evez temirxan

“Gülər ağzını açsa videoyazılar onun yanında toya getməli olacaq”

evez temirxan«Sevinc Babayevanın Azərbaycandan çıxmasına imkan yaratdılar»

Gündəmin aktual mövzuları ilə bağlı ALP sədri Əvəz Temirxanın mövqeyi ilə tanış olduq.

– Azərbaycanla Rusiya arasında gərginlik yaranıb. Bunun da müxtəlif səbəbləri var. Ancaq hakimiyyət təmsilçilərinin səsləndirdiyi fikirlər arasında paradoks var. Siyavuş Novruzov Rusiyanı Ermənistana silah satmaqda ittiham edir. Eyni vaxtda Əli Əhmədov “Vahid Rusiya” partiyasının nümayəndəsi ilə görüşüb iki partiyanın əməkdaşlağından söz açır. Ermənistana silah satan da “Vahid Rusiya” partiyasının hakimiyyətidir. Belə fərqli yanaşmalar hansı məntiqdən irəli gəlir?
– Əli Əhmədov ranqına görə Siyavuş Novruzovdan üstündür. O əməkdaşlıqdan danışır, Siyavuş Novruzov isə iradlarını bildirir. Buna başqa cür də yanaşmaq olar. Açıqlama verənlərdən biri yuxarıdan təlimatı vaxtında almayıb. Yaxud onların hər biri bu məsələyə öz baxış prizmasından yanaşır. Rusiya öz maraqlarını güdür. Ola bilsin bundan sonra da Ermənistanı silahlandıracaq. Ancaq bütün bunlara baxmayaraq Rusiyanın Ermənistanın aqressiyasına dəstək verməməsi, onun silahlandırmaması, yaxud az silahlandırması üçün Azərbaycanın əlindən gələni etməsi həyatı zərurətdir. Bu yaxınlarda kütləvi informasiya vasitələrindən birindən aldığım məlumata görə, NATO-nun mərkəzi qərargahında qurumun ayrı-ayrı üzvlərinin Azərbaycana və Ermənistana silah satmasına icazə verməsi məsələsi gündəmə gəlib. Silah təkcə müdafiə, rəqibə hücum vasitəsi deyil. Silah həm də silah satanın silah alanın siyasətinə təsir etmək vasitəsidir. Silah satanın silah alanı müəyyən mənada siyasi cilovda saxlaması deməkdir.

– Adətən 20 yanvar hadisələrinin ildönümü ərəfəsində rəsmi mətbuat, telekanallar Rusiyanın ünvanına ittihamlar səsləndirir. Ancaq indi bu kampaniyaya bir qədər tez başlayıblar. Ancaq eyni zamanda Ramiz Mehdiyev Bakıda forum təşkil edir, Rusiya-Azərbaycan əməkdaşlığından danışır. Bu ziddiyyəti nə ilə izah etmək olar?
– Bunlardan biri keçmişə yönəlib, bir gələcəyə. Biri keçmişə baxış məntiqidir, biri gələcəyə. Hüquqi baxımdan bugünki Rusiya rəhbərliyini 20 yanvar hadisələrində günahlandırmaq doğru olmazdı. Keçmiş SSRI-nin rəhbərliyi bu qanlı hadisəni törədib. Amma Rusiya SSRI-nin hüquqi, siyasi, mənəvi varisidir. Ona görə də bu məsələdə Rusiya rəhbərliyi ilə danışıq aparmaq olar ki, ən azı SSRI rəhbərliyinin törətdiyi bu hadisəyə mənəvi-siyasi dəyər versinlər. Necə ki, Fransa Əlcəzairdə törətdiyi qırğını tanıdı, üzr istədi. Rusiya rəhbərliyi də 20 yanvar hadisəsinin SSRI rəhbərliyi tərəfindən törədilmiş qanlı hadisə kimi tanımalıdır və müəyyən addımlar atmalıdır ki, azərbaycanlıların qəlbindəki, ürəyindəki asılmış daşı yüngülləşdirsin. Putin ötən illərdə bura səfər edəndə Şəhidlər Xiyabanını ziyarət edəndə müəyyən mənada bu addımı atdı. Amma bu addım aydın şəkildə atılmalıdır ki, Rusiya SSRI rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı hadisəni pisləyir. Pisləməsi o deməkdir ki, gələcəkdə belə hadisələrin baş verməsinə imkan verilə bilməz. Rusiya bu addımı pisləyərsə, bu iki ölkə arasında münasibətlərin dərinləşməsinə, inkişafına şərait yaradar.

“Hakimiyyət nəzarətdən çıxanda cəmiyyət üçün təhdid mənbəyinə çevrilir”

– Elşad Abdullayevin açıqladığı son video bir çox məqamları üz çıxardı. Məlum oldu ki, ölkədə adam oğurluğunda hüquq-mühafizə orqanlarının əli var. Bunu necə qiymətləndirmək olar?
– Azad və ədalətli seçkilər vasitəsilə ictimai nəzarət altında olmayan hakimiyyət, məmur əlində cəmlənmiş səlahiyyətlərdən cəmiyyətə qarşı sui-istifadə edə bilər. Azərbaycanda bunu edir də. Bu o deməkdir ki, Elşad Abdullayevin göstərdiyi o video görüntülərdə aşkarlanmış qanun pozuntularının kökü Azərbaycanda azad və ədalətli seçkilərin, demokratiyanın, söz və mətbuat azadlığının olmamasındadır. Bu son nəticədə hüquq mühafiəsi orqanlarının hüquq tapdayan orqanlara çevrilməsinə gətirib çıxarır. Əgər Elşad Abdullayev öz təhlükəsizliyinə təminat alsaydı, o burda da həmin faktları açıqlaya bilərdi. Üç il bundan əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib. Amma onun şikayətlərinə cavab verməyiblər. Bu o deməkdir ki, Azərbaycanda hakimiyyət qanunla yox, yüksək çinli məmurların istəyi ilə, əhval-ruhiyyəsi ilə idarə olunur. Hakimiyyət orqanları cəmiyyətin nəzarətindən çıxanda cəmiyyət üçün böyük təhdid mənbəyinə çevrilir. Necə ki, Azərbaycanda ayrı-ayrı məmurlar təhdid mənbəyinə çevriliblər.

“Məmurlar qanunsuzluq girovuna çevrilib”

– Həmin videoda hakim yüzlərlə işi tapşırıqla həll etdiyini, Zülfüqarlı qardaşlarından 5 milyon dollar rüşvət alındığını etiraf edir. Ancaq buna rəsmi qurumlardan heç bir reaksiya gəlmədi. Bunu necə qiymətləndirmək olar?
– Danışıb neynəyəcəklər? Yəqin o hakim daha nəyisə bilir. Bu yaxınlarda o hakimlə hər hansı bədbəxt hadisə də baş verə bilər. Kimsə bunu edə bilər. Hamının əli hər yerdən üzüləndə məhkəmənin, hakimin yanına qaçır, ədalət axtarır. Bu videodan görünür ki, hakimin ədalət axtarması, öz təhlükəsizliyini qoruması, özünün vəzifə səlahiyyətlərini qanuna uyğun icra etməsi və dəstək alması üçün qaçacağı yer yoxdur. Bu hakimin etirafında cinayət əlamətləri var. Amma digər tərəfdən bir anlığa təsəvvür edin o hakim deyiləni etmirdi. O da Elşad Abdullayevin qardaşının taleyini yaşaya bilərdi. Ən yaxşı halda hər hansı qanun pozuntusuna görə türməyə düşə bilərdi. Yəni burdan belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan məmurlarının hamısı qanunsuzluq girovuna çevrilib. Müstəqil olmayan hakim, prokuror, müstəntiq, təhqiqatçı, polis rəisi, məmur yalnız yuxarıdan deyiləni kor-koranə icra etməyə məcburdursa, bu Azərbaycan cəmiyyəti üçün daha böyük təhlükədir. Biri var ayrı-ayrı məmur öz təşəbbüsü ilə hansısa qanunsuzluq törədir, amma hakimiyyət buna nəzarət edir, aşkar etdikdə cəzasını verir. Biri də var bütün məmurları yuxarıdan kimlərsə öz marağı naminə qanunsuz addımlar atmağa, hətta günahsız milyonçunu həbs etməyə məcbur edir. Sonra 5 milyon dollar rüşvət alır və buraxır. Bu daha təhlükəlidir. Indi bir anlığa təsəvvür edin ki, əgər Azərbaycanda 200 milyon dolları olan adamın elementar hüquqları müdafiə olunmayıbsa, 200 manat alan müəllimin, 93 manat alan pensiyaçının, yaxud heç bir qazancı olmayan işsizin hüququnu kim təmin edər. Azərbaycanda əksəriyyət işsiz, yoxsul, az maaşlıdırsa, deməli xalqın hüququ təmin olunmayıb. Hüququn təminatı təkcə bu insanın maddi durumundan asılı deyil. Azərbaycanda kütləvi özbaşınalıq hökm sürməkdədir.

– Gülər Əhmədovanın “ağzımı açmayın” mesajından sonra ona qarşı ola hücumlar səngidi. Nədən qorxub geri çəkildilər?
– Azərbaycanda deputatların əksəriyyəti bu haldadır. Əksəriyyəti Elşad Abdullayev kimi parlamentə düşənlərdir. Elşad Abdullayev təyinatını aldı, sonra ATƏT etiraz etdi deyə onun qələbəsi tanınmadı. Heç kimin müdafiəsinə qalxmaq istəmir. Müəyyən tədbirlərdə YAP-çılarla ünsiyyətdə oluram. Gülər Əhmədova deputat olaraq onların arasında ən tolerantlarından biri idi. Əgər cəmiyyət daxilində münasibətlərin nisbətən sivil qaydada aparılmasını istəyən bir deputat bu cür addımlar atmağa məcburdursa, ya sürüklənibsə, ya şirnikləndirilibsə, ya özü şirniklənibsə, onda təsəvvür edin digər quzğun təvəkkürlülər nə gündədir. Onlar daha pis vəziyyətdədir. Gülər Əhmədova deyəndə ki, ağzımı açmayın, deməli onun əlində elə fakt var ki, onu açsa, bu videoyazılar onun yanında toya getməli olacaq.             

“Sevinc Babayeva burda qalsa, kiminsə ifşasına səbəb olar bilər”

– Həmin videolarda əksini tapman faktlar qəti tədbirlər görməyə kifayət edirdimi? Məsələn, Sevinc Babayevanın ölkədən çıxmasına maneəçilik törədilmədi. Indi isə o axtarışa verilib. Belə yanaşmanı necə qiymətləndirmək olar?
– Dovşana deyirlər qaç, tazıya deyirlər tut. Təzəcə işə başlamış rayon müstəntiqinin əlinə bu iş düşərdisə, ilk növbədə əsas fiqurlardan biri olan Sevinc Babayevanın istintaqa çəkilməsi istiqamətində addım atardı, yaxud onun heç yer getməməsi ilə bağlı tədbir görərdi. Ölkənin sərhəd xidmətinə müəyyən göstərişlər verilərdi ki, onu Azərbaycandan kənara buraxmasınlar. Sevinc Babayevanın burdan qaçması bu hadisələrə güclü təsir edə biləcək kimlərəsə lazımdır. Çünki Sevinc Babayeva burda qalsaydı, bu  kimlərinsə ifşasına gətirə çıxarardı. Ona görə də daha yumşaq yolla gedib ona Azərbaycandan çıxmağa imkan yaratdılar. Sonra da axtarışa veriblər. Axtarışa dərhal verilməli olduğu halda verməyiblər. Sizi əmin edirəm ki, bu haqda Interpola məlumat verilməyəcək.

“Qərb Azərbaycanda demokratik seçkilərin keçirilməsi istəyir”

– Beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə təzyiqləri iqtidarı narahat etməkdədir. Artıq Əli Həsənov da təzyiqləri Ilham Əliyevin üçüncü dəfə prezident seçilmək niyyəti ilə bağlı olduğunu etiraf edib. Bu nəyin görsənişidir? Qərb Əliyevin üçüncü prezidentliyə qarşı çıxacaqmı?
– Məndə olan bəzi dəqiq məlumatlara görə demokratik dövlətlər Azərbaycanda ədalətli seçkilər keçirməsində çox maraqlıdırlar. Ədalətli seçkilər keçiriləcəyi təqdirdə bu iqtidarın nümayəndəsinin qalib gəlməsinə inanmıram. O baxımdan hakimiyyətdə olanlar öz iddiasını ortaya qoyacaq, müdafiə edəcək. Deyəcək ki, biz müstəqilik, heç kimə bizə diqtə edə bilməz. Xalqın bizə olan “sevgisinin” qarşısını ala bilməz. Bu hakimiyyətdə olanların məntiqli davranışıdır. Amma eyni zamanda dəqiq bilirəm ki, burdakı hadisələrin gedişatına təsir edə biləcək aparıcı Qərb dövlətləri Azərbaycanda demokratik seçkilərin keçirilməsi istəyir. Amma onların istəyini, ümidini və demokratiyaya dəstək inamını Azərbaycan cəmiyyətində ölkəni idarə etmək iddiasında olan prezidentliyə namizədlər, siyasi partiyalar daha da artıra bilər.

Fizzə