Arif Yunus: «Rusiya separatçıların əli ilə terror aktları təşkil edə bilər»
Sülhəddin Əkbər: «Azərbaycan bir neçə istiqamətdən təhlükə ilə üzləşə bilər»
Bakıda keçirilən “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusundakı beynəlxalq konfransda Prezident Administrasiyasının məsul işçisi Tahir Süleymanov ölkənin enerji infrastrukturuna ciddi xarici təhlükələrdən söz açıb. PA rəsmisi əsas təhlükənin Ermənistandan gəldiyini desə də, başqa istiqamətlərdən də təhlükə olduğuna da eyham vurub.
Xatırlatmaq yerinə düşər ki, Iran təhlükə ilə üzləşəcəyi təqdirdə Qərbin Azərbaycandakı maraqlarını hədəfə alacağını deyib.
Bu halda rəsmilər təhlükə barədə danışarkən hansı istiqamətləri nəzərdə tutur?
Konfliktoloq Arif Yunus bir neçə istiqamətdən təhlükələrin gözlənildiyini deyir. Bunlardan biri enerji resursları ilə bağlı Azərbaycanla konflikt vəziyyətində olan Türkmənistandır. Çünki bir müddət əvvəl hətta tərəflərin “Kəpəz” yatağına görə münaqişəyə başlaya biləcəyi ilə bağlı ehtimallar irəli sürülürdü. Digər istiqamət Irandır. Cənub qonşu ilə də dəfələrlə neft yataqları ilə bağlı gərginlik yaşanıb. Digər tərəfdən, Iran ABŞ və Israillə müharibəyə başlayacağı təqdirdə Azərbaycanın neft yataqlarını vuracağı ilə hədələyib. Daha bir təhlükə mənbəyi isə Rusiyadır.
Ekpertin fikrincə, Rusiya Azərbaycanı rəsmi şəkildə hədələməsə də, separatçıların əli ilə terror aktları təşkil edə bilər. Rusiyanın Azərbaycanla bağlı son vaxtlar yürütdüyü siyasəti də unutmaq olmaz.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər müharibə vəziyyətində olan Azərbaycanın bir neçə istiqamətdən təhlükə ilə üzləşə biləcəyini deyir. Digər tərəfdən, Xəzərin hüquqi statusu müəyyən olumadığından Azərbaycanla Türkmənistanın mübahisəli yataqları var. Eyni zamanda Iranın bu istiqamətdə dəfələrlə ölkəmizi təhdid etdiyini unutmaq olmaz.
Ekspert Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanacağı təqdirdə Ermənistanda yerləşən Rusiya qüvvələri tərəfindən Azərbaycanın enerji infrastrukturuna zərbələr endirilə biləcəyini də qeyd etdi.
Fizzə


