turaczeynalov-xanimi

MTN əməkdaşından ölkəni silkələyəcək şok açıqlamalar

turaczeynalov-xanimiİşgəncə ilə öldürülən Turac Zeynalovun xanımı hansı iyrənc üsullarla ələ alınıb? Əməliyyatın icraçısı “Azadlıq”a danışdı

“Azadlıq”ın ötən sayında Naxçıvan MTN-ində işgəncə ilə öldürülən Turac Zeynalovla bağlı macəranın qısa xəbərini və anonslarını vermişdik.

Naxçıvan MTN-nin cızdığı şərəfsiz ssenari

Xəbərdə bildirmişdik ki, Turac Zeynalov olayı ilə bağlı əməliyyatda iştirak etmiş MTN əməkdaşı ölkədən qaça bilib. Bu barədə xəbər “Azadlıq” qəzetində noyabr ayının 21-də dərc edilib. Hərçənd Ibrahim Həsən oğlu Musayev hələ sentyabr ayında Naxçıvanı və Azərbaycanı tərk etdiyini bildirir, “Mən qatil olmaq istəmədim” deyir.

Ölkədən Avropaya qaçan MTN əməliyyatçısının şok açıqlamaları davam edir. O, bildirir ki, Turac Şuriyyə oğlu Zeynalovun müəmmalı həbsindən və MTN-də ölümündən (öldürülməsindən) sonra, təbii ki, onun ailə üzvlərinə və yaxın qohumlarına təzyiqlər, hədə-qorxu, eyni zamanda şirnikləndirici təkliflər başlayıb. Çünki, Turac Zeynalov özünün təbii ölümü ilə ömrünü başa vurmamışdı və bu qalmaqalı hansısa yollarla yatırtmaq lazım idi. O bildirir ki, bu dramın ən ağır və namussuz hissəsi Zeynalovun həyat yoldaşına qarşı hazırlanan ssenari idi. “Çox təəssüf ki, mən bu şərəfsiz ssenaridə baş rollardan birini oynamağa məcbur edildim”, – deyən İbrahim Musayev qeyd edir ki, Turac Zeynalovun ailəsi onun ölümündən yalnız bir neçə ay sonra Naxçıvandakı Hüquq müdafiəçisi Məlahət xanım Zeynalovaya müraciət ediblər. “Bu, çox mühüm məsələdir. Nəyə görə, bir neçə ay sonra?”, – deyə o vurğulayır.

“Əvvəlcə Gülnara bir SMS yazdım”

Doğrudan da bəs niyə, bir nəçə aydan sonra? Ibrahim Musayev iddia edir ki, həmin ərəfədə Turac Zeynalovun bəzi yaxın qohumlarına Naxçıvan MTN rəhbərliyindən müəmmalı vədlər verilib: “Əvvəlcə bildirdilər ki, heç bir narahatçılığa əsas yoxdur, ölüm işi ən ciddi şəkildə araşdırılacaq və günahkarlar cəzalandırılacaq. Daha sonra prosesin gedişinə ”qan bahası” amili daxil edildi. Mərhum Zeynalovun yaxınlarına bildirdilər ki, bu işə görə onun ailəsinə 50 min manat da ödəniləcək. Amma Turac Zeynalovun atası və qardaşı bu prosəsdə iştirak etmirdi. MTN isə daha çox mərhumun həyat yoldaşının üzərinə fokuslaşmaq qərarı vərdi…”.
Ibrahim Musayev təkidlə bildirir ki, hadisədən yalnız bir neçə ay sonra ailə hüquq müdafiəçisi Məlahət Nəsibovanın prosesə müdaxilə etməsini istədi. Naxçıvanda yaşayan Məlahət Nəsibova da əməkdaşımızla söhbətində bu faktı təsdiq edir: “Ölüm hadisəsi olan gün biz bu məsələyə müdaxilə etdik. Amma ailənin bu işin araşdırılmasına ictimai diqqətin cəlb edillməsinə həvəsli olmadığını qısa müddət ərzində müşahidə etdik. Ailənin dəstəyi olmadan bu prosəsə müdaxilə etsək, bizi məsələni qızışdırmaqda və Allah bilir, nələrdə ittiham edərdilər. Naxçıvan şəraitində inzibati çevrələrdən hər şey  gözləmək olar. Amma bir neçə ay sonra ailə bizim müdafiəmizə ehtiyac duyduğunu bildirdi…”.
Bu, həmin bir-iki ay olub ki, Ibrahim Musayevin iddia etdiyi kimi, MTN rəsmiləri Turac Zeynalovun yaxın qohumları ilə sövdələşmə aparıblar.
Paralel olaraq, mərhumun həyat yoldaşı Gülnar Ağayevanı şantaj etmək üçün kifayət qədər materiallar toplanıb. Ibrahim Musayev deyir: “Mən Vəli Əsgərovu (Naxçıvanın milli təhlükəsizlik naziri) əlimin içi kimi tanıyıram. O, bu ailəyə bir qəpik də verməz və əksinə hərlədib- fırladıb onları özünü borclu çıxarardı. Belə də oldu. Gülnar Ağayevanı şantaj etmək üçün yetərli materiallar topladıq və bu materialların toplanmasında baş rolu mən oynamışam. Mən Gülnar Ağayevanın etibarını qazanmaq üçün mənə ayrılmış rolu məharətlə oynaya bildim. Əvvəlcə Gülnara bir SMS yazdım. Sonra zəng edərək bu SMS-in yanlış ünvana göndərildiyini bildirməklə üzrxahlıq etdim və beləliklə bizim ünsiyyətimizin əsası qoyuldu…”.

“Gülnarı inandırmışdım ki, onunla evlənəcəyəm”

Ibrahim Musayev ölkədən qaçandan sonra onu hər yerdə axtarıblar: öz evlərində, qohumlarının və dostlarının evlərində. Onu hər zaman axtarıblar. Bunu Naxçıvandakı mənbələr də təsdiq edir. O, bu proseslə bağlı sənədləşdirə bildiyi hər bir faktı ən etibarlı bir yerdə saxlayır və bu etibarlı ünvan Azərbaycanda deyil.
Ibrahim Musayev bildirir ki, Naxçıvan MTN rəhbərlərini xüsusilə o narahat edirdi ki, mərrhum Turac Zeynalovun həyat yoldaşı Bakıdakı səfirliklərə, beynəlxalq təşkilatlara üz tutur, baş vermiş hadisə nəinki Azərbaycan, hətta beynəlxalq miqyasda ictimailəşdirilir. Buna görə də, mənə ən ciddi şəkildə tapşırılmışdı ki, qurulmuş əməliyyatı ən qısa zamanda uğurla başa çatdırım. “Etiraf edirəm ki, bu, çox şərəfsiz əməliyyat idi. Amma mənim bu əməliyyatdan imtina etmək kimi bir seçimim yox idi… Tanış olduğumuz zaman mən Gülnar Ağayevaya özümü ”Dəmirbank”ın müdiri kimi (o, aydınlaşdırmır, “Dəmirbank”ın hansısa filialınımı nəzərdə tutub, ya bütövlükdə bankın özünü) təqdim etdim, eyni zamanda onun xüsusi etibarını qazanmaq üçün “zəif yerimi” də dedim. Bildirdim ki, mən Azərbaycanda ən əhəmiyyətli narkobaronlardan biriyəm. Onun inanmamaq imkanı da olmadı. Bahalı maşın, Bakı şəhərində bir neçə əla mənzil, təqdim etdiyim ranqa uyğun olan geyim-keçim.
Mən Gülnarı inandırmışdım ki, onu sevirəm və onunla evlənəcəyəm. Və günlərin birində ona dedim ki, onun keçmiş əri ilə bağlı apardığı söz-söhbət mənim xoşuma gəlmir və mən bu məsələlərdən vaz keçilməsini istəyirəm…Və Gülnar mənim bu istəyimi həyata keçirdi”.
Hüquq müdafiəçisi Məlahət xanım Nəsibova təsdiq edir ki, Gülnar Ağayevanın mərhum əri ilə bağlı yaydığı videoçıxış onları heyrətləndirib. Mərhum Turacın atası da bu vəziyyətdən şaşırmışdı. O, mətbuata verdiyi açıqlamada iddia edirdi ki, belə şey ola bilməz: “Gəlini yoldan çıxarıblar. Mənim oğlumun elə bir xəstəliyi yox idi ki, gözlənilmədən ölsün”!
Bu il iyul ayının 11-də “Azadlıq” radiosunun saytında Şuriyyə Zeynalovun (Turac Zeynalovun atası) mövqeyi ilə bağlı yazı yerləşdirilib: “… Ötən ilin avqustunda Naxçıvan MR MTN-ninə çağırılan və müəmmalı şəkildə ölən Turac Zeynalovun atası Şuriyyə Zeynalov deyir ki, ona hədə-qorxu gəlirlər. Onu da, övladlarını da az qala hər gün MTN-ə çağırırlar: ”Bizə hədə-qorxu gəlirlər, deyirlər ki, barışın. Mən də deyirəm ki, mənim oğlumu niyə öldürüblər? Bu işi açın”.

Turac Zeynalovun qardaşı Gülnar Ağayevanın aldadıldığını deyir

Bu ərəfədə isə Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın internetdə “Mənim etiraflarım” adlı videoçıxışı yayılıb. O, həyat yoldaşının ölümündə rəsmi qurumları günahlandırmır. Turac Zeynalovun xəstəlikdən və etdiyi əmələ görə stressdən öldüyünü deyir.
Şuriyyə Zeynalovun buna münasibəti bələ olur: “Gəlinlə mənim nə işim var? Övlad mənimdir. Bu işi açsınlar. Gəlini sadəcə Culfa MTN-i başdan çıxarıb, başını tovlayıblar. Mənim onunla işim yoxdur. Oğlumu niyə öldürüblər?”.
Gülnar Ağayeva qaynı Ülfət Zeynalovla bağlı da fikirlər səsləndirib. Ülfət Zeynalovla söhbəti təqdim edirik.
– Onu nəsə aldadıblar, şirnikləndiriblər. Başqa səbəb yoxdur.
– Kim aldada bilərdi?
– MTN. Başqa kim olacaq?
– Sizin başqa ailə üzvlərinizə də təzyiqlər olurmu?
– Atama. Təzyiq deyəndə ki, onu çağırırlar ki, gəl, görüşək-filan. Atam da getmir. Təzyiq əlbəttə var. Mənə təzyiq etdilər, işdən çıxmaq məcburiyyətində qaldım. Biz başqa bir şey istəmirik. Sadəcə, qardaşımızın haqqını tələb edirik. Bəraətini istəyirik. Günahı varsa, sübut etsinlər, yoxdursa, bəraət versinlər.
– Gülnar Ağayeva həmin video müraciətində deyir ki, həyat yoldaşının dəri xərçəngindən və etdiyi əmələ görə stressdən öldüyünü indi dərk edib.
– Yalandır, özü də ağ yalandır. Onun etdiyi hansı əməldir? Etdiyi əməl varsa, hanı bunun sübutu? Niyə indiyə kimi göstərmirlər, üzə çıxarmırlar? Ağ yalandır. Ikincisi, deyir ki, dəri xərçəngindən Türkiyədə müalicə alıb. O, Türkiyəyə işləmək məqsədilə gedib. O zaman heç Gülnar onun həyatında olmayıb. Ondan sonra Turac Türkiyə adı çəkməyib. Bu yalandan deyir ki, Iranda müalicə alıb, Bakıda müalicə alıb, Türkiyədə müalicə alıb. Yalandır, hamısı uydurmadır. Gülnar kim tərəfindən öyrədilib, bəllidir. Nə oldu, dəri xərçəngi bunu elə 4 günə öldürdü? Dəri xərçənginə tutulan elə bir adamla rastlaşmışıqmı ki, 4 günə ölsün? Həm də bu, həbsxana şəraitində baş verir. Belədə, hər şey videoda görünür. Bəllidir ki, dəri xərçənginin heç bir rolu, əlaqəsi yoxdur. Videogörüntü də bütün saytlarda yerləşdirilib. Bədənində açıq-aşkar işgəncə əlamətləri var. Bu işgəncə əlamətləri olan videonu internetə yerləşdirən də birbaşa Gülnar özüdür. Indi də deyir ki, mən səhvimi başa düşmüşəm. Bəs yaxşı, sən niyə indi işgəncə əlamətlərini inkar edirsən? Niyə? Səbəbi məlumdur. Ona 100 faiz təzyiq var”…

Ardı var