«Gənclər Məclisi» Ziya Məmmədov və Tağı Əhmədovun rəhbərlik etdiyi qurumlardakı nöqsanları müzakirəyə çıxardılar
“Gənclər Məclisi” (GM) bu günlərdə növbəti toplantısını keçirib. Bu xəbər Turan-a qurumdan daxil olub.
Gənclər Məclisi nəqliyyat sistemindəki problemləri müzakirə edib. Sürücülük vəsiqəsi olmayan sürücülərin əksəriyyətinin iri tutumlu avtobusları idarə etməsi, çoxsaylı insan tələfatı ilə nəticələnən qəzalar törətməsi, sərnişinlərlə kobud rəftar olması vurğulanıb. Nəqliyyat Nazirliyinin bu sahəni inhisara aldığı, sağlam rəqabətə şərait olmaması üzündən problemlərin daim artdığı xatırladılıb.
Nəqliyyat Nazirliyinin intellektual idarəetmə sisteminin tam iflasa uğradığı deyilib. Dövlət büdcəsinə 100 milyon manata yaxın vəsaitə başa gələn bu sistemin artıq sıradan çıxmaqda olduğu bildirilib. Natiqlər bu faktı nazirliyin məqsədinin insanlara səmərəli xidmət yox, bu layihələr vasitəsilə büdcəni talamaq olduğu iddia edilib.
GM Bakı metropoliten rəhbərliyini işi səmərəli qura bilməməkdə ittiham edib. Metro stansiyalarının giriş-çıxışlarında, qatarlarda dəhşətli sərnişin sıxlığı bunun nəticəsi sayılıb. Stansiyaların giriş-çıxışlarındakı ticarət obyektlərinin sərnişinlərin sərbəst hərəkətinə mane olduğu nəzərə çatdırılıb. Qatarlar arası intervalların 2 dəqiqə olması müəyyən edilsə də, bəzən intervalların artmasının ciddi fəsad və narahatlıqlar yaratdığı deyilib.
GM bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün vahid kart sisteminin tətbiqini, şəffaflıq yaradılmasını, inhisarın aradan qaldırılmasını təklif ediblər.
GM bu ilin noyabrında ölkənin ictimai həyatında fəal iştirak edən 50-yə yaxın gənc tərəfindən yaradılıb. Qurumun məqsədi ölkənin problemlərini və ondan çıxış yollarını göstərmək, ölkə gənclərini ictimai-siyasi həyatda fəal iştiraka cəlb edə bilmək üçün maarifləndirmə işi aparmaqdır.


