Rusiya XIN: «ABŞ Konqresinin «Maqnitski qanunu»nu qəbul etməsi Rusiyaya qarşı təxribat hücumudur»
“ABŞ Konqresinin Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında ”Maqnitski qanunu”nu qəbul etməsi Rusiyaya qarşı təxribat hücumudur”. APA-nın məlumata görə, bunu Rusiya Xarici Işlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Konqresin aşağı palatasının anti-Rusiya qanun layihəsini qəbul etməsini şərh edən XIN nümayəndəsi Konqresin bu addımının Rusiya-ABŞ münasibətlərinin ümumi atmosferinə mənfi təsir edəcəyini söyləyib:
“Konqresin bu addımına bizim tərəfimizdən sərt cavab olacaq. Konqresdə kimsə antisovet düzəlişi olan Cekson-Venik qanun layihəsini yeni insan hüquqlarından “narahatlıq” haqqında qanunla əvəz edərək, Rusiya ilə sanksiya və ultimatum dilində danışmağın mümkünlüyü barədə fikirləşirsə, bunun heç bir perspektivi olmayacaq. Biz məsləhət görürük ki, ABŞ öz ölkəsində insan hüquqlarının vəziyyətinə baxsın. Mərkəzi Kəşfiyyat Idarəsinin gizli həbsxanalarında baş verənlər, xarici vətəndaşların oğurlanması, Quantanamo həbsxanasında məhkumlara verilən işgəncələr barədə biz danışmışıq və o vaxta qədər danışacağıq ki, başqalarını öyrətməyə vərdiş etmiş ABŞ siyasətçiləri bunu anlasınlar”.
A.Lukaşeviç bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı real hörmət prinsipləri əsasında faydalı əməkdaşlığın inkişafı üçün dialoqa açıq olduqlarını söyləyib:”Ümid edirik ki, ABŞ-ın icraedici hakimiyyəti bunun ikitərəfli münasibətlərə təsirinin nə ilə nəticələnəcəyini hesablayacaq. Illüziyalar olmamalıdır. Bizim tərəfimizdən cavab tədbirləri mütləq görüləcək. Buna görə məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşür”.
Qeyd edək ki, ABŞ Konqresinin aşağı palatası “Ticarət haqqında” qanuna Cekson-Venik düzəlişini ləğv edib. Lakin bunun əvəzinə Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında “Maqnitski qanunu” layihəsini qəbul edib. Bu qanuna görə, Rusiyada insan hüquqlarının pozuntusunda adı hallanan siyasətçilərə, ümumilikdə Rusiya vətəndaşlarına viza və maliyyə sanksiyaları tətbiq ediləcək.
“Maqnitski qanunu” Rusiyada həbsxanada vəfat edən hüquq müdafiəçisi, vəkil Sergey Maqnitskinin adı ilə bağlıdır.


