Əlövsət Osmanlı: «Faiq Şahbazlı bu məsələdə baş günahkar deyil, baş günahkarın buyruq quludur»
Son zamanlar elektron və yazılı KIV-də dərslik məsələsi yenidən gündəmə gəlməyə başlayıb. Dərsliklərin seçimi zamanı baş verən əyintilər və onların həddən artıq biabırçı vəziyyətdə olması günümüzün əsas mövzularından birinə çevrilib. Xatırladırıq ki, mətbuatda bu vəziyyətin yaranmasının əsas səbəbkarlarından biri, bəlkə də birincisi kimi Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı göstərilir.
Nədən bütün fikirlər Faiq Şahbazlıya fokuslaşıb? Doğrudanmı o, elə gücə sahibdir ki, nazir və ya qurumun başqa rəhbər şəxsləri olan yerdə, el dili ilə desək, bu qədər at oynadır? Deyilənlər doğrudursa, onda onun günah payı nə qədərdir? Bu və bəzi başqa məsələlərin üzərinə işıq salmaq üçün təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik.
– Əlövsət müəllim, dərslik nəşri sahəsində yenə nə baş verir? TQDK-nın rəsmi monitorinqinin yekunları ortada olmasa da, hər halda, builki dərsliklər barədə məktəblərdən gələn məlumatların heç də ürəkaçan olmadığı deyilir…
– Məlumatların ürəkaçan olması mümkün də deyil. Əgər bu işin başında duranların və onu icra edənlərin məsələyə yanaşma tərzi dəyişməyibsə, onlar “dərslik” anlayışını oyuncağa çeviriblərsə, bu mümkün olası iş də deyil. Ictimaiyyət, ekspertlər, mətbuat daha nə edə bilər?! Yazırıq, tənqid edirik, sübutlar gətiririk, məhkəməyə veririk, heç tükləri də tərpənmir. Açıq-aydın şəkildə topluma və qanunlara meydan oxuyaraq deyirlər ki, bu sahəni bizə tapşırıblar, dərəbəyi bizik, ağlımız necə kəsir elə də edirik. Deyən də yoxdur ki, balam, sizin ağlınız, qabiliyyətiniz bu işə yaramır, gedin özünüzə başqa çax-çux yeri tapın!
– Yəni heç bir irəliləyiş yoxdur?
– Adi bir nümunə çəkəcəm. Baxın, dəfələrlə dərsliklərdə Azərbaycanın dövlət bayrağı tərsinə çap olunub, ölçüləri və rəngləri təhrif edilib. Bu haqda nə qədər yazmışıq, demişik, günahkarların bircəciyi də cəzalandırılmayıb. Indi açın builki dərslikləri, görün bayrağımızın rənglərində olmayan çalar varmı. Bəzən eyni səhifədəki bayraqların belə rəngləri fərqlidir. Hətta birində cırılmış bayraq şəkli verilib. Axı dövlət bayrağının ölçüləri, rəngləri, rənglərinin faiz nisbətləri qanunla tənzimlənir. Nə vaxtadək bu adamlar dövlət bayrağımıza qarşı hörmətsizlik edəcəklər?! Bayrağına hörmət etməyənlərdən dərsliklərin keyfiyyəti ilə bağlı nə gözləmək olar?
– Son zamanlar bu məsələ ilə bağlı nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının adı daha çox hallanır. Səmimi deyin, yəni doğrudanmı bu biabırçılığın başında duran odur?
– Söhbət şəxsən mənim mövqeyimdən gedirsə, həmişə bu işdə birinci şəxsin – Misir Mərdanovun adını çəkmişəm və fikrimi də dəlillərlə əsaslandırmağa çalışmışam. O ki qaldı nazirlikdə fırlanan məlum mexanizmin vintciyi olan Faiq Şahbazlıya, kimsə ondan “günah keçisi” düzəltmək istəyirsə, buyursun, bu, onun öz işidir. Amma onun da günahları az deyil, lap çoxdur. Birincisi, Faiq Şahbazlı bu işə məsul şöbənin müdiridir. Ikincisi, mətbuatın yazdığına görə, o, 2004-cü ildən dərsliklərin nəşri ilə bağlı keçirilən bütün tenderlərdə komissiya üzvü olub. Üçüncüsü, bu il keçirilən tenderdə hətta komissiya sədri olub. Nəhayət, dördüncüsü, bu dediklərimlə yanaşı, o, həm də Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin, ekspertlərinin seçilib təsdiq edilməsində ən əsas fiqurdur. Deməli, dərsliklərin bu vəziyyətə düşməsinin əsas günahkarlarından biri də odur. Amma Faiq Şahbazlı bu məsələdə baş günahkar deyil, baş günahkarın buyruq quludur…
– Onun komissiya sədrliyi deyəsən “uğurlu” olmayıb, həmin vəzifədən yarımçıq azad ediblər. Bununla bağlı hər hansı bilginiz varmı?
– Doğrusu, elə də ətraflı məlumatım yoxdur. Eşitdiyimə görə, bu, tender iştirakçısı olan nəşriyyatlardan birinin hüquq-mühafizə orqanlarına şikayəti nəticəsində baş verib. Məlum olub ki, Faiq Şahbazlının sədr olduğu müsabiqə-tenderdə onunla işgüzar əlaqəsi olan bir (ola bilər bir neçə!) nəşriyyat da iştirak edir. Bax bu, qanunlarımıza görə yasaqdır. Maraqlıdır, komissiya sədri təyin edilmiş şəxs, yaxud onu bu vəzifəyə təyin edən nazir doğrudanmı qanunları bilmir?! Inanılası iş deyil. Bilirsniiz niyə? – Çünki mətbuat ötən illərdə Mərdanova qanununların həmin qadağasını dəfələrlə xatırladıb. Deyib ki, Faiq Şahbazlının oğlu tenderdə iştirak edən nəşriyyatlardan birinin məsul işçisidir, çıxarın onu komissiyanın tərkibindən. Çıxarmayıb. Ötən il onun qızının müsabiqə-tenderdən iki dərsliyi “qalib” çıxıb. Yenə xatırladıblar ki, bu, qanuna ziddir, Şahbazlı həmin komissiyada ola bilməz. Nəinki deyilənləri qulaqardına vurublar, hətta onu builki komissiyaya sədr təyin eləyiblər. Indi də yaxası keçib qanunun cənginə…
– Belə qanunsuzluq mühitində dərslik nəşri sahəsində keyfiyyətli dəyişikliyi yaratmaq, doğrudan da ağlabatan deyil. Necə fikirləşirsiniz, TQDK-nın monitorinqləri nəyisə dəyişə biləcəkmi?
– Bu haqda bir şey söyləmək məncə, hələ tezdir. Seminarlar, müzakirələr təzəcə başlayıb. Aldığım informasiyalara əsaslanıb onu söyləyə bilərəm ki, TQDK bu sahədə istiqaməti düzgün götürüb. Təki finalı da yaxşı olsun! Indi maraqlı proseslər gedir. Neçə illərdən bəri bircə dərsliyin belə müzakirəsini keçirə bilmədiyimiz Faiq Şahbazlı TQDK-nın müzakirələrinə qaça-qaça gedir. Amma siz elə bilirsiniz o xeyirliyə gedir? Yox, məncə, onun əsas məqsədi müzakirələrdə tənqidi fikir söyləyən müəllim və mütəxəssisləri qeydə alıb sonradan gözlərini həmişəki kimi qorxutmaqdır…
– Əlövsət bəy, riyaziyyatçı-alim kimi, sizin builki 1-ci sinif riyaziyyat dərsliyi haqqında fikriniz necədir? Şəxsən mənim ibtidai sinif müəllimi olan yaxınlarım bu kitabdan narazılıq eləyirlər…
– Bilirsiniz, göz yaşı tökməkdən artıq keçib. Ölkənin riyaziyyat ictimaiyyəti və müəllimləri artıq öz sözlərini deməli, Misir Mərdanovdan bununla bağlı açıqlama tələb etməlidirlər. Tutalım, onun başqa fənlərdən başı çıxmır, riyaziyyatdan ki, çıxır. Niyə bir belə şikayətə rəğmən, bircə dəfə də olsun o, dərsliyi əlinə alıb vərəqləmir, içərisindəki rəzalətləri görmür. Ötən tenderin qalibi olan 1-ci sinif “Riyaziyyat” komplektində 1000-dən artıq ciddi səhv vardı. Mətbuat nə qədər yazdı-pozdu, nəticəsi nə oldu?! Bu il də həmin müəlliflərin “yeni” dərsliyini qalib elan ediblər. Mən deyəndə ki, onlara dərslik yazdırmaq olmaz, bu, onların boyundan çox-çox yuxarıda olan məsələdir, eşitmədilər. Indi bəyan edirəm: Keçən dəfəki dərslik builkinin yanında toya getməlidir. O ki, qaldı bu haqda konkret iradlarıma, sağlıq olsun, yaxın günlərdə bu haqda mətbuatda oxuyacaqsınız…
Ramin DEKO


