ABŞ səfiri adından yalanı kim yayıb?

Rəsmi açıqlama: “Səfiriin Naxçıvanda demokratiyanın inkişafını təriflədiyi haqda məlumat doğru deyil”

ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatın səfir Riçard Morninqstarın Naxçıvan səfəri haqda yazdıqlarına aydınlıq gətirib. Səfirliyin yaydığı açıqlamada deyilir ki, bəzi KİV-lər cənab Morninqstarın muxtar respublikada demokratiyanın inkişafını təriflədiyini yazıblar.

«Cənab səfir hansısa bir şəxsə belə bir şərh verməyib və bunu iddia edən hər hansı bir məlumat doğru deyil. Səfər zamanı Riçard Morninqstar bir neçə dövlət rəsmisi və insan haqları məsələləri üzrə fəal Məlahət Nəsibova da daxil olmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Cənab səfir xanım Nəsibovanın ofisinə ona dəstəyini nümayiş etdirmək məqsədi ilə baş çəkib. Və Məlahət xanımın gördüyü vacib işi ictimaiyyətə ünvanlandığı müsahibələrində qeyd edib. Səfir bəyanat və görüşlərində yerli rəsmiləri Məlahət Nəsibova kimi hüquq müdafiəçiləri ilə açıq dialoqa çağırıb», – deyə ABŞ səfirliyinin yaydığı açıqlamada bildirilir (“Azadlıq” radiosu).