daxili-lr-nazirliyi

Polis əməkdaşı nazirə “Azadlıq” vasitəsilə müraciət etdi

daxili-lr-nazirliyiDIN-in Baş Mühafizə Idarəsində nələr baş verir?

Daxili Işlər Nazirliyinin Baş Mühafizə Idarəsilə bağlı redaksiyamıza Orxan adlı polis serjantının məktubu daxil olub. Həmin məktubda Baş Mühafizə Idarəsində baş verən qanunsuzluqlardan bəhs edilir. Məktub müəllifi özünün də həmin idarədə çalışdığını qeyd edir. O, həmçinin bildirir ki, Baş Mühafizə Idarəsində baş verənlərlə bağlı dəfələrlə daxili işlər naziri Ramil Usubova müraciət edilib.
Lakin bu müraciətlər ya nazirə çatmadığından, ya da hər hansı başqa səbəbdən nəticəsiz qalıb. Odur ki, məsələni ictimailəşdirmək qərarına gəlib. Polis serjantı ümid edir ki, Ramil Usubov mətbuatda Baş Mühafizə Idarəsində baş verənləri oxuduqdan sonra qəti tədbirlər görəcək. Polis serjantının məktubunu qısa ixtisarlar təqdim edirik:
“DIN-nin tərkibində olan Baş Mühafizə Idarəsində korrupsiya, özbaşınalıq və polis serjantlarına qarşı olan haqsızlıqlar günbəgün artır. Nəzərinizə çatdırmaq istərdik ki, DIN-in digər idarələrindən fərqli olaraq Baş Mühafizə Idarəsi özü-özünü maliyyələşdirən qurumdur. Idarəyə daxil olan vəsaitlər yalnız müqavilə əsasında mühafizə olunan dövlət və ya özəl obyektlərdən toplanır. Lakin həmin vəsaitin nə qədərinin  təyinatı üzrə xərcləndiyini söyləmək çətindir. Yalnız onu deyə bilərik ki, burada böyük məbləğdə pullar mənimsənilir. Məsələn obyektlər tərəfindən Baş Mühafizə Idarəsinin Sumqayıt şəhər və Qaradağ rayon şöbələrinin balansına vaxtlı-vaxtında pul köçürülməsinə baxmayaraq əməkdaşların maaşları yubadılır. Əkrəm Hüseynovun rəhbərlik etdiyi Səbayel rayon mühafizə şöbəsinin isə maaşları bir ay gec yazılır. Faktiki olaraq orada hər il bir ayın maaşı ”yoxa” çıxır. Müsahibatlıq gecikməni heç nə ilə əsaslandıra bilmir.
Digər tərəfdən əldə olunan gəlirlər polis əməkdaşları arasında düzgün bölünmür. Bəlli olduğu kimi polis əməkdaşının aylıq xidmət haqqı təxminən 1200 manat təşkil edir. Baş Mühafizə Idarəsinin saytında da stasionar polis postu ilə mühafizənin 1 saatlıq tarifi 5.03 manat göstərilib. Bu halda 2 gündən bir sutkalıq işə çıxan polis serjantlarının xidmətlərinə görə Baş Mühafizə Idarəsinə obyektlər tərəfindən xidmət haqqı olaraq ayda 1207 manat ödənilir. Lakin bu məbləğdən polis serjantlarına cəmi 360 manat, yeni işə qəbul olunanlara isə 295 manat maaş ayrılır. Ədalətsizliyin başqa bir nümunəsi xidməti vəzifəsinin icrası zamanı xəsarət almış əməkdaşlara müəyyənləşdirilmiş kompensasiyanın mühasibatlıq və kadrlar şöbəsi tərəfindən  rüşvət müqabilində verilməsidir. Bayram günləri və gücləndirilmiş rejimdə işləyən əməkdaşların maaşları da adi qaydada verilir. Yəni, əsas iş vaxtından əlavə işləməyə məcbur edilən, gecəsini-gündüzünə qatan əməkdaşlara qanunvericilikdə muəyyən edilmiş əlavə haqlar ödənilmir.
Ən böyük problemlərdən biri də vəzifələrə təyinatın pul müqabilində həyata keçirilməsidi. Belə ki, təzəlikcə Polis  Akademiyasını bitirib müəyyən şərtlər müqabilində idarələrdə vəzifəyə təyin olunan zabitlər xərclədikləri pulları  serjantlardan çıxarırlar. Nəticədə “aylıq”lar yaranır. Bu, daha çox Baş Mühafizə Idarəsinin Xətai, Nəsimi və Səbail rayon şöbələrində təzahür edir.
Mühafizə xidmətinə müvəqqəti gələn, əmək haqqına ehtiyacı olmayan polis serjantı maaş kartını idarə rəhbərliyinə verməklə aylarla posta və tədbirdə görünmür. Nəticədə xidmətdə yaranan boşluğu doldurmaq uçün digər serjantlar istismar edilir, hətta bəzi hallarda qanuni məzuniyyətə çıxan əməkdaşlar geri çağırılır. Bütün bu özbaşınalıqlara etiraz edənlər isə “sokraşeniya” ilə hədələnir.
Başqa problem Musa Cəfərovun rəhbərlik etdiyi xidmətin təşkili və təşkilatı-inspektor idarələrinin zabit heyəti ilə bağlıdı. Polis serjantının xidmət etdiyi obyekt ətrafında pusqu quran inspektorlar onun nöqsana yol verməsini gözləyir. Polis serjantı yüngülvari səhv etdisə dərhal gizlicə şəklini çəkib onları şantaj edirlər. Polis serjantı şəklinin baş idarəyə təqdim edilməməsi üçün 1 aylıq maaşını onlara verməlidir”.