«Azadlıq»ın yazdıqları təsdiqlənir
Çeçenistan prezidenti Ramzan Kadırovla görüşdə ictimai, siyasi və dini həyatın çox tərəfləri müzakirə obyekti olub. Bu haqda Turan-a Qafqaz Müsəlmanları Idarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, ikitərəfli Azərbaycan-Çeçenistan əlaqələrindən Şimali Qafqazdakı ictimai-siyasi və dini duruma kimi bütöv müstəvi haqda müxtəlif səpkili söhbətlər aparılıb. Bu sırada Şimali Qafqazda din adından istifadə edən bəzi cərəyanların əslində dinə zərbə olduğu xüsusi qeyd edilib. Belə cərəyanların gəncləri öz tərəfdarlarına çevirmələri vurğulanıb. Buna qarşı mübarizə üçün ən yüksək səviyyədə maarifələndirmə işinin qurulması nəzərə çatdırılıb. Tərəflərin fikrincə, belə maarifləndirmə işi olmadığı halda bu zərərli cərəyanlara qarşı mübarizəni fayda verəcəyi şübhə altına alınıb.
Tərəflər maraq kəsb edən digər məsələləri də müzakirə ediblər.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Ramzan Kadırovun Bakıya dəvət edilməsinin arxasında Azərbaycan hakimiyyətinin şimal bölgəsindən gözlədiyi təhlükə dayanır. Separatçı “Sadval” təşkilatının fəallaşması, Rusiyanın Azərbaycandakı səfirinin şimal bölgəsinə səfəri hakimiyyətin ciddi narahatçılığına səbəb olub. Iqtidarda düşünürlər ki, Rusiya Azərbaycanda etnik speratizmi qızışdırmağı planlaşdırır. Hakimiyyət eyni zamanda anlayır ki, gözlənilən təhlükə Şimali Qafqaz respublikaları vasitəsilə yaradıla bilər. Bu baxımdan da həmin respublikaların rəhbərlərilə görüşlər keçirərək gözlənilən təhlükənin az da olsa qarşısını almağa çalışır. Onu da qeyd etmişdik ki, hakimiyyət Ramzan Kadırovun Bakıya dəvət olunmasında Allahşükür Paşazadənin Şimali Qafqazdakı nüfuzunudan yararlanıb. Yaxın vaxtlarda Şimal Qafqazın digər respublika rəhbərlərinin də Bakıya dəvət olunacağı gözlənilir.


