Mursinin fərmanı Misiri qarışdırıb

Hakim partiyanın qərargahlarına od vuruldu; etirazçılar Təhrirə axışdı

Misir prezidenti Məhəmməd Mursinin ötən gün səlahiyyətlərini artırmaqla bağlı verdiyi fərman ölkəni qarışdırıb. Paytaxt Qahirədə prezidentin fərmanına qarşı etirazlar baş qaldırıb. Hökumət kütləvi narazılıqlarının qarşısını almaq üçün Qahirədə küçələrə polis düzüb.

MİSİRİN “YENİ FİRONU”

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Əl Baradeyi bu fərmanına görə prezident Mursini “yeni firon” adlandırıb (“Azadlıq” radiosu).

Dövlət televiziyasının məlumatına görə, noyabrın 23-də Misirin 3 şəhərində etirazçılar hakim partiyanın ofislərinə od vurublar. Liberal və dünyəvi qruplar “yeni firona” etiraz məqsədilə Təhrir meydanına yürüş ediblər. Cümə namazından dərhal sonra keçirilən yürüşın başında Ərəb Liqasının keçmiş xarici işlər naziri Əmr Musa, Əl Baradeyi və başqa tanınmış simalar durub.  

Müsəlman Qardaşlığı isə Mursinin qərarına dəstək nümayiş etdirmək üçün prezident sarayının yanında nümayiş keçirib.

İKİYƏ BÖLƏN FƏRMAN

Mursinin yeni fərmanına görə,  parlament seçkilərinə qədər prezidentin verdiyi fərmanlar, qərarlar, imzaladığı qanunlar yekun qərarlardır və bunları dəyişmək olmaz. Bu qərarlardan şikayət də vermək olmaz. Yeni fərman “inqilabı qorumaq üçün prezidentə istənilən qərarı qəbul etmək və istənilən tədbiri görmək  hüququ” verir.

Fərmana görə,  keçmiş prezident Hüsni Mübarəkin vaxtında vəzifə tutanlara qarşı xitam verilmiş cinayət işləri yenidən açıla bilər.

Fərmanı televiziya ilə prezidentin sözçüsü Yasser Ali oxuyub: “Keçmiş rejimdə kim ki, vəzifə tuturdu və  kim ki,  nümayişçilərin ölümündə ittiham olunurdu, onlara qarşı cınayət işləri yenidən açılacaq. Bu, inqilabı qorumaq qanunu ilə edilir”.

BMT NARAZIDIR

Mursinin bu fərmanına hətta BMT də dərhal və çox kəskin tənqidi reaksiya verib. “Biz qorxuruq ki, bu gündən başlayaraq yaxın bir neçə gündə Misirdə vəziyyət çox zorakı ola bilər”, – deyə BMT-nin İnsan Haqları Komissarı Navi Pillayın sözçüsü Rupert Colville noybarın 23-də Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Misir prezidentinin yeni fərmanı həm insan haqları, həm də qanunun aliliyi baxımından çox böyük pozuntulara gətirə bilər.

Misirin hüquqşünaslar sindikatının rəhbəri Sameh Aşur deyib ki, prezidentin fərmanı “qanunçuluq əleyhinə çevrilişdir.” O bütün misirliləri Təhrir meydanına çağırıb. Misir qəzetləri noyabrın 23-də “Morsi ötəri diktatordur” kimi başlıqlarla çıxıb.

FƏRMANDAKI İZAHLAR

Prezidentin fərmanında  mübahisəli məqamlara izah da verilir. Deyilir ki, prezidentin belə qərarlarının məqsədi “dövlət qurumlarında təmizlik” aparmaqdır. Müsəlman Qardaşlığının siyasi qanadı olan Ədalət və Azadlıq Partiyasının rəsmisi Gehat Haddad deyib: “Daxili İşlər Nazirliyində bir xeyli adam var ki, küçə nümayişçilərinin ölümünə görə məsuliyyət daşıyırlar. Ancaq onları cəzalandırmaq üçün qanunda bir cığır belə tapa bilmirik”. Onun fikrincə, Mursinin fərmanı “inqilabı öz yolu ilə aparmaq” üçündür.

Mursinin fərmanı ilə baş prokuror da işdən çıxarılıb. Mursi onu hələ keçən aydan işdən çıxarmaq istəyirdi. O, baş prokurorun köhnə rejim nümayəndələrini məsuliyyətə  cəlb edə bilməməsindən narazı idi. Tələt İbrahim Abdullah yeni baş prokuror təyin olunub.

Gecə yarı televiziyaya çıxan yeni baş prokuror söz verib ki, inqilabın məqsədlərinə çatmaq üçün gecə-gündüz çalışacaq.