«Hamı bilir ki, Murquzov Misir Mərdanovun yaxın qohumudur və o, qohumunu ciddi şəkildə himayə edir»
Noyabrın 21-də Bakıda evindən külli miqdarda pul və qızıl oğurlan Azərbaycan Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı, 1937-ci il təvəllüdlü Murquzov Mirzəli Ismayıl oğlunun Təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu haqda məlumatı Təhsil Nazirliyinin Ictimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadənin təkzib etməsi reaksiya özünü çox gözlətməyib.
Belə ki, B.Hüseynzadənin təkzibi azpolitika.info-da dərc olunduqdan dərhal sonra təhsil sahəsində fəaliyyət göstərən hörmətli şəxslərdən biri redaksiya ilə əlaqə saxlayaraq mövzuya aid bəzi məlumatlarla fikirlərini bölüşüb. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirib ki, evindən külli miqdarda pul aparılan dekan M.Murquzov, B.Hüseynzadənin də dediyi kimi, Misir Mərdanovun xalası oğlu deyil. Amma M.Murquzov həqiqətən də təhsil nazirinin yaxın qohumudur, özü də bu qohumluq bir yox, bir neçə tellə bağlıdır.
“Mən onlardan yalnız birini deyim. M.Murquzovun qardaşı qızı nazirin qardaşı Ilham Mərdanovun həyat yoldaşıdır. Bayram Hüseynzadə xaloğlu söhbətini təkzib edib, bəs bunu niyə deməyib?! Hamı bilir ki, M.Murquzov Misir Mərdanovun yaxın qohumudur və onun tərəfindən ciddi şəkildə himayə olunur. Uzun illərdir dekan vəzifəsində oturub. M.Murquzov 7-11-ci siniflər üçün fizika dərsliklərinin hamısının ümumi redaktoru və müəllifidir. Üstəlik, Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının 11 üzvündən biridir. Halbuki, buna mənəvi haqqı yoxdur. Belə çıxır ki, dərsliyi özü yazır, özü də qiymətləndirir. B.Hüseynzadə gərək bunlar haqda da danışardı”.
Xatırladaq ki, M.Murquzovun evindən 15 min manat, 1000 ABŞ dolları, xeyli avro və qızıl-zinət aparılıb…


