyə, bp-dəki mənbələrdən biri bildirib. Lakin yataqların yerləşdiyi sahə olduqca mürəkkəbdir, orada yeni quyuların qazılması o qədər də asan deyil. Hasilat üçün beş platforma quraşdırılıb, altıncı platformanın 2013-cü ilin sonlarından tez istifadəyə veriləcəyi gözlənilmir. Digər tərəfdən, qazma qurğularının çatışmaması problemi var. Nəhayət, istismar olunan quyularda məhsuldarlıq azalır.

“Macondo” probleminə, yəni neft şirkətləri ilə hakimiyyətlər arasında münasibətlərin praktikasına gəldikdə isə bp-nin yüksək rütbəli əməkdaşı bu münasibətləri belə şərh edir: “Bu, birmənalı məsələ deyil. Bp ”Macondo”dan başlayaraq öz işini olduqca ehtiyatlı tutur. Məsələn, harada dörd quyu qazmaq planlaşdırılmışdısa cəmi iki quyu qazmaqla kifayətlənir. Azərbaycana gəldikdə isə bu daha çox şəxsi məsələdir. Mümkündür ki, biz Azərbaycana onların gözlədiyi qədər yüksək səviyyədə diqqət göstərməmişik”.

Sayt qeyd edir ki, bu diqqət zəifliyinin Azərbaycan üçün nəticələri kifayət qədər ciddidir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsindən cəmi altı il vaxt keçib. Ancaq “Azəri-Çıraq Günəşli”də hasilat heç vaxt gözlənilən ən yüksək səviyyəyə çatmayıb. Neftdən daxil olan milyardlarla dollar isə Azərbaycan hökumətinə iri mülki və hərbi layihələri maliyyələşdirməyə imkan verirdi. “İndi tamamilə gözlənilməz şəkildə hökumət büdcədəki kəsiri doldurmaq üçün Dövlət Neft Fondunun hesabından 12 milyard dollar götürməli olur. Bu da faktdır ki, bp dünyada ən gəlirli quyuların yerləşdiyi ”Azəri-Çıraq-Günəşli”də hasilatın azalacağını gizlətmir”. Bildirilir ki, hasilatın aşağı düşməsi “Azəri-Çıraq-Günəşli”yə dair 30 illik müqavilənin şərtlərinə əsasən hasil olunan neftin 75 faizinin Azərbaycana çatmasından sonra başlayıb. bp-nin tərəfdaşları problemin mövcud olduğunu etiraf edirlər, lakin bildirirlər ki, hasilatın azalacağı hələ iki il əvvəl məlum idi. Beləliklə, ARDNŞ narazıdır, tərəfdaşlar narazıdır, yeni quyuların qazılması baş vermir. Və mənbə təsdiq edir ki, bp çox çətin durumdadır.

Beləliklə, R.Dadlinin Bakıda gərgin müzakirələr aparacağı aydındır. Mənbənin bildirdiyinə görə, bp prezidentinin “Azəri-Çıraq-Günəşli” yataqlarında yeddinci platformanın quraşdırılması məsələsini də müzakirə edəcək. Həmçinin diqqəti ona yönəldəcək ki, bp-nin yetərli investisiya yatırmadığı haqda deyilənlər əsassızdır, 2012-ci ilin sonuna qədər yataqlara qoyulan illik investisiya xərclərinin 2.5 milyard dollara çatacağı gözlənilir (musavat.com).