Əli Kərimli: “Bütün dünyaya bəyan etdilər ki, İlham Əliyevin repressiyaları bu xalqı susdurmaq iqtidarında deyil”
İsa Qəmbər: “Bir daha xalqın parlamentə etimadsızlığı, inamsızlığı göstərildi”
İctimai Palatanın Koordinasiya Şurasının üzvləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər ictimai-siyasi fəaalrın “Facebook” vasitəsilə noyabrın 17-də təşkil etdikləri “Parlament buraxılsın” tələbli aksiyaya münasibət bildiriblər.
AXCP sədri Əli Kərimli yaydığı açıqlamada bunları qeyd edib: “Qarabağı azad, millətimizi müstəqil etmək, xalqımızı totalitar idarəetmədən azadlığın, ədalətin təntənəsinə qovuşdurmaq eşqilə 24 il bundan əvvəl bir yola çıxdıq. Xalqımızın tarixinə Milli Dirçəliş günü yazdıq. Amma hədəflərimizə tam yetişməmişik. Xalqımız hələ də “simasız quldurların” əsarətindədir. Əziyyətlə qurduğumuz dövlət cinayətkarların hamisinə çevrilib, sərvətlərimiz hər gün talan olunur. Belə bir vəziyyətdə Milli Dirçəliş gününü kütləvi etirazları bərpa etməklə qeyd etmək çox yerinə düşdü. Bu gün 100-lərlə fədakar, mübariz həmvətənimiz bütün maneələri aşaraq şəhərin mərkəzində “Parlament buraxılsın!” tələbilə növbəti aksiyanı keçirdilər. Bütün dünyaya bəyan etdilər ki, İlham Əliyevin həyata keçirdiyi repressiyalar bu xalqı susdurmaq iqtidarında deyil. Xalqımız saxta parlamentin, başdan-ayağa saxta, qeyri-legitim olan hakimiyyətin varlığı ilə barışmayacaq. Mübarizə davam edəcək. Bu gün etiraz aksiyasına qoşulmuş xanımlar, bəylər, gəncər həbs olunmağı, döyülüb xəsarət almağı, cərimələnməyi göz önünə alaraq hüquqları hər gün əlindən alınan qorxudulan, əzilən, sərvətləri talan edilən xalqımızın haqq bağıran səsi oldular. Azərbaycanda azadlığın və ədalətin təntənəsi naminə risqli və məhrumiyyətlərlə dolu mübarizə yolunu seçmiş, bu yolda yürüyən hər bir vətəndaşımıza təşəkkür edirəm. Milli Dirçəliş bayramınız mübarək olsun!”.
Müsavat partiyasının başqanı İsa Qəmbər “Azadlıq”a açıqlamasında aksiyanın baş tutduğunu və bu aksiyanın bir sıra özəl cəhətlərinin olduğunu bildirdi. “Aksiyanın bir neçə özəlliyi var. Birincisi, bu aksiya da ayrı-ayrı siyasi təşkilatların deyil, sosial şəbəkədəki fəalların təşəbbüsü ilə keçirilib. Təbii ki, aksiyada müsavatçılar, cəbhəçilər və başqa partiyaların gənclər təşkilatlarının üzvlərinin fədakarlığı xüsusilə qeyd olunmalıdır. İkinci önəmli cəhət bundan ibarətdir ki, parlamentin buraxılması tələbi ilə aksiya keçirildi. Bir daha xalqın, cəmiyyətin, demokratik düşərgənin parlamentə etimadsızlığı, inamsızlığı göstərildi. Bu, xüsusilə Elşad Abdullayevin video materiallarının ortaya çıxması zəminində diqqətəlayiqdir. Çünki bu videolar parlamentin saxta olduğunu bir daha sübut etdi. Üçüncü maraqlı cəhət ondan ibarət idi ki, bu dəfə mülki geyimlilərlə yanaşı, polis geyimli olanlar da çox böyük fəallıq göstərirdilər. Məncə, burada polis rəhbərliyinin özünü hakimiyyətə, rejimə bir daha nümayiş etdirmək məqsədi güdülürdü. Polis rəhbərliyi, DİN bir daha hakimiyyətə öz zəruriliyini, lazımlılığını nümayiş etdirmək istəyirdi”.
İsa Qəmbərin fikrincə hakimiyyət xalqdan, demokratiydan qorxduğunu nümayiş etdirdi: “Hakimiyyət bu aksiyanı yasaqlamağa çalışdı. Dinc aksiya iştirakçılarına qarşı polis çox kobud zorakılıqla cavab verdi. Bütün iştirakçılara – gənclərə, xanımlara, eyni zamanda jurnalistlərə qarşı kobud davrandı. Bütün bunlara baxmayaraq fədakar insanların dəyərini yüksək qiymətləndiririk”.
Ramin DEKO


