Əyyub Kərim: «İlham Əliyevin tədbirində Mahir ölkə başçısına hansısa materiallar təqdim edə bilərdi, buna imkan verməyərək onu aradan götürüblər»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı son video ilə bağlı tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərimlə söhbətimizi təqdim edirik.
Bu çox dəhşətli videodur
– Əyyub bəy, Elşad Abdullayevin son videosu haqqında nə deyə bilərsiniz?
– Bu Daxili Işlər Nazirliyi ilə bağlı ikinci dəhşətli videodur. Bundan əvvəl DIN-in 7-ci idarəsinin əməkdaşı ilə Elşad Abdullayevin söhbətini əks etdirən video yayılmışdı. Həmin videoda polis orqanlarında hansı vəziyyətin hökm sürdüyü aydın olurdu. Bu videoda isə daha dəhşətli faktların üstü açılır. Özü də bu dəfə danışan sıravi əməkdaş deyil, Nərimanov kimi iri bir rayonun məhkəməsinin sədri olmuş, hazırda Ağır Cinayətlərə Dair Məhkəmədə hakim işləyən şəxsdir. Sabiq deyil. O, iddia edir ki, Mahir Abdullayev 3 ildən artıqdır ki, DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır. Digər tərəfdən başqa faktların üstünü açır. Deyir ki, kimlərisə tutub, külli miqdarda pul alıb sonra buraxırlar. Bu video eyni zamanda Azərbaycanda məhkəmə sistemində baş verənləri açıq-aşkar ortaya qoyur. Biz illərdir ki, ölkədə məhkəmə sisteminin bərbad vəziyyətdə olduğunu deyirik. Bu da növbəti fakt. Özü də bir məhkəmə hakiminin etiraf etdiyi fakt.
Baş verənlərdən DIN, MTN və Baş Prokurorluq məlumatlı olub
– Mahir Abdullayevin 3 ildən artıq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılması barədə hakim Ağababa Babayevin söylədikləri nə dərəcə inandırıcıdır?
– Ağababa Babayev iddia edir ki, o, Vilayət Eyvazovla görüşüb. Vilayət Eyvazov da deyib ki, Mahir Abdullayev bizdədir. Indi biz Ağababa Babayevə inanmaya bilmərik. Biz o söhbətdə iştirak etməmişik. Digər tərəfdən bunu deyən adi adam deyil, onun Elşad Abdullayevi hansısa məqsədlə aldatmaq istəyindən belə danışdığı bir qədər inandırıcı görünmür.
Amma bir hüquqşünas kimi mənə aydın deyil ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi Mahir Abdullayevi 3 il 8 ay hansı əsasla saxlayıb. Və necə olub ki, bu müddət ərzində kənara heç bir məlumat sızmayıb.
Hakim orada Mahir Abdullayevi azad etməkdən danışır. Ola bilər ki, ondan dal tarixdə hansısa qərar almaq istəyiblər.
Bu məsələdə müəyyən qədər ziddiyyət var. Amma fakt ondan ibarətdir ki, Mahir Abdullayevin taleyindən DIN də, MTN də, Baş Prokurorluq da məlumatlı olub.
Mahiri mütəşəkkil cinayətkar dəstə oğurlayıb
– Yəqin ki, Mahir Abdullayevin taleyindən hakimiyyətin üst qatında da məlumatlıdırlar. Bu aydın məsələdir. Aydın olmayan odur ki, bu məsələdə kimlərin yaxud, hansı qurumların rolu olub. Elşad Abdullayevin son videosu buna aydınlıq gətirmək üçün açar rolunu oynaya bilərmi?
– Əlbəttə ki, son videodan sonra yeni versiyalar irəli sürmək olar. Bəribaşdan deyim ki, mən bundan əvvəlki versiyalarımın da üzərində dayanıram və hesab edirəm ki, həmin versiyaların hər biri yoxlanılmalıdır. Elşad Abdullayevin özünün də 20-30 versiyası var ki, hər biri ciddi şəkildə yoxlanılmalıdır. Çünki Mahir Abdullayevlə bağlı məsələ hədsiz qaranlıq məsələdir. Lakin onun hüquq-mühafizə orqanları tərəfindən himayə edilən mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanması şübhəsizdir. O niyə oğurlanıb, sağdırmı, bununla bağlı dediyim kimi müxtəlif versiyalar var. Yeni videodan sonra isə nəzərdən qaçırdığım bəzi detallar mənə aydın olur.
Namiq Abbasov Hacı Məmmədovun dəstəsini ifşa etmək istəyib?
– Söhbət hansı detallardan gedir?
– Mən bu videodan sonra Mahir Abdullayev məsələsilə bağlı bir qədər də dərinə gedirəm. Xatırlayırsınızsa, MTN-nin keçirdiyi “Qara Kəmər” əməliyyatından sonra mən 2002-ci ildə DIN, Baş Prokurorluq və MTN arasındakı məxfi yazışmaları ictimailəşdirdim. Söhbət baş prokuror Zakir Qaralovun daxili işlər naziri Ramil Usubova və baş prokurorun o zamankı müavini Ramiz Rzayevin o dövrdə milli təhlükəsizlik naziri olmuş mərhum Tofiq Babayevə ünvanladığı məktublardan gedir. Mən 2002-ci ildə yazılmış bu məktubları 2005-ci ilin aprelin 2-də baş redaktoru olduğum “Femida 007″ qəzetində dərc etmişəm. Həmin məktublarda Hacı Məmmədovun dəstəsindən söhbət gedir. Deməli, artıq 2002-ci ildə bu dəstə MTN və Baş Prokurorluğa məlum olub. Mahir Abdullayev isə 2003-cü ildə, prezident seçkisindən 2 gün əvvəl yoxa çıxıb. Elşad Abdullayev deyir ki, qardaşı həmin ərəfədə o dövrkü milli təhlükəsizlik naziri Namiq Abbasovun köməkçisi təyin edilibmiş. Digər tərəfdən Elşad Abdullayev həm Ağababa Babayevlə, həm də DIN-in 7-ci idarəsinin əməkdaşı ilə söhbətdə Mahir Abdullayevin Ilham Əliyevlə fotolarını göstərir və deyir ki, bu fotolar Mahir yoxa çıxmamışdan 3 gün əvvəl çəkilib. Mən o fotoları görməmişəm, deyə bilmərəm hansı şəraitdə çəkilib. Amma hər halda Mahir Abdullayev MTN-nin mayoru olub, nazir köməkçisi olub və Ilham Əliyevlə şəkil çəkdirəndə ölkə başçısı onun kim olduğunu bilib. Ilham Əliyevlə şəkil çəkdirəndən sonra Mahir oğurlanıb. Namiq Abbasov köməkçisinin taleyinə laqeyd yanaşıb. ”Bu qaranlıq məsələdir” deməklə kifayətlənib. 2004-cü ildə isə Namiq Abbasov qəfildən tutduğu vəzifədən azad edilərək Özbəkistana sürgün edilib. Mən düşünürəm ki, bütün bunların arasında əlaqə var.
– Bu əlaqəni necə izah edərdiniz?
– Mənim fikrimcə, MTN-də Hacı Məmmədovun dəstəsilə əlaqədar hansısa planlar olub. Çünki yuxarıda qeyd etdiyim kimi artıq bu qurum 2002-ci ildə Hacının dəstəsinin mövcudluğundan xəbərdar idi. Mümkündür ki, bu bir il ərzində Namiq Abbasov bu işlə bağlı material toplayıb. Yaxud da sadəcə əməliyyatı prezident seçkisindən sonraya saxlayıb. Yəni, Ilham Əliyev ali kürsüyə oturur və az müddətdə ölkədə adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa edilir. Uzun illər açılmayan cinayətlər açılır. Bu uğur təbii ki, Ilham Əliyevin ayağına yazılır. Nazir köməkçisi kimi Mahir Abdullayev də müəyyən mənada bu məsələlərdən xəbərdar olub. Mümkündür ki, prezidentlə şəkildə çəkdirəndə onun qulağına hansısa məlumatları pıçıldayıb. Növbəti dəfə isə, yəni Ilham Əliyevin tədbirində Mahir ölkə başçısına hansısa materiallar təqdim edə bilərdi, amma imkan verməyiblər, onu aradan götürüblər.
Mahiri oğurlayandan sonra Namiq Abbasovu sıradan çıxardılar
– Mahir oğurlanandan sonra Namiq Abbasov özü Ilham Əliyevlə görüşüb həmin faktları ölkə başçısının diqqətinə çatdıra bilməzdimi?
– Ilham Əliyevin hansı şəraitdə prezident seçildiyi ölkə ictimaiyyətinə bəllidir. Müəyyən qrup onunla atasına sadiq adamlar arasında sərhəd yaratmışdı. Namiq Abbasov üçün ən yaxşı variant Mahir Abdullayev kimi etibar etdiyi ən yaxın adamı vasitəsilə ona hansısa məlumatları çatdırmaq ola bilərdi. Digər tərəfdən Namiq Abbasov hansı yükün altına girdiyini bilməmiş deyildi. Peşəkar çekist ehtiyatlı hərəkət etməli idi. Və məncə, Mahir oğurlanmasından sonra hakimiyyətdəki müəyyən qrup – mən konkretliyə varmaq istəmirəm – Namiq Abbasovu sıradan çıxarmaq planını işə saldı və istəyinə nail oldu. Bir daha qeyd edirəm ki, bu bir versiyadır.
– Deməli, sizin versiyanıza görə Mahir Abdullayevi Hacı Məmmədovun dəstəsi oğurlayıb. Çünki Namiq Abbasov bu dəstəni ifşa etməli idi.
– Ola bilər, amma bunu birmənalı iddia etmirəm. Mən hələ Hacı Məmmədovun dəstəsi ifşa edilməmişdən əvvəl Bakı Şəhər Baş Polis Idarəsinin o zamankı Məhərrəm Əliyevdən müsahibə götürəndə o bildirmişdi ki, Azərbaycanda bir mərkəzdən idarə olunan bir neçə mütəşəkkil cinayətkar dəstə var. Ola bilər ki, Mahiri Hacının dəstəsi vasitəsilə deyil, digər dəstələrin əlilə aradan götürüblər. Bir məqamı da qeyd edim. Bu dəstənin himayəçiləri 2005-ci ildə də “Qara Kəmər”ə mane olmağa cəhd göstərdilər.
Elmarı öldürdülər ki, “Qara Kəmər” olmasın
– Necə?
– Ilham Əliyev “Qara Kəmər” əməliyyatından sonra çıxışında bildirmişdi ki, bu əməliyyat bir ay əvvəl keçirilməli idi. Amma Türkiyənin hüquq-mühafizə orqanları ilə aparılan məsləhətləşmələrə görə yubandı. Bax, həmin müddətdə Hacının dəstəsini idarə edən mərkəz diqqəti yayındırmaq üçün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu aradan götürdü.
– Siz Hacı Məmmədovun məhkəmədə məlum, lakin təsdiqini tapmayan fikirlərinə istinadən düşünürsünüz?
– Xeyr. Hacı Məmmədovun niyyəti başqa idi. Elmar Hüseynovu aradan götürən yenə də paralel dəstələr ola bilər. Hacı Məmmədov təsadüfən deməmişdi ki, mən “osminoq”un bir qoluyam. Düşünürdülər ki, bu addımı atmaqla “Qara Kəmər” əməliyyatı keçirilməyəcək. Amma artıq düyməyə basılmışdı. Hakim ailəyə yaxın bir şəxs oğurlanmışdı. Ona görə də bu dəstə ifşa edilməli idi. Bəlkə də Ilham Əliyev bilmirdi ki, Hacının dəstəsinin ifşası bu qədər dərinə işləyəcək.
– Sizcə, Müstəqil Istintaq Komissiyası bu videodan sonra hansı addımlar atmalıdır?
– Əvvəla onu deyim ki, mən o komissiyanın müstəqil olduğuna inanmıram. Elşad Abdullayevin vəkili Adil Ismayılov bu komissiya barədə söylədiklərini tam bölüşürəm. Özünüz baxın, orada DIN-in, MTN-in və Baş Prokurorluğun əməkdaşları təmsil olunub. Son video DIN rəhbərliyi barədədir. Əslində bu videodan sonra DIN rəhbərliyi istintaqa cəlb olunmalıdır. Cəlb edəcəklərmi? Xeyr. Bunlar hətta Gülər Əhmədovanı həbs etmədilər. Çünki onun “ağzımı açdırmayın” hədəsindən ehtiyat etdilər. Indi görün Ramil Usubov danışsa nələr baş verər?
Amma mən hesab edirəm ki, hər bir halda, heç nəyə baxmadan Mahir Abdullayev işi açılmalıdır. Əks təqdirdə DIN, MTN və Baş Prokurorluğun rəhbərliyi istefa verməlidir.
Vidadi Məmmədov


