eabdullayev-yenivideo

Vəkil 5 milyonluq rüşvət məsələsini təsdiqlədi

Aslan İsmayılov: «Gülər Əhmədova olayı» saxta parlamentin sübutudursa, bu olay saxta məhkəmə sisteminin sübutudur»

Vəkil Aslan Ismayılov keçmiş rektor Elşad Abdullayevin “Azadlıq”a göndərdiyi videogörüntülərin Zülfüqarlı qardaşları ilə bağlı hissəsinə dair “Turan”a şərh verib. Vəkil danışan şəxsin uzun müddət Nərimanov Rayon Məhkəməsinin sədri, indisə Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Ağababa Babayev olduğunu bildirir.
A.Ismayılov hüquqlarını müdafiə etdiyi Zülfüqarlı qardaşlarının başına gətirilən müsibətlər haqda bu hakimin dediklərinin doğru olduğunu bildirir. Çünki Zülfüqarlı qardaşları barədə həbs qərarı verən, eləcə də həbsdən azad edən bu hakimdir. Amma hakim sifarişi yerinə yetirdiyini, Zülfüqarlı qardaşlarının 5 milyon manat verərək azad edildiklərini, ona isə bir şey çatmadığını bildirir.
A.Ismayılov hakimin videogörüntülərdə söylədiyini iki ildir ki, dediyini, amma sübuta yetirə bilmədiyini nəzərə çatdırıb. “Hakimin sifariş yerinə yetirməsi rəzalətdir. ”Gülər Əhmədova olayı” ölkədə saxta parlamentin sübutudursa, bu olay saxta məhkəmə sisteminin, bütünlükdə isə dövlətçiliyin təhlükədə olmasının sübutudur”,- deyə A.Ismayılov vurğulayıb.

Videogörüntüsü yayılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev isə APA-ya açıqlamasında E.Abdullayevin onu şantaj etdiyini bildirib: “Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işi ilə bağlı ifadə vermişəm. Ifadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm”.
Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir: “Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub, nədir, bilmirəm”.
A.Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib: “Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. Işə də getmirəm”.