Xalq artisti ölümdən döndü

Rafiq Əzimov dəm qazından zəhərlənib

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov dəm qazından zəhərlənib. Bu gün səhər saatlarında yuyunmaq üçün hamama girən xalq artistini yarım saat sonra vanna otağında huşsuz vəziyyətdə tapıblar. Onu ölümdən həyat yoldaşı xilas edib.
Bu barədə “Kulis.az”a aktyor özü məlumat verib: “Xəstəxanadayam, Allah istəyib ki, həyat yoldaşım evdə olub. Görüb ki, vanna otağından su şırıltısı eşidilmir, gəlib qapını güc tətbiq etməklə açıb. Mən də huşsuz halda qalmışam hamamda. Dəm qazından olub. İndi Mərkəzi Gömrük hospitalındayam. Nisbətən özümü yaxşı hiss edirəm, amma həkim dedi ki, hələlik bir-neçə gün burda qalmalıyam, çünki müxtəlif analizlər götürülüb, onların cavabından məlum olacaq ki, qanımda zəhərlənmə var, ya yox”.