İslamçılar Səməd Seyidova cavab verdi

Rövşən Əhmədli: «Səməd Seyidov birtərəfli münasibət sərgiləməkdənsə, siyasi məhbus probleminin həlli istiqamətində real təkliflər versin»

Milli Məclisin üzvü, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda həbsdə olan iki dindarın adını “siyasi məhbus” siyahısına salması məsələsinə münasibət bildirib. S.Seyidov hesab edir ki, dindarların siyasi məhbus siyahısına salınması düzgün deyil.
AIP-in sədr müavini Rövşən Əhmədli bildirdi ki, S.Seyidovun belə bir açıqlama ilə çıxış etməsi onun səlahiyyətləri xaricindədir. Çünki S.Seyidov prokurorluğun əməkdaşı deyil: “Irəli sürülən ittihamlar nə ilkin iistintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilmirsə, bu insanların uzun müddət həbsə atılması yalnız onların siyasi əqidəsinə və mübarizəsinə görədir. Bunu beynəlxalq təşkilatların nümayəndələri gözəl başa düşür və onları da bu üzdən siyasi məhbusların siyahısına əlavə edir. Səməd Seyidov bu cür məsələlərə birtərəfli yanaşmaqdansa, ölkədə siyasi məhbus probleminin həlli, demokratik təssisatların bərpa olunması istiqamətində təkliflər versin. Bu yanaşma millətimiz və dövlətimiz üçün daha xeyirli ola bilər”.
Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, S.Seyidov yenə özünə xas formada açıqlama verib. Azərbaycanda 2005-ci ildən başlayaraq dini inanclı kəsimə qarşı repressiyaların gücləndiyini deyən L.Yunus vurğuladı ki, hazırda yürüdülən siyasət sovet dövrünü xatırladır: “Hakimiyyətin dini kəsimi hazırda sıxışdırması sovet dövründə inanclı şəxslərə qarşı aparılan siyasəti xatırladır. O zaman da inanclı şəxsləri hökumət təqib edirdi, indi də bu yaşanır. Dövlət başçısı Amerikada, Avropada islamafobiyadan danışır. Amma Avropada Azərbaycandakı kimi dini inancına görə insanlar təqib oluna və həbs edilə bilməzlər. Ona görə də islamçılar da siyasi məhbus sayılmalıdırlar”.

Xəyal