Bəlkə oyanmaq vaxtıdır, qardaşlar?

Ərəblər siyasi gündəmi tamam zəbt ediblər. Elə şamı onlardan danışır. Bu millət, deyəsən, özünün növbəti passionarlıq fazasını yaşayır. Amma məni bu nə narahat edir, nə də qürrələndirir. Öz dərdimiz o qədərdir ki,.. Hamı millətlər diksinib yuxudan ayıldılar ki, əcəba, bu, nə vaxtın yatmağıdır? Bəlkə oyanaq? Hamısı da bir ağızdan “oyanaq” deyib ayağa qalxdılar. Amma bizim millət qımıldanmadı, yorğanı üstünə daha möhkəm çəkdi. Indi bir də gördün ki, Rusiya da qarışdı. Hərçənd, mən bunu o qədər də yaxşı təsəvvür etmirəm. Orada keşikçilər məhbusu döyüblər… Nə olsun ki, hamının gözləri qabağında bu ölkədə polis adamları döyür, heç qımıldanan da olmur. Gürcü qonşularımıza fikriniz getməsin, onlar M.Saakaşvilinin dövründə ərköyünləşdi, özlərinə qarşı başqa rəftar gördülər. Elə ona görə də bircə kasset bütün ölkəni ayağa qaldırdı. Rusların anlamında isə dövlət, hökumət həmişə bir cəbr və cəza institutu olub. Elə bizim də dövlət institutuna baxışımız, münasibətimiz belədir. Bəlkə də hamımız ürəyimizdə düşünürük ki, hökumət adamı döyər də! Döyüləndə nə olar ki?.. Heç nə olmaz. Amma cəmi dünya artıq bu fikirdədir ki, hətta dördayaqlı canlıları da döymək, incitmək olmaz, ondan qala ki, insan ola! Bizim də dünyaya üz çevirməyimizin vaxtıdır. Yoxsa dünya bizə arxasını çevirər. Onda nə edərik?
Artıq bütün ölkələr bizi idarə edənlərdən yazırlar ki, biz bunları oxuyub ayılaq, öz hüquq və azadlıqlarımızı tələb edək, demokratik vərdişlərimizi artıraq. Yoxsa siz elə bilirsiniz onların yazmağa başqa mövzusu yoxdur? Indi dünya bütün diqqətini avtoritar adalara yönəldib, çünki 21-ci əsrdə onlar əsl atavizm kimi görünürlər. Çox yox, bir-iki on illikdən sonra bəlkə də artıq onlar tamam qalmayacaq. O günün sürəti bizdən asılıdır. Istəsək, bir qədər yaxına çəkə bilərik o tarixi. Bunun üçün sadəcə yuxudan ayılmaq və özündən bir soruşmaq lazımdır ki, əcəba, bu iki qəzet nə yazır, kimdən yazır, nə istəyir? Şəhərdə o tərəf-bu tərəfə qaçan gənclərlə maraqlanmaq lazımdır. Nədən onlar işlərini-güclərini atıb polislə qaçdı-tutdu oynayırlar? Hökumət büdcə qəbul edir, onunla maraqlanmaq lazımdır ki, görək bunlar o büdcə dedikləri sənədin şəffaflığını necə təmin edirlər? Parlamentin iclaslarını dinləmək lazımdır ki, görək özünü bizim vəkillərimiz elan etmiş bu insanlar bizə necə vəkillik edirlər? Maraqlanmaq lazımdır ki, öz torpağında nədən Ağdamdan o tərəfə getmək mümkün deyil? Bir sual vermək lazımdır ki, əcəba, bu hakimiyyətin dilindən düşməyən “lazım” nə vaxt bu tərəflərə təşrif buyuracaq? 19 ildir bu hakimiyyət deyir ki, lazım gəlsə… Lazım də gəlmir ki, gəlmir. Bir soraqlaşmaq lazımdır. Bəlkə onu o tərəf-bu tərəfdə görən olub? Bir maraqlanmaq lazımdır ki, görən bizim böyüklərimizin sərvəti 50 milyarda çatdı, ya çatmadı? Çatmadısa, palazdan …xalçadan satıb üstünü düzəldək! Qərəz, görün mən nə qədər şey sadaladım? Nə qədər maraqlı şey var ölkədə! Yatmaq vaxtıdırmı?
Mirzə Cəlil demişdi ki, sizi deyib gəlmişəm, mənim müsəlman qardaşlarım! Mən onun dediyini təkrar etmək qüdrətində deyiləm. Amma biz də hər gün sizi deyib gəlirik. Fəqət, qəzet köşklərinin önündə özümüzdən savayı heç kimi görmürük. Hara yoxa çıxmısınız? Bəlkə sizə evdən bayıra çıxmaq yasaq olub? Yazdıqlarımızı özümüz oxuyuruq, dediklərimizə özümüz əl çalırıq. Nə vaxta qədər davam edəcək bu? Daha təpər qalmayıb canımızda, yoruluruq, əldən düşürük. Iradəmiz tükənməsə də Allahın bizə ayırdığı vaxt təkənmək üzrədir, qocalırıq. Qarşıdan əbədi yuxu gəlir. Bu yuxu vaxtında hamını öz ağuşuna alacaq, hərənin öz vaxtı var. Ona görə də ayıq-sayıq günlərin qədrini bilmək lazımdır. Insan ona ayrılan ömrün ən azı yarısını yuxuda keçirir, yatır. Vur-tut, 30-40 il ayaqüstə olur. Az deyilmi bu? Heç olmasa ayda bir dəfə yadınıza salın ki, bu ölkədə, məsələn, müxalifət var. Görün onlar gələn ilə nə hazırlayır, nə etməyi planlaşdırırlar? Bəlkə onların planları ilə sizin planlarınız üst-üstə düşəcək? Özünüzə bir əziyyət verin, maraqlanın, bəlkə maraqlı bir şey tapacaqsınız?
Kiçik sözardı
Daha bir yazını başa vurduq. Bunu nə deyinmək, nə də öyüd-nəsihət kimi qəbul edin, çünki hər ikisindən xoşum gəlmir. Ən yaxşısı söhbətləşmək və bölüşməkdir – mən sizə düşündüklərimi yazıram… Min şükr ki, indi media qarşılıqlı rabitə üzərində qurulub, tək biz yazmırıq, siz də yazırsınız…