Misirdə prezident tərəfdarları ilə əleyhdarları toqquşub

Çərşənbə axşamı Qahirədən şimalda Misir prezident Məhəmməd Mursi tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmada onlarla adam xəsarət alıb.
Toqquşmalar günün ikinci yarısında paytaxtdan 80 km aralıda Əl-Məhəllə əl-Kubra şəhərində baş verib və axşama yaxın səngiyib. 

İğtişaşda iştirak edənlər bir birinə «Molotov kokteyli» atıb. İTAR-TASS-ın məlumatına görə, yüzlərlə gənc «Müsləman qardaşları» nümayəndəliyinə daxil olmağa cəhd edərkən islamçıların sərt müqaviməti ilə üzləşib. Yerli həkimlərin məlumatına görə, beş nəfər güllə yarası alıb.
Bu arada on minlərlə adam Qahirənin mərkəzinə axışaraq ölkə başçısının son qərarına etiraz edir. Müxalifət tərəfdarları Mursini qərarını ləğv etməyə, hətta istefaya çağırır. Artıq «qardaşların» hakimiyyətinə etiraz edənlər «Təhrir» meydanına sığışmır. İnsanlar yaxın küçələrdə toplaşmalı olur.

Azadlıq.info