Keti Pirs: “Avtoritar hökumətlərə öz vətəndaşlarını izləmək üçün avadanlıq satan qərb şirkətləri tənqid olunmalıdır”
Bu yaxınlarda Azərbaycan İnternet İdarəçiliyi üzrə Beynəlxalq Forum keçirib. İlham Əliyev hökuməti təkid edir ki, ölkədə İnternet azaddır, halbuki, beynəlxalq müşahidəçilərin əksəriyyəti bunun belə olmadığını hesab edirlər.
“Turan”ın Vaşinqton müxbiri bu mövzunu Vaşinqton Universitetinin dosenti Keti Pirs ilə müzakirə edib. O, bu yaxınlarda Azərbaycandan qayıdıb.
Doktor Pirs keçmiş SSRİ məkanında texnologiya və KİV sahəsində ixtisaslaşıb.
– İnternet azadlığı olan ölkələri necə təsvir edərdiniz? Onun ölçüləri necədir?
– “İnternet azadlığı”nın müəyyən olunması çətin işdir. Bəziləri İnternet azadlığını çox hərfi müəyyən edirlər, məsələn saytlar bloklaşdırılır, ya yox. Azərbaycanın vəzifəli şəxsləri də İnternet azadlığından danışarkən məhz bu parametri nəzərdə tuturlar. Lakin İnternet azadlığının məhdudlaşdırılması üçün daha həssas vasitələr var, məsələn, seçkilər zamanı veb-saytların bloklanması və ya İnternet provayderləri vasitəsilə saytlara girişin bağlanması, ya da ki dövlət barəsində böhtanın dərcində ittihamlar.
İnternetə təsir etməyin başqa bir forması da var – dövlət hökumətyönlü şərhçilər və blogerlər vasitəsilə onlayn- məkanda çıxış edir. Digər bir məsələ də İnternetdə özünüsenzuradır ki, bu da Azərbaycanda kifayət qədər geniş yayılıb. İstifadəçilərin çoxu nəzarət altına düşəcəyini hiss edərək nəticədən ehtiyatlanıb öz fikirlərini və ifadələrini məhdudlaşdırmağa çalışır.
Azərbaycan hökuməti öz beynəlxalq imici barədə düşünür və ölkədə İnternetin azad olduğunu daim təkrar edir ki, onu müasir informasiya texnologiyaları dünyasının tərkib hissəsi kimi qəbul etsinlər. Lakin heç kimi boş bəyanatlarla inandırmaq olmaz.
– Cənubi Qafqazda İnternet-statistika necədir?
– Qafqaz ölkələrinin hər üçündə texnologiya sahəsində böyük artım müşahidə olunur: kompüterlər çatımlı olub, İnternet ucuzlaşıb, lakin ən əsası smartfon formasında mobil İnternet yaranıb, həmçinin sosial şəbəkələr inkişaf edib.
Bu gün demək olar ki, hər istifadəçi sosial jurnalistika ilə məşğul ola bilir, 5 il bundan əvvəl belə deyildi. Bu, cəmiyyətə, xüsusilə sıravi vətəndaşlara böyük təsir göstərir.
Dövlətlər arasında oxşarlıq və fərqə gəlincə, Gürcüstanda və Ermənistanda provayderlər qiymətləri Azərbaycanda olduğundan tez endiriblər.
Böyük imkanlara baxmayaraq, yeni texnologiyalar Azərbaycanda Ermənistanla Gürcüstanda olduğundan daha az tətbiq edilib. Məsələn, 2011-ci ilin sonunda kompüterlər Ermənistan evlərində 40%, Gürcüstanda 33%, Azərbaycanda 15% olub. 35% erməni evi, 29% gürcü və yalnız 11% Azərbaycan evi İnternetə 2011-ci ilin sonunda sahib olub.
İstifadəçilərin sayına gəlincə, 2009-cu ildə İnternetdən heç zaman istifadə etməyən yaşlıların sayı Ermənistanda 19%, Azərbaycanda 24%, Gürcüstanda 28% təşkil edib.
2009-cu ildə Ermənistanda 10% yaşlı hər həftə və ya hər gün İnternetdən istifadə edib. Azərbaycanda bu göstərici 9% , Gürcüstanda 14% olub. 2010-cu ildə Ermənistanda bu göstərici 22%-ə, Gürcüstanda 18%-ə qədər artıb. Azərbaycanda isə əvvəlkitək qalıb. Ötən il Ermənistanda bu göstəricilər yaşlı əhalinin 30%-ni, Gürcüstanda 28%-ni, Azərbaycanda 13%-ni təşkil edib.
– Azərbaycan kimi ölkələrdə İnternet-birliyə və KİV-ə yardım etmək üçün Qərb nə etməlidir?
– Mən inanmıram ki, Qərbdə adamların əksəriyyətinin bu problemlər barədə təsəvvürü olsun. Lakin İnternet sərhədsiz kosmos olduğundan onun bir hissəsində baş verənlər digər hissələrinə də təsir göstərə bilər.
Bundan əlavə, avtoritar hökumətlərə öz vətəndaşlarını izləmək üçün avadanlıq satan qərb şirkətləri tənqid olunmalıdır.


