Məhəmməd Talıblı, İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri
Parlament guya hökumətə büdcə layihəsinə dəyişiklik etməsi üçün 10 gün vaxt verib. Ona görə guya deyirəm ki, parlamentin hökumətlə belə sərt danışmağa mənəvi haqqı və imkanı yoxdur. Çünki, bu qurumların hər ikisi eyni siyasi mərkəzdən birbaşa idarə olunur və parlament faktiki olaraq hökumətin müstəqil olmayan qollarından biridir. Ədalətli seçki nəticəsində seçilməyən deputatlar və siyasi mülahizələrlə formalaşan parlamentin şərtlə danışması sadəcə mümkün deyil. Ona görə də, bu cür danışıq tərzi sadəcə, acı istehza doğrur. Büdcə layihəsinə olan münasibətimdə bu üslubun rolundan daha çox onun sosial-iqtisadi məzmunu mühüm yer tutur.
Növbəti ilin büdcə parametlərindən danışmamışdan öncə onun gəlir və xərclərinin həcmi ilə tanış olaq. 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 19 154 mln. manat, xərclər 19 810 mln. manat, kəsir isə 656 mln. manat səviyyəsində nəzərdə tutulub. Bu isə büdcə xərclərinin ÜDM-də xüsusi çəkisinin 3,5% səviyyəsində olması deməkdir.
“Inkişaf” yoxsa, transfert büdcəsi?
Büdcənin gəlir hissəsininin formalaşmasında yenə də əsas donor kimi Dövlət Neft Fondu çıxış edəcək. Büdcə gəlirlərinin 11,350 milyon manatı və ya 59,3%-i ARDNF-dan olan transfertlərin payına düşəcək. Müqayisə üçün qeyd edim ki, büdcəyə edilən transfertlər 2010-cu ildə büdcə gəlirlərinin 51.2%, 2011-ci ildə 59.2%, 2012-ci ildə isə 60,3% səviyyəsində olub. Statistikadan aydın görmək olur ki, NF-nin vəsaitləri dövlət büdcəsi gəlirlərinin 10 manatından 6-sını ödəməkdədir. Bu, artıq son illərin əsas tendensiyasıdır. Bəzi deputatlar belə büdcəni inkişaf büdcəsi adlandırsa da, mən belə büdcəni transfert büdcəsi adlandırmağın tərəfdarıyam.
Büdcə daxilolmalarında NF-dən sonra ikinci yeri Vergilər Nazirliyi xətti ilə yığılan vergilər təşkil edəcək. Yəni, büdcə gəlirlərinin 6400 milyon manatı və ya 33,4%-i Vergilər Nazirliyi xətti ilə daxilolmalar hesabına təmin ediləcək. Vergilər Nazirliyi xətti ilə daxil olacaq vəsaitin 58,8%-i qeyri-neft sektorundan, 51,2%-i isə neft sektorundan daxilolmalar hesabına ödənəcək. Bunun manatla ifadəsi 2,635 milyont edir. Bunu NF-dən ödənəcək 11, 350 milyon manatın üzərinə gələndə məlum olur ki, büdcə gəlirimizin təqribən 14 milyard (13.985 mln.) manatı neft sektorundan daxilolmalar hesabına təmin ediləcək. O zaman isə məlum olur ki, büdcə gəlirimizin düz 73%-i neft sektorunun payına düşür.
Əvvəlki illərlə müqayisə edəndə məlum olur ki, növbəti il büdcə gəlirlərində VN-nin payı 33,4% təşkil edəcəyi halda, 2010-cu ildə bu rəqəm 38,1%, 2011-ci ildə 33,5% olub. Biz bu müqayisədən onu da görmüş oluruq ki, vergi orqanlarının büdcədə fiskal gücü nə qədər daralıb. Əvəzində NF-dən köçürmələrin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Halbuki, vergilərin büdcədə oynaya biləcəyi rola dərindən diqqət yetirmək lazımdır. Hazırda Azərbaycanda vergi ödəyicilərinin sayı 387 min 923 nəfərdir. 2010-cu ildə bu rəqəm 350 min olub. 2000-ci ilə nisbətən bu artım 7 dəfə çox olub. Azərbaycanda vergi sistemi təkmilləşdirilib. Əvvəl 13 növdə idisə, indi 9 növdə vergi var. Bundan əlavə, ƏDV dərəcəsi 28 faizdən 18-ə, mənfəət vergi dərəcəsi isə 35 faizdən 14-ə düşüb. Amma büdcədə vergi ödəmələrinin həcmində ciddi artımlar yoxdur və nəticədə vergilərin yığılmasında ciddi problemlər qalmaqdadır.
Gəlirlərin ədalətsiz bölgüsü
Təkcə ötən ilin büdcəsi ilə müqayisə və artımın bölgüsü hökumətin prioritetlərini açıq-aydın ortaya qoyur. 2012-ci illə müqayisədə 2013-cü ildə büdcənin gəlir hissəsində 2 mlrd. 138 mln. manat artım olacaq. Bu artımın yalnız 82,5%-i tikinti və idarəetmə xərclərinin payına düşəcək.
Parlement müzakirələri bir daha göstərdi ki, büdcəni inkişaf, sosial yönümlü büdcə adlandıranlar da az deyil. Bu büdcədə hansı sosialyönülmü elementlərin olmasını təhlil etməyə çalışaq.
2013-cü ildə büdcədə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi, dərman, təqaüdlər, sosial müavinətlər, üzrə xərclərin cəmi) cəmi 25,4% təşkil edəcək. Bunun isə manatla ifadəsi 50372,2 milyon manat həcmində olacaq. Bu, ötən illə müqayisədə təxminən 7,1%-lik artım deməkdir. Amma büdcə xərcləmələrimizin yuvarlaq olaraq 7 milyard manatı və ya 34,9%-i sənaye, tikinti və investisiya xərclərinə ayrılacaq. Bu sırada sosial müdafiə və sosial təminat xərcləri 1,802, təhsil xərcləri 1,530, hüquq-müfizə xərcləri 1,081,8 milyon manat olacaq. Gələnilki artımlar sırasında sosial müdafiə və sosial təminat xərcləri 1,6%, ümumi dövlət xidməti xərcləri üzrə 52,7%, təhsil xərcləri 1.2%, müdafiə xərcləri 8,6%, məhkəmə hakimiyyəti və hüquq-mühafizə, prokurorluq xərcləri 12,2% artacaq. Yəni, hüquq-mühafizə orqanları xərcləri sosial xərclərdən 10-20 (müxtəlif istiqamətlər üzrə fərqlər üzrə) dəfə artacaq. Demək büdcənin gəlir hissəsində baş verən bu artımlar sadə vətəndaşlar üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Büdcə xərclərinin sektorlar üzrə artımının illər üzrə müqayisəsinə baxanda məlum olur ki, bu artımlar ənənəvi olaraq eyni sahələrə daha az, digər sahələrə isə daha çox vəsaitlərin artırılması ilə yaddaşlarda qalır. 2012-ci ildə aqrar sahəyə vəsaitlər 2011-ci illə müqayisədə 4,3%, səhiyyəyə 5,7%, elm xərclərinə 3,4% artdığı halda nəqliyyat sahəsinə 25%, idarəetmə xərclərinə 20% artıb. Bu ildə dövlət qulluqçularının, xüsusilə də hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarında artımlar olacaq. Hər seçki ilinə daha çox müşahidə edilən bu artımlar məmurların, xüsusilə də hüquq-mühafizə orqanları strukturunun bu prosesə verə biləcəyi “töfhə” ilə bağlıdır. Bu baxımdan da hesab edirəm ki, dövlət büdcəsinin xərclərinin istiqamətlənməsi baxımından gəlirlərin bölgüsü ədalətli və proporsional həyata keçirilmir.
“Büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi və ”korrupsiya iyi”…
Yəni, büdcə xərcləmələrində dövlətin idarəetmə insitutlarının payının dominant olması həm bürokratiyanı ağırlaşdırır, həm də ictimai vəsaitlərin sosial proqramlara deyil, məmur korpusunun saxlanmasına sərf olunmasına gətirib çıxarır. Sivil ölkələrdə idarəetmə xərclərinin ümumi büdcə xərcləmələrində payı optimal həddə olur. Həmin ölkələrdə dövlət idarəetmə xərclərinin büdcədə çəkisi büdcə xərclərinin 15-20%-in təşkil edirsə, bu normal hal kimi qəbul olunur. Çünki, idarəetmə xərcləri qeyri-məhsuldar hesab edildiyindən onun həddən artıq artırılması yolverilməz hesab olunur.
Bu büdcəni inkişaf büdcəsi adlandıranlar da oldu. Çünki, bəzi deputatların fikrincə, büdcədən daha çox faydalanan vətəndaşlarımız olacaq. Onlar hesab edirlər ki, büdcənin profistinin artımı elə vətəndaşlarımızın gəlirlərinin artması deməkdir. Amma büdcə vəsaitlərinin artması hələ onun büdcədən qidalanan təşkilatların və şəxslərin həyat şəraitinin yaxşılaşması demək deyil. Çünki, əsas məsələ ayrılmış vəsaitin çoxluğu yox, onun daha şəffaf və səmərəli xərclənməsidir. Büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi və daha çox ondan “korrupsiya iyi” gəlməsinə təkcə müstəqil ekspertlərin deyil, həmçinin hökumət nümayəndələrinin rotorikalarında da rast gəlinir. Büdcə müzakirələrində təhsil və elm komissiyasının üzvü Ağacan Əbiyevın çıxışının nöqtə və vergülünə toxunmadan iqtibas olaraq qeyd edirəm: “Təhsilə ayrılan vəsait o qədər çoxdur ki, onu yenidən artırmağa ehtiyac yoxdur. Biz 10 faiz artırsaq, onun 8 faizi orda-burda itib-batacaq.” Bu fikri “tərcümə” etsək, belə alınar: yəni, mənimsəmə riskinin böyük olmasına görə, təhsil xərcləri artırmayacaqlar. Bunu özü də təkcə deputat yox, eyni zamanda böyük bir universitetin rektoru deyir. Deputat bunu ali təhsil xərclərinin 2 dəfəyədək azaldılmasına(53 milyon manat) bəraət qazandırılması kontekstində interpretasiya edir. Yəni, hüquq-mühizə və prokurorluq orqanlarına 12.2% həddində artımların olması yaxşıdır, amma təhsil xərclərinin 1,2 faiz artılması böyük bədxərclik və korrupsiya riski imiş. Amma mən elə düşünürəm ki, bu fikrin parlement tribunasından açıq ifadə olunması “korrupsiya riskindən” daha təhlükəlidir.
Eyni zamanda hökumət büdcə siyasətində səhiyyə xərclərinə “diqqət yetirməyi” də yaddan çıxarmayıb. Səhiyyə xərclərinə cəmi 666 milyon manat ayrılacaq ki, bu da ötən ilə nisbətən 0,5% artım deməkdir. Deməli, səhiyyə xərcləri ÜDM-in təxminən 1%-i həddindədir. Beynəxalq Səhiyyə Təşkilatının tövsiyələrində qeyd olunur ki, səhiyyəyə ayrılan xərclər ÜDM-in 3,5% səviyyəsində optimal hesab olunur. Deməli, bizdəki səhiyyə xərcləri ÜST-nın normasından 3 dəfə geri qalır. Səhiyyə xidmətlərinin aşağı səviyyədə olması və səhiyyə işçilərinin əməkhaqlarının orta hesabla 120-150 manat həcmində dəyişilməsi fonunda belə bir “artım” başadüşülən deyil. 2000-ci ildən bu yana hələ ÜDM-də səhiyyə xərcləri 1%-i aşmayıb. Yalnız 2009-cu ildə (1,2%) bu istisna pozulmuşdur. Bu onu göstərir ki, səhiyyə xərcləri və o istiqamətdə dövlət hesabına aparılmalı olan islahatlar prioritetlərə daxil edilməyib. Halbuki, səhiyyə xərcləri təkcə bu günün səhiyyə xidmətlərinin keyfiyyətinin qaldırılması və cari səhiyyə problemlərini həll edilməsi üçün nəzərdə tutulmayıb.
2006-cı ildə ABŞ-da büdcə təlimləri ilə bağlı səfər zamanı Konqresin büdcə ofisinin rəhbəri ilə görüşdük. Bu şəxs görüşdə maraqlı bir mülahizə söyləmişdi ki, hökumətlər ölkələrindəki orta ömür müddətinin yüksəlməsi üçün mütləq səhiyyə xərclərini artırmalıdırlar. Iqtisadçı xanımın fikirləri ilə hökumətimizin səhiyyə siyasəti tam ziddiyyət təşkil edir. Hökumətin səhiyyə siyasəti və xanımın bu fikri arasında zarafatla bir məntiqi nəticə çıxarmaq olar: Hökumət səhiyyə xərclərini azaltmaqla bizim vətəndaşların ömrünü kəsmək istəyir.
“…və s. xərclər” sindromu
Demək olar ki, bütün illərdə büdcənin xərc istiqamətində “Əsas bölmələrə aid olunmayan” və ya “və s. xərcləri” xüsusi narahatçılıq yaradır. Bu xərc maddəsi təyinatı açıqlanmayan xərclər hesab olunduğundan qeyri-şəffaflığa və korrupsiyaya ciddi yol açır. Əslində, narahatedici məqam ondan ibarətdir ki, bu xərc maddəsinin illər üzrə xüsusi çəkisi azalmaq əvəzinə, artır. Növbəti ilin büdcə layihəsində bu bölməyə təxminən 2 milyard (1,997, 815 min) manat vəsait ayrılacaq. Bu isə büdcənin ümumi xərclərinin 10%-dən artığı deməkdir. Müqayisə üçün qeyd edim ki, 2012-ci ildə “və s. xərclər” büdcə xərclərinin 14%-ni təşkil edirdi. Bu, 2011-ci ilə nisbətdə 18,4%, 2010-cu illə müqayisədə 79,1% artım deməkdir. Ümumilikdə isə ötən ilin büdcəsində təyinatı bilinməyən xərclərin büdcədə xüsusi çəkisi 60%-ə yaxındır. (MBQ-nun 2012-ci il Rəyindən) Bizdə olan belə xərclərin digər ölkələrdə analogiyaları varı? Təbii ki, bu xərc maddəsi müxtəlif ölkələrdə faiz etibarilə dəyişir. Amma bunun üçün optimal nisbətin tapılması mümkün olub. Belə ki, “digər xərclər” adı altında xərcləmələrin payı inkişaf etmiş ölkələrdə 1-3% arasında dəyişir. Məsələn, ABŞ-da bu rəqəm 1%-dir. O da, sırf hərbi sirr xarakter daşıyan xərcləmələr hesab olunduğu üçün belə təsnifat açıqlanmır. Amma bizdə niyə bu həddə təsnifatı məlum olmayan xərcləmələr var, onu başa düşmək olmur. Bu xərc istiqamətində hərbi təmayüllü xərclərin xüsusi çəkisi nə qədər olar ki?
Hökumətin 2013-cü il üçün büdcə bücdəsi təkcə söylənilənlərlə bitmir. Növbəti ildə xarici ölkədə fəaliyyət göstərən diplomatlarımızın və səfirliklərimizdə çalışanların da əməkhaqqılarında artımlar olacaq. Amma büdcəmizin gəlir hissəsinin doldurulmasında ənənəvi NF-nin transfertləri ilə yanaşı, fiskal qurumların fəaliyyəti də zəif olacaq. Yəni, Vergilər Nazirliyi və Gömrük Komitəsinin büdcə daxilolmalarında birgə payı 40,6% həddində olacaq. Halbuki, inkişaf etmiş, hətta keçid dövrü yaşayan ölkələrdə vergi gəlirlərinin büdcədə xüsusi çəkisi 75-80%-dən az deyil. Növbəti ilin büdcə gəlirlərində vergilərin ÜDM-də payı 11%-ə yaxın olacaq. 10 il bundan əvvələ qayıdıb müqayisə etsək məlum olacaq ki, 2003-cü ildə vergilər ÜDM-nin 14%-ini təşkil edirdi. Qərbi Avropa ölklərində bu göstərici 30-35%-dən aşağı deyil. Bütövlükdə vergilər (sosial vergilərdə daxil) ABŞ-da, Yaponiyada, Kanadada və Avstraliyada ÜDM-nin üçdə birini, bütün Qərbi Avropa ölkələrində 40-50%-i, Isveç və və Danimarkada 50%-i təşkil edir. Azərbaycanda il-ildən vergilərin fiskal funksiyasının itirməsi onu deməyə əsas verir ki, bir neçə ildən sonra dövlət büdcəsi deyəndə ARDNF-nin büdcəsi və ya transfertləri nəzərdə tutulacaq.
Azərbaycanda büdcənin vergilər hesabına formalaşması sanki uzaq tarixə dönüb. Elə bil, vergi orqanları hökumətin lazımsız bir fikûsal alətinə çevrilib. Halbuki, vergilərin büdcədə həcminin artması eyni zamanda vergi dərəcələrinin optimal həddə olmasını və onun hesabına vergi ödəyicilərinin sayının artmasını şərtləndirmiş olur. Iqtisad elminin atası hesab olunan Adam Smit hələ 18-ci əsrdə yazırdı ki, ölkələrin inkişafı və əhalinin rifahı üçün yaxşı qanunlar, ağır olmayan vergilər və sülh əsas şərtdir.


