Tanınmış müğənni Nigar Yaqubluya azadlıq istədi

Aybəniz Haşımova: “Dövlətimizdən, bu işlə məşğul olan şəxslərdən o xanımı azadlığa buraxmağı xahiş edirəm”

Müğənni Aybəniz Haşımova Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublunun həbsinə münasibət bildirib.

“Media forum” saytına danışan Aybəniz Haşımova deyib ki, ehtiyatsızlıqdan baş verən hadisəyə görə bir xanımın həbsdə olmasını istəmir: “Bu – qəzadır. Hər birimizin başına gələ bilər. Heç kəs belə hadisədən sığortalanmayıb. Nigar Yaqublu bu hadisəni qəsdən törətməyib, əvvəlcədən planlaşdırmayıb. Kim istəyər qəza törətsin? Heç kəs istəməz. Amma bu, bir qismətdir.

Mən dövlətimizin humanistliyinə inanıram. Ona görə də dövlətimizdən, bu işlə məşğul olan şəxslərdən o xanımı azadlığa buraxmağı xahiş edirəm. Nigar Yaqublu qəzanı qəsdən törətməyib. Bir pis hadisədir, baş verib. Allah heç kəsin başına belə iş gətirməsin”.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.