Ziya Məmmədovun qayını 6 milyonluq mənimsəmədə ittiham olunur

Nəqliyyat naziri Ziya Məmmədovun qaynı, 74 saylı Yol İstismar Müəssisəsinin direktoru Hilal Bilal oğlu Bilalov 6 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bu barədə “Yeni Musavat” qızetinə müəssisənin sabiq baş mühasibi Məmmədrəsul Ağayev məlumat verib. M.Ağayev bildirib ki, 74 saylı Yol İstismar Müəssisəsi Zaqatala rayonunda yerləşir. İdarə dəmiryol xəttində tikinti təmir işləri həyata keçirir və tikinti materialları (qum və qırma daş) istehsal edir.

Müəssisə əsasən Yevlax-Balakən dəmiryolu üzərində kiçik stansiyaların inşası və təmir işləri ilə məşğuldur. Baş mühasibin sözlərinə görə, müəssisənin rəhbəri H. Bilalov və müavini Rüstəm Paşayev 2009-2011-ci illər ərzində dövlətə külli miqdarda zərər veriblər.

M.Ağayevin verdiyi məlumata görə, 2009-2011-ci illər ərzində müəssisə tərəfindən istehsal olunmuş 2800 vaqon tikinti materialı Bakı şəhərində satılıb: “Əldə olunan 1 milyon 500 min manat vəsait isə müəssisənin hesabına köçürülməyib. Həmin vəsait Hilal Bilalov və müavini Rüstəm Paşayev tərəfindən mənimsənilib”. M.Ağayev bildirdi ki, müəssisə istehsal etdiyi tikinti materiallarının daşınması üçün Z.Məmmədovun digər qaynı Şahin Bilalova məxsus “Trans Oil” şirkətindən vaqonlar icarəyə götürüb: “Amma həmin vaqonlar təyinatı üzrə işlədilməyib. Vaqonlar başqa şirkətlərə icarəyə verilib. Vaqonların icarəyə verilməsindən əldə edilən 4 milyon 800 min manat vəsait müəssisənin hesabına köçürülməyib”. M.Ağayev bildirdi ki, həmin vaqonlarla Mingəçevir, Qazax, Bərdə, Lənkəran və digər rayonlara yük daşınıb: “Halbuki 74 saylı Yol İstismar Müəssisəsi adı çəkilən rayonlarda iş görmür”.

Baş mühasibin bildirdiyinə görə, müəssisənin rəhbərliyi olduqca baha qiymətə texniki vəsaitlər (avtomobil, traktor və s.) icarəyə götürüb. Halbuki, həmin qiymətə yeni texniki vəsaitlərin alınması mümkündür”.

M.Ağayev bildirib ki, H.Bilalov və müavini R.Paşayev qısa müddət ərzində Zaqatala rayonunda 3 villa inşa ediblər: “Hilal Bilalova və Rüstəm Paşayevə məxsus 2 villa Zaqatala rayonu Yuxarı Tala kəndi Tala prospektində, digər villa isə Zaqatala şəhərinin ”Qala düzü” ərazisində yerləşir”.

M.Ağayev baş verən qanun pozuntuları barədə Nəqliyyat Nazirliyinin müfəttişliyinə məlumat verdiyini lakin heç bir ölçü götürülmədiyini bildirib. O həmçinin bildirib ki, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.