Yaxın vaxtlarda Moskvada bəzi bazarlar bağlanacaq
Şimal qonşumuzdan həyəcanlı məlumatlar gəlməkdədir. Bəzi məlumatlar isə birbaşa azərbaycanlıların yaşamaq probleminə aiddir. Belə ki, Rusiya paytaxtında 20-dək bazarın ləğv olunacağı bildirilir.
“ANSpress”in məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-dək ləğv ediləcək. Gələn il paytaxtda cəmi 48 bazar fəaliyyət göstərəcək və tədricən onlar da bağlanacaq. Bazarların bir çoxunun yerində parklar salınacaq, avtomobil dayanacaqları tikiləcək. Bağlanan bazarlar arasında “Çerkizovo”dan sonra 2 ən böyük əşya və kənd təsərrüfatı bazarları olan “Lujniki” və “Prajski” də var. Paytaxt meri deyir ki, bu tədbirlər Moskvada tıxacların qarşısını almağa kömək edəcək. Lakin bu xəbər hazırda Moskvada yaşayan və bazarlarda gündəlik çörək pullarını çıxaran həmyerlilərimizi indidən təşvişə salıb. Çünki bazarların bağlanması ilə minlərlə həmyerlimizin işsiz qalması və Azərbaycana qayıtmaq problemləri yarana bilər.ÿ
Iqtisadçı ekspertlər isə bildirirlər ki, Moskva bazarları bağlanacağı təqdirdə bu, Azərbaycan iqtisadiyyatına bu və ya başqa formada təsirsiz ötüşməyəcək. Çünki orada çalışan başqa miqrantlarla yanaşı azərbaycanlılar da qazanclarının böyük bir qismini öz ölkələrinə göndərirlər.
Iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Moskvada bazarlar bağlansa da çox güman ki, alternativ iş yerləri açılacaq.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, hazırda Rusiyada təxminən 1.5 milyon, rəsmi məlumatlara əsasən isə 650 000-ə yaxın Azərbaycan vətəndaş yaşayır. Moskva bazarlarında işləyən soydaşlarımız ölkəmizə orta hesabla ayda təxminən 140-150 dollar pul göndərir. Ümumilikdə isə onların hesabına hər il Rusiyadan Azərbaycana təxminən 720 milyon dollar vəsait daxil olur.
Ekspert Əlövsət Əliyev söyləyir ki, əslində, bu, Rusiya merinin deyil, hələ baş nazir olduğu vaxtdan Vladimir Putinin irəli sürdüyü və hazırda da davam edən siyasətdir. Ə.Əliyevə görə, Rusiya Federasiyasına daha çox təhsilli miqrantların cəlb edilməsi yönündə iş aparılır: “Azərbaycandan xaricə gedənlər içində təhsilsiz və orta təhsilli şəxslərin çoxu Rusiyaya gedənlərdir. Rusiya da miqrantların bu istiqamətdə qarşısını almaq üçün rus dilini bilməsi tələbini qoyur və başqa sahələrdə də islahatlar aparır. Təhsil səviyyəsi aşağı olan miqrantların Rusiyadan uzaqlaşdırılması üçün müxtəlif iş yerlərinin təxirə salınması işi aparılır. Eləcə də bazarların bağlanması deyil, orada baş verən hadisələrlərin qarşısını almaq siyasəti aparılır”.


