“Mahir Abdullayev işi” ilə bağlı açıqlamalara keçmiş dekan da qoşuldu

“Sabah sözü gedən iş üzrə və ümumiyyətlə, cəmiyyətimizdə oxşar problemlərlə bağlı hər hansı məlumatı olanlar, iştirakçılar, əlaqələndiricilər, ayrı-ayrı faktları görüb-bilənlər danışdıqda…”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin açıqlamaları və yaydığı videogörüntülər geniş ictimai marağa və müzakirələrə səbəb olub. Ayrı-ayrı siyasətçilər, ictimai xadimlər, ekspert və mütəxəssislər bu açıqlamalar, videogörüntülər haqda uyğun mövqelərini bildirirlər, dəyərəndirmələr aparırlar. Ara-sıra dövlət orqanları da açıqlamalarla çıxış edirlər.
Bu xüsusda redaksiyamıza daha bir açıqlama daxil olub. Açıqlamanın müəllifi Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinin keçmiş dekanı, hazırda mühacirətdə yaşayan Sədiyar Zeynalovdur. Keçmiş dekan E.Abdullayevin açıqlamaları ilə bağlı ölkənin tanınmış hüquqşünaslarından biri, “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimin dəyərləndirmələrinə münasibət bildirib.
Xatırladaq ki, Ə.Kərim bir neçə gün qabaq “Azadlıq” qəzetinə geniş müsahibə verərək E.Abdullayevin qardaşı Mahirin oğurlanması ilə bağlı keçmi rektorun dediklərinə və onun özündə olan müxtəlif məlumatlara əsasən müəyyən mülahizələr səsləndirmişdi.
S.Zeynalov Ə.Kərimin fikirlərini “çoxsaylı istiqamətlərə aparan ziddiyyətli fərziyələr” adlandırır və bunların ictimaiyyəti çaşdıra biləcəyini deyir. Ə.Kərimə hüquqşünas və jurnalist kimi hörmət bəslədiyini bildirən keçmiş dekan yazır: “Məsələyə belə münasibət nəyə hesablanıb? İstintaqa kömək etməyə, yoxsa ictimai rəyə təsir etməyə? Belə fərziyələr ilk növbədə xalqı çaşdırır, onun KİV-nə inamını azaldır. Sabah sözü gedən iş üzrə və ümumiyyətlə, cəmiyyətimizdə oxşar problemlərlə bağlı hər hansı məlumatı olanlar, iştirakçılar, əlaqələndiricilər, ayrı-ayrı faktları görənlər, eşidənlər və bilənlər danışdıqda kimsəni onlara inandirmaq çətin olacaq. Çox istərdim ki, belə mürəkkəb və Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən işlərlə bağlı mütəxəsislər fikir bildirəndə bu faktı nəzərə alsınlar”.